BİR QÜLLƏNİN SİRRİ Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

          Sizə  Oğuz rayonundakı qədim, amma çox qədim tarixi hadisələrin şahidi olmuş, turistlərin də hədsiz maraq göstərdikləri  Muxas  qülləsindən söz açmaq istəyirəm.Bu qüllə Oğuz rayonunun Muxas kəndinin şimalında, Daşağıl keçidinin qarşısında, Daşağılçayın sol sahilində yerləşir. İnventarlaşdırılaraq rayonun yerli əhəmiyyətli abidələri siyahısına daxil edilmişdir. 

 

          Qüllə yerləşdiyi dağ yamacının relyefinə uyğun olaraq şimal, cənub və qərb tərəfləri düzbucaqlı, şərq tərəfi isə yarımdairəvi formada tikilmişdir. Abidənin ətrafında hasar yoxdur. Qüllənin perimetri 24,7 metrdir. Qüllə qalığının hündürlüyü 11,6 metr, diametrinin qalınlığının hündürlüyü 11,6 metr, divarlarının qalınlığı aşağı hissədə 1,5 metr, yuxarı hissədə bir metrdir. Qüllənin özünəməxsus xüsusiyyətindən biri də odur ki, onun yerdən giriş qapısı yoxdur. Deyilənə görə, qülləyə asma nərdivanla daxil olurmuşlar. Bunu qüllənin qərb divarının hündürlüyündə qapı yerinin olması da sübut edir. Qapı kvadrat formalı olub, qüllənin içərisinə doğru iki pillə ilə enir.  

       Muxas qülləsi üçmərtəbəli olmuşdur. Onun birinci və ikinci mərtəbələri yaxşı qalmış, üçüncü mərtəbəsinin yuxarı hissəsi uçub dağılmışdır. Muxas qülləsi çay daşı və kirəcməhlulundan tikilmişdir. Daşların içərisində 1 x 0,5 x 0,5 metr ölçüdə iri düzbucaqlı sal (qaya daşı) daşlar da var. Tikintidə cərgə üsulu hörgüsündən istifadə edilmişdir.  Tədqiqatçılar qüllənin tikilmə üsuluna görə Bakı, Ramana və Nardaran qalalarına oxşadığını yazırlar.

      Arxeoloq F.Qədirov 1965-ci ildə burada iki sahədə, qüllənin qərb və şərq divarlarının dibində kəşfiyyat qazıntısı aparmışdır. Qazıntı zamanı çoxlu sayda şirli və şirsiz, cızma naxışlı saxsı məmulatları (qazan, kasa, bardaq, boşqab, xeyrə və s.) tapılmışdır. Arxeoloq “Azərbaycanın şimal müdafiə istehkamları” əsərində göstərir ki, bu qala təxminən IX əsrdə tikilmiş, ondan XIV əsrədək istifadə edilmişdir. 

        AYB-nin üzvü, şair-tədqiqatçı Y.Rzayev isə özünün “Oğuz abidələri” kitabında qalanın ilk öncə atəşpərəstlik təlimi və ayinlərini icra etmək üçün, həm də IX əsrdə yox, ondan çox-çox əvvəllər tikildiyini ehtimal edir. 

       Muxas qülləsi tikinti xüsusiyyətlərinə və inşaat materiallarıan görə Qəbələ şəhəri müdafiə istehkamlarını xatırladır.

       Tədqiqatçıların yekdil fikrinə görə, qüllə qarovul məntəqəsi kimi düşmən qoşunlarının hərəkətini müşahidə etmək rolunu daşımışdır. Orta əsrin gözətçi məntəqələri kimi Muxas qülləsi də yadelli işğalçılardan, qəfil basqınlardan qorunmaq üçün tikilmişdir. Qəfil düşmən basqınlarını ilk dəfə buradan görüb el-obaya xəbər verirmişlər. Bəd xəbəri tez çatdırmaq üçün gecə tonqallardan, gündüzlər tüstüdən və çaparlardan istifadə etmişlər.

    Muxas qülləsinin təxminən 40 km cənub-şərq tərəfdə yerləşən qədim Qəbələ şəhəri xarabalıqlarının varlığına əsasən də demək olar ki, bu qüllə bir qarovul məntəqəsi kimi Qəbələ hakimlərinin əlində olmuş və şimal tərəfdən Daşağıl keçidi vasitəsi ilə olan hərbi təhlükənin qarşısını almaqda müşahidə əhəmiyyəti daşımışdır.

     S.Mürvətqızı “525-ci qəzet”də çap olunmuş “Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir” məqaləsində yazır ki, “Tarixi mənbələrə görə, Böyük Qafqaz sıra dağlarından Azərbaycana keçmək üçün 13 dağ keçidi var. Onlardan ikisi Oğuz rayonu ərazisində yerləşir və həmişə də bu keçidlər fəal rol oynayıb. Tarixin müxtəlif dönəmlərində həmin keçidlər vasitəsilə yadellilər Azərbaycan ərazisinə hücumlar edib. Təsadüfi deyil ki, məsələn, Daşağıl keçidinin qarşısında Muxas qülləsi yerləşdirilib. Bu abidə eramızın VI-VII əsrlərinə aid müdafiə istehkamı rolunu oynayan, Alban dövlətinə xas olan bir abidədir. Yerli camaatın-Daşağıl əhalisinin dediklərinə görə, orada Qaravul dərəsində onların ilk keşikçi dəstəsi dururdu. Düşmən buradan hücum edəndə onlar tonqal yandırıb Muxas qülləsinə xəbər verirmişlər. Muxas qülləsindən bu xəbər tonqalla Malux qalasına ötürülürdü. Oradan da Aydınbulaq, daha sonra Göyçayın Gavur qalasına, oradan isə indiki Çuxurqəbələ ərazisində yerləşən Gavur qalaya məlumat ötürülürmüş. Beləliklə, həmin hücumdan cəmi 10-15 dəqiqə sonra Albaniyanın paytaxtında (Qəbələdə) məlum olurdu ki, şimal keçidini düşmənlər pozublar. Düşmənin qarşısını almaq üçün ilk hərbi dəstənin yerləşdirildiyi yer də Malux qalası (Muxas qülləsindən 10-15 km. cənubda yerləşən bu qala-şəhər e.ə.təxminən II əsrdə yaranmış, XIII-XIV əsrlərdə tənəzzülə uğramışdır-İ.V.) olub. Burada sayı 1000-1500 nəfərə çatan hərbi dəstə yerləşirmiş”.

         Yuxarıda da qeyd etdiyimiz kimi, unikal bir məkanda mövqe tutan və  rayon tarixinin nişanələrindən olan Muxas qülləsi turistlərin xüsusi maraq göstərdiyi tarixi memarlıq abidələrindən biridir. Hər il buranı xeyli sayda yerli və xarici turist ziyarət edir. Zənn edirik ki, abidədə  təmir və bərpa işləri aparılarsa, yolu təmir olunarsa, ətrafında abadlıq işləri görülərsə, turistlərin sayı daha çox olar.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

 

 

 

                                                                 

          

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.