QUBA XAN SARAYI – mədəni irsimizi tək qorumalı deyil, həm də itirdiklərimizi bərpa etməliyik Featured

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadənin olduqca maraqlı yazısını təqdim edir. Söhbət tarixə qovuşmuş Quba Xan Sarayının bərpa edilməsi perspektivləri barədədir.

 

 

“Mən çox şadam ki, Azərbaycanın qədim torpağı olan Quba inkişaf edir”.

                                            İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti

 

Xalqlar min illərdir ki, öz mədəni irsini formalaşdırırlar, hər bir kəsin də ən ümdə vəzifəsi bu irsi qorumaq olur. İmtiyaz sahiblərinin, əlaqədar təşkilatların isə daha bir funksiyası müəyyən səbəblər üzündən tam itmiş, yaxud zədələnmiş, təsirə məruz qalmış artefaktları bərpa etməkdir.

Azərbaycanın ən dilbər guşələrindən biri olan Qubanın əsrlərin sınağına tab gətirə bilməyən və yer üzündən silinən Xan Sarayının aqibəti bir qubalı olaraq uşaqlıqdan məni düşündürüb, zamanəsinin bu möhtəşəm tikilisi barədə ata-babaların ürək ağrısı ilə danışdıqlarından mən də təsirlənmişəm.

Ağlım kəsəndən Qubamızı bu sarayla təsəvvür etmiş, sarayı eyni dövrdə - Xanlıqlar dövründə inşa edilmiş və dəfələrlə baş çəkdiyim Şəki Xan Sarayının ekiz tayı kimi təsəvvür etmişəm.

Quba Xan Sarayını bərpa etməklə tariximizin daha bir şanlı səhifəsini vərəqləmək imkanına malik ola bilərikmi?

Niyə də yox?

 

1.

Quba Xan Sarayı barədə danışmazdan öncə çox vacibdir ki, sarayın inşa edildiyi dövrə – XVIII əsrin ortalarına nəzər salaq, həmin dövrdə Quba xanlığının iqtisadi-siyasi və mədəni gücü barədə yazılan mənbələrə müraciət edək. Çünki mədəniyyət, o cümlədən də onun bir qolu olan memarlıq və şəhərsalma bilavasitə dövrün siyasi-iqtisadi mənzərəsinin təsiri ilə formalaşır.

Quba xanlığı 1726–1810-cu illərdə Azərbaycanın şimal-şərqində mövcud olmuş ən güclü tarixi feodal dövlətlərdən biri olub. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan qoyub. O, əvvəlcə xanlığı hakim kimi, 1747-ci ildə hakimi-mütləq olan Nadir şah Əfşarın ölümündən sonra isə müstəqil idarə etməyə başlayıb.

Xanlığın iqamətgahı əvvəlcə Xudat qalası, 1735-ci ildən Quba şəhəri olub. Quba şərq üsulu ilə divar və qalalarla möhkəmləndirilmiş bir şəhər idi. Xanlıq şərqdə Xəzər dənizi,  şimalda Dərbənd və Tabasaran əraziləri, qərbdə Şəki, cənubi-qərbdə Şamaxı, cənubda isə Bakı xanlıqları ilə həmsərhəd idi.

Qubanın yaranma tarixi və Quba toponimi barədə də danışmalıyıq, belə ki, bu mövzular uzun zamanlar mübahisə predmeti olmuşdur.

Quba yaşayış məskəninin tarixi səhvən XVIII əsrin əvvəllərinə aid edilir, Hüseynəli xanın adi ilə bağlanır. Halbuki, Hüsynəli xan, qeyd etdiyimiz kimi, Quba şəhərinin yox, Quba xanlığının əsasını qoyub. Qubanın gerçək tarixi isə  miladın 4-cü əsrinə aiddir. Quba rayonu ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində 60-dan yuxarı arxeoloji abidə aşkarlanmışdır. Tanınmış tarixçi, arxeoloq Cabbar Xəlilov indiki Quba şəhəri ilə Nərimanoba kəndi arasında, Ağçayın sol sahilində yerləşən Sandıqtəpə şəhərgahında və qəbristanlığında aparılan qazıntılar zamanı oradan qədim Quba şəhərinin xarabalıqlarını aşkar etmişdir.

Halbuki, yazılı mənbələrdə də “XVIII əsrin əvvəlləri” versiyasını alt-üst edən faktlar az deyildi, sadəcə, alimlərimiz uzun illər inadla real olanı təkzib etməklə məşğul idilər.

Baxın, orta əsrlərdə venesiyalı diplomat Amvrosi Kontarini özünün “Səfərnamə” əsərində yazırdı:

“…Biz Şamaxıdan Dərbənd şəhərinə yola düşdük. Yolumuzun yarısında kiçicik, ancaq sözün doğrusu, gözəl bir şəhər yerləşir. Burada o qədər gözəl meyvələr, xüsusilə alma yetişir ki, baxdıqca öz gözlərinə inana bilmirsən”.

Əlbəttə, aydındır ki, söhbət Qubadan gedir.

1718-ci ildə Rusiya səfirliyinin üzvü A.Lopuxinin hazırladığı icmalda isə Quba haqqında xeyli məlumatla rastlaşırıq:

“Şəhər 600 həyətdən ibarətdir, əhalisi olduqca sərbəstdir, İran hakimiyyətinə tabe olmurlar. Quba xanları şah fərmanı ilə təyin olunsalar da, əvvəlki xanın varisliyi əsas götürülür. Qubada döyüşə hazır 500 döyüşçü də var.”

Quba toponiminə gəlincə, həm A.Bakıxanovda, həm F.Köçərlidə, eləcə də onlarca tarixçidə “Quba” sözünün mənşəyinin “qübbə” sözü olduğu qeyd edilmişdir, hətta böyük satirik şairimiz M.Ə.Sabir “Qübbə şəhəri” ifadəsini işlətmişdir. Bunu opponentlər onunla əsaslandırmışlar ki, Quba Nadir şahın böyük şah çadırınının qübbəsinə bənzəyirmiş. K.F.Qan isə Qubanın qübbəvari yüksəklik üzərində yerləşdiyindən Qübbə adlandırıldığını iddia etmişdi.

Əslində isə Quba sözü Qübbə sözünün şəkildəyişməsi deyildir, bu söz daha qədimlərdən mövcud olmuşdur, bunu ən azından Türkmənistan, Qaraqalpak, Qazaxıstan, Kabardino-Balkar və digər ərazilərdə minlərlə yaşı olan Qubatəpə, Qubasəngər, Qubadağ, Kuba Taş, Kubadalqı kimi toponimlər sübut edir. Səüdiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərində Quba adlı məscidin mövcudluğunu da buraya əlavə etsək, mənzərə tam aydınlaşar.

Quba toponiminin kökündə məhz elə “Quba” kəlməsinin dayanmasını tədqiqatçı Əli Hüseynzadə geniş və ətraflı sübutlarla ortaya çıxarmışdır.

 

2.

Quba Xan Sarayının aqibətini düşündükcə bir daha etiraf etməli oluruq ki, biz tariximizə çox biganəyik. Mən bunu israrla deyirəm. Günü bu gün də tarixi əhəmiyyət kəsb edən nə qədər abidələrimiz var ki uçulub dağılmaqdadır. Uzun illər onların qeydiyyata alınması, mühafizəyə götürülməsi işlərində natamamlıq hökm sürmüşdür, nəticələr də acınacaqlı olmuşdur. Sadə vətəndaşların da biganəliyi, etinasızlığı bu işdə böyük rol oynayır. Əksər halda biz tarixi abidələrimizə qarşı özümüz vandallıq edir, meşələri kəsib-doğrayır, su hövzələrini çirkləndiririk.

Adi bir faktı deyim. Sovetlər dönəmində - 1974-cü ildə Quba şəhərinin lap mərkəzində yerləşən, böyük tarixi əhəmiyyətə malik əzəmətli Ərdəbil məscidi kimlərinsə səhlənkarlığı üzündən yanıb kül oldu. Düzdür, sonradan Ərdəbil məscidi bərpa edildi, amma bu, əvvəlki məscidin əlbəttə ki, yerini verə bilmədi.

Quba Xan Sarayının gəlib bu günümüzə çatmaması səbəbləri qaranlıqdır, onun tam memarlıq və planlaşdırma xüsusiyyətlərini əks etdirən qrafik materiallar da gəlib dövrümüzə çatmamışdır. Yeri gəlmişkən, internetdə (Wikiwand və s.) Quba Xan Sarayının qalıqları kimi nümayiş etdirilən tikili qalıqları əslində Gəncə Xan Sarayına aiddir.

Amma biz əlimizdə olan tarixi mənbələrə istinad edərək sarayın görünüşü barədə müəyyən bilgilərə malikik, demək, bu möhtəşəm tikilini bərpa etmək yönündə addımlar ata bilərik. Bu addımları isə mən bir qubalı olaraq, bir millət vəkili olaraq atmaqda israrlıyam. Bu, həm də bütün qubalıların arzusudur.

 

3.

Sarayın tikilmə tarixini 1770-ci ildə Qubaya səfər etmiş Rusiya Elmlər Akademiyasının akademiki S.Q.Qmelin yol qeydləri əsasında müəyyənləşdirə bilərik. O, şəhərin və Xan Sarayının quruluşunun qısa təsvirini vermiş və yerli əhalinin dediklərinə əsaslanaraq, sarayın tikilmə və şəhərin ətrafının daş hasarla hörülmə tarixinin 30 il əvvələ - yəni 1740-cı ilə təsadüf etdiyini göstərmişdir.

Qeyd etdik ki, sarayın inşası Hüseynəli xanla bağlıdır. Sarayla bağlı bir neçə mənbələrdən bilgi almağa müəssər oluruq. Qasi Abdullayevin rus dilində çap edilmiş “Azərbaycan 18-ci əsrdə və onun Rusiya ilə qarşılıqlı münasibətləri”, Tofiq Mustafazadənin “Quba xanlığı” və Şahin Fərzəlibəylinin “Quba Tarixi” kitablarından aldığımız həcmcə çox kiçik olan ümumi bilgilər deməyə əsas verir ki, xanlıq dövrü mədəniyyətinin nümunələrindən biri kimi Hüseynəli xan tərəfindən inşa olunmuş və sələfləri tərəfindən bərpa edilib dekorativ bəzək verilmiş bu saray bişmiş kərpicdən tikilmişdi, tavanı gül şəkilləriylə bəzədilmişdi. Divarlarını zəngin kirəc dekorasiyası və təsvirlər fərqləndirirdi. 

Təbii ki, Hüseynəli xanın sələfləri dedikdə, ilk əvvəl 1758-ci ildə o vəfat etdikdən sonra yerinə taxta çıxan oğlu Fətəli xandan söhbət gedir. Böyük ərazilər ələ keçirən, Quba xanlığının dörd ətrafda ən güclü hakimiyyətə və orduya malik olmasını təmin edən Fətəli xan, şübhəsiz ki, oturduğu sarayın daha da gözəlləşməsi və zənginləşməsinin qeydinə qalmışdı.

Sarayın hansı memar tərəfindən inşa edilməsi barədə günümüzə dəqiq bir məlumat gəlib çıxmayıbdır, ancaq fərziyyələr mövcuddur və bu fərziyyələr içində birisi xüsusən inandırıcı görünür: Quba Xan Sarayının memarı Hacı Zeynalabdin Şirazi ola bilər və Quba xanı ilə rəqabət aparan Şəki xanı Məhəmmədhüseyn xan Müştaqın həmin memara Şəkidə Qubadakından daha böyük və daha əzəmətli bir saray inşa etməyi sifariş verməsi, nəticədə Şəki Xan Sarayının ərsəyə gəlməsi reallığa çox yaxındır. Şəki sarayının dəqiq tikilmə tarixi də versiyanın inandırıcı olmasına dəlalət edir: 1762-ci il.

Tarixi mənbələr arasında Quba sarayının adına çox az rast gəlirik. Məsələn, sarayın bir təsviri rus məmuru P. Butkov tərəfindən verilmişdir. O, Qubaya Şeyxəli xanın hakimiyyəti dövründə səfər edərkən Xan sarayını Şeyxəli xanın evi kimi qələmə vermişdi: “Şeyxəli xanın evi zərif kərpiclər və yonulmamış daşlardan tikilməklə üzlənməmişdir: bəzi otaqlar tamamilə üzlənmişdir və onlardakı sənətkar işinə təəccüblənməmək mümkün deyil. Alebastr üzərində oyma işləri isə elə səviyyədədir ki, təqlid edilməyə layiqdir. Plafonlar gül rəsmləri ilə bəzədilmişdir."

Memarlıq abidələrimizi öyrənən rus Şebilkin yazır:”Quba sarayı öz zəngin naxışlarına görə XVIII əsrin başqa saray tikintilərinin xarakterik nümunəsidir”.

Quba Xan Sarayı barədə məlumat verən başqa tarixi mənbə isə rus diplomatı Mixail Markovun Həştərxan qubernatoruna yazdığı məktubdur. Burada qeyd edilir ki, saray İrandan qaçıb gələn bir çox əyanlar üçün sığınacaq rolunu oynamaqdadır. Belə ki, Hüseynəli xan II Təhmasibin oğlu Süleyman Mirzəyə burada sığınacaq verib.

 

4.

Quba qalasının baş planına görə, qalanın üç qapısına aparan üç əsas küçə öz başlanğıcını Xan Sarayının yerləşdiyi meydandan götürürdü.

Quba xanlığının mövcudiyyəti dövründə yaranmış abidələr arasında Quba Xan Sarayı ən əsas mədəniyyət abidəsi hesab edilir, bu dövrdə yaradılmış digər əhəmiyyətli mədəniyyət abidələri  isə Fətəli xanın həyat yoldaşı Tuti Bikə üçün Dərbənddə inşa olunmuş türbə (1787–1788-ci illərdə tikilmiş, ümumi hündürlüyü 4–5 metr olan 8 guşəli mərkəzli zaldan və ona bitişik 4 kiçik otaqdan ibarət olan türbənin interyeri tağlı tavanla örtülüb), bir də zəngin memarlıq üslubuna malik ən qədim məscidlərdən biri olan Quba Cümə məscididir (1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilib, məscidin mehrab hissəsi Mədinə şəhərində olan Quba məscidində olduğu kimi işlənib, məscid səkkiztinli prizma şəklində olub içəri tərəfdən hündürlüyü 28 m, sahəsi 400 m2-dir. Məscidin tikintisində istifadə olunan zığ kərpiclər, rayonun 8–10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb. Maraqlıdır ki, Quba camaatı həmin kənddən kərpicləri sıraya düzülərək, əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətiriblər).

Əlbəttə ki, biz Quba Xan Sarayını bərpa etmək istəyiriksə və əlimizdə qeyd etdiyim istinadlardan başqa heç bir tutalqa yoxdursa, yəni, günümüzə sarayın tam memarlıq və planlaşdırma xüsusiyyətlərini əks etdirən qrafik materiallar gəlib çıxmayıbsa, bu o deməkdir ki, biz XVIII əsrin ortalarında – xanlıq dövründə Azərbaycan memarlığının aparıcı xüsusiyyətlərinə istinad etməliyik, çünki Quba Xan Sarayının özündə məhz bu xüsusiyyətləri ehtiva etməsi bir qanunauyğunluqdur.

 

5.

Bildiyiniz kimi, Azərbaycanın memarlıq sənəti Ümumşərq bədii memarlıq sisteminin məcrasında nəzərdən keçirilir, bu sənətin formalaşmasında milli spesifik çalarlar, eləcə də lokal memarlıq məktəblərinin rolu vardır.

Çoxplanlı inkişaf prosesində regional memarlıq məktəblərinin qarşılıqlı bədii təcrübə mübadiləsi və Şərq ölkələri ilə çoxtərəfli sıx memarlıq əlaqələri rol oynamaqdadır.

XVIII əsrdə Azərbaycan memarlığında Arran memarlıq məktəbi bərqərar idi, Quba Xan Sarayı da bu memarlığın bir nümunəsi hesab edilməlidir. Arran memarlıq məktəbinin səciyyəvi xüsusiyyətləri – əsas inşaat materialının kərpic olması, çaydaşı ilə kərpicin birlikdə naxış şəklində işlədilməsi, hörgüyə ağ daşın da əlavə edilməsi, əlvan, naxışlı hörgü prinsipi - bir sözlə rəngarənglik kəsb edən polixromik hörgü, çox şübhəsiz, Quba Xan Sarayında da dominantlıq təşkil etmişdir.

XVIII əsrdə memarlıqda monumental tikililərin miqyası, böyüklüyü, ifadəli formaların mürəkkəbləşdirilməsi onlarda dekordan gen-bol istifadədən ibarət olmuşdur. Bu dövr Azərbaycan memarlığının ümumi inkişaf kontekstində lokal memarlıq məktəblərinin spesifikası aydın görünür.

Saray memarlığı ənənələri bu dövrdə uğurla davam etdirilib, ona yeni nəfəs verilib. Bura dəbdəbəli bəzəklər vurulmuş ziyafət zalları, çoxsaylı şəxsi otaqlar, sututarlı daxili həyətlər, həyətlərdə güllük, meyvə ağacları, tağlı eyvanlar, qalereyalar,  örtüklü balkonlarla dövrələnmə aiddir.

Səfəvilər dövründə formalaşmış saray memarlığı bu dövrdə tam bərqərardır, hakim ideya saray mədəniyyətinin dəbdəbəli, aşıb-daşan atmosferidir.

Xanlıqlar dövrü mədəniyyətinin bir səciyyəvi cəhəti də sarayların füsunkar təbiət mənzərələri ilə əhatələnməsidir ki, Quba Xan Sarayı dəniz səviyyəsindən 642 metr yüksəklikdə, Qudyalçayın yaratdığı terrasda, çay sahilindən 33–34 metr yüksəklikdə, Qaraçaya kimi sıx meyvə bağları ilə əhatələnmiş, Qərb tərəfdə Şahdağa açılan misilsiz mənzərə fonunda qərarlaşmışdı.

“Azərbaycan memarlığı XV-XIX əsrin əvvəllərində” adlı tədqiqat işində Rayihə Əmənzadə XVIII əsr Xanlıqlar dövrü Azərbaycan memarlığının xarakteristik xüsusiyyətlərini göstərəkən memarlıq abidələrində mütləq şəkildə rast gəlinən bir element olaraq Qurani Şərifdən xəttatlıq yazılarının olmasını qeyd edir. Kaşılarda, daşda, gəcdə, mərmərdə icra edilmiş inşaat epiqrafikası qurğuların eksteryer və interyerində kompozisiya baxımından bütöv, rahat oxunan halda divara hörülürmüş.

Ənənəvi olaraq epiqrafika portalların tağlarının arxivoltlarında, giriş aşırımlarının üst pannosunda, timpanlarda п-şəkilli çərçivələrdə yer alırdı. Demək, Quba Xan Sarayında da bu elementlərə rast gəlinirdi.

Monumental boyakarlıq özündə çoxrəngli rəsmlərin harmoniyasını, bitki, antropomorf və zoomorf təsvirləri, çoxfiqurlu kompozisiyaları ehtiva edir. Xatırladaq ki, P. Butkov Quba Xan Sarayındakı gül rəsmlərindən bəhs etmişdi, Şebilkin də Quba sarayının zəngin naxışları olduğunu vurğulamışdı.

 

6.

Beləliklə, bütün bu ipucuları bizim peşəkar bərpaçı rəssamlarımıza Quba Xan Sarayının eksteryer və interyerinin orijinala yaxın görüntülərini hazırlamağa yardımçı ola bilər.

İşin ikinci mərhələsində isə əl-ələ verib XVIII əsr Azərbaycan memarlığının ən möhətşəm abidələrindən olan Quba Xan Sarayını bərpa edərik.

Bu nəcib işdir, gözəl missiyadır, Zəfər qazanmış Azərbaycanın qürurlu bugününə veriləcək layiqli bir töhfədir. Və mən inanıram ki, Quba Xan Sarayı Simurq quşu kimi yanıb kül olduqdan sonra küldən yenidən doğulacaq, Qubamızın ən əsas mədəniyyət abidələrindən birinə çevriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.