İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Müsahibimz Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü Ellada Həsənovadır.
- Ellada xanım, xoş gördük sizi. İstərdik rəhbərlik etdiyiniz qalereya haqqında bizə qısaca məlumat verəsiniz.
- Sumqayıt şəhər Dövlət Rəsm Qalereyası respublikanın direktiv orqanlarının qərarı ilə 1967-ci ildə Sumqayıt şəhər Sərgi salonu kimi təsis olunmuşdur. 1981-ci ilə qədər Azərbaycan Rəsmlər Qalereyasının filialı kimi fəaliyyət göstərmişdir. 1981-ci il dekabrın 31-də Azərbaycan Respublikası Nazirlər kabinetinin 583 № li sərəncamı ilə Sumqayıt Dövlət Rəsm Qalereyası statusunu almışdır. Hazırda qalereyanın əsas fondunda 352, köməkçi fondunda 42 əsər qorunub saxlanılır.
Milli ədəbiyyata və incəsənətə qayğısını heç zaman əsirgəməyən Ulu Öndər Heydər Əliyev bir necə dəfə Sumqayıt Dövlət Rəsm Qalereyasına baş cəkib, buranın zəngin fondu ilə tanış olub, öz xeyir-duasını verib, yaradıcı insanların problemləri ilə maraqlanıb.
Ölkəmizin inkişaf dinamikasının bir parçası olan şəhərimiz həmişə özünəməxsus uğurlarıyla xüsusi diqqət cəlb etmişdir. Sumqayıt nəinki başqa sahələrdə, eyni zamanda, mədəniyyət və incəsənət sahəsində də irəliyə doğru addımlamışdır. Bu da Ümummilli Liderin və onun layiqli davamçısı cənab İlham Əliyevin diqqət və qayğısının aydın təzahürüdür.
Olkə başçımızın “Hər bir azərbaycanlı mədəniyyətimizin inkişafına və onun təzahür tapmasına kömək etməlidir” fikrinə əsaslanaraq Sumqayıt şəhər Dövlət Rəsm Qalereyasının kollektivi əhalinin geniş təbəqəsi arasında təsviri və tətbiqi incəsənət əsərlərinin təbliğ olunmasında əhəmiyyətli rol oynayır. Qalereyada respublikamızın tanınmış və gənc rəssamlarının fərdi sərgiləri, ustad dərsləri, müsabiqələr, festivallar, habelə ümumşəhər tədbirləri keçirilir.
-Söz yox ki, qalereyanızda Azərbaycan təsviri incəsənətinin inkişafında mühüm rolu olan bir çox xalq rəssamlarının, həvəskar rəssamların, xarici ölkə rəssamlarının fərdi sərgiləri vaxtaşırı nümayiş olunub. Ümumiyyətlə, son illərdəki fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
- Bəli, düzgün vurğuladınız. Qeyd edim ki, qalereyamızda sərgilərimiz mövzuca daha rəngarəng olması ilə seçilir. "Sumqayıt – doğma şəhərim mənim", "Narkomaniya — əsrimizin bəlasıdır", III Respublika karikatura sərgisi, Azərbaycanda məskunlaşan məcburi köçkün uşaqların rəsm əsərlərindən, məktəblilərin dekorativ – tətbiqi sənət sahəsinə aid olan əl işlərindən ibarət olan sərgilər, "Gənclər şəhərinin palitrası", “Xalq Sənətkarlarının İnteraktiv Sərgisi", Sumqayıt rəssamlarının əsərlərindən ibarət "Rənglərin aləmi" adlı sərgilər, gənc rəssamların fərdi sərgiləri, məktəblilər arasında sərgi-müsabiqə, "18 Oktyabr-Dövlət Müstəqilliyi Günü", "17 Noyabr-Dirçəliş Günü", “15 İyun-Qurtuluş Günü", "31 Dekabr" – Dünya Azərbaycanlılarının Həmrəylik Günü", "20 Yanvar", "Xocalı" faciəsi, "31 Mart – Azərbaycanın soyqırımı günü" son illər təşkil olunan layihələr və sərgi-tədbirlər sırasındadır. “Heydər Əliyev-100 il” çərçivəsində silsilə sərgi-tədbirlərimiz böyük ehtiramla izlənilib. “Qarabağın tacı – Şuşa” adlı peşəkar rəssamların rəsm və dekorativ – tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgimiz də maraqla qarşılanıb.
Evdə Fərdi Təhsil Məktəbinin rəssamlıq bacarığı olan, fiziki imkanları məhdud 15 şagirdinin 70-dən çox əl işini nümayiş etdirmişik.
Şəhərimizdə şəhid ailələrinin üzvləri və qazilər daim diqqət mərkəzində saxlanılır. Buna nümunə olaraq şəhid övladlarının asudə vaxtlarının səmərəli keirilməsi məqsədilə ustad dərsləri təşkil etmişik.
Bundan əlavə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində şəhid-rəssam Rauf Məhərrəm oğlu İbadovun “Sizə yadigar qalsın” adlı fərdi sərgisində boyakarlıq nümunələri maraqla izlənilib.
Həmçinin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr etdiyimiz “Sənə Xidmətdən Qürur Duyuruq, Vətən!” layihəsi çərçivəsində “ Sizi Xatırladır” adlı sərgi-tədbirlərimiz uğurla qarşılanır.
Rəssamlarımız “Rəngin Harmoniyası Sənəd Mübadiləsi” adlı sərgidə də iştirak ediblər. Qusar Dövlət Rəsm Qalereyasında keçirilən bu sərgidə həm Sumqayıt, həm də Qusar rəssamlarının 44 günlük Vətən müharibəsini əks etdirən 40-dan çox əsəri nümayiş olunub.
Qaleraymız ali təhsil ocaqlarının, kolleclərin tələbələrinin, orta məktəb şagirdlərinin də sevimli məkanına çevrilib. Onlar burada nümayiş olan vətənpərvərlik, Azərbaycanın, Sumqayıtın tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər mövzusunda və ölkəmizin füsünkar təbiətini özündə əks etdirən sənət əsərlərini - miniatürləri, tabloları və əl işlərini həvəslə izləyirlər.
Bu gün Sumqayıtda elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın. Rəssamlarımızın əsərləri ilə mütəmadi tanış olan sakinlərimiz bu cür tədbirlərin həyata keçirilməsinə görə şəhər icra hakimiyyətinin başçısı cənab Zakir Fərəcova minnətdarlıq edib, ən xoş arzularını bildirirlər.
-İşinizi hansı prinsiplər əsasında qurursunuz?
-Öncə diqqətə çatdırım ki, işimizdən zövq alırıq. Ən əsası peşəkarlığa, kreativ ideyaları həyata keçirməyə önəm veririk. Xalqmızın milli-mənəvi dəyərlərini, mədəniyyətini, etnoqrafiyasını ehtiva edən, vətənpərvərlik mövzulu tədbirləri gerçəkləşdirməklə, Zəfər salnaməmizi təbliğ etməklə, gələcək nəsillərə çatdırmaqla incəsənətin əlahiddə missiyasını yerinə yetirməyə, şəhər mədəniyyətini daim qorumağa, inkişaf etdirməyə, qaleraymızı yeni əsərlərlə zənginləşdirməyə çalışırıq. Sərgilərimizin primitiv deyil, daha maraqlı olması əsas məqsədimizdir. Mövzu seçimlərimiz sərbəst olsa da, tematik mövzulara da vaxtaşırı müraciət edirik. Başlıca vəzifəmiz rəssamlarımızı tanıtmaqdır. Bunun üçünsə daim lazımi tədbirlər görürük. Təəssüfümü də bildirim ki, rəssamlarımızın satış-sərgisindən əldə edilən maddi vəsait ürəkaçan deyil. Buna da səbəb bəzi insanlarımızın bu sahəyə dəyər verməsinə az maraqlı olmasıdır.
Bir sözlə, Sumqayıtın mədəni həyatına mühüm töhfələr bəxş edən, rəssamların tanınmasına hər zaman təkan verən qalereyamızın ab-havasının daha füsunkar olması üçün bütün mövcud imkanlarımızı səfərbər etməyə çalışırıq.
-Sizə məqsədyönlü fəaliyyətinizdə böyük uğurlar arzu edirik!
“Ədəbiyyat və incəsənət”
(21.11.2024)