Könül, “Ədəbiyyat və incəsənət”
Payızın rəngləri necədir? Sarı, qırmızı, qəhvəyi dominantlıq təşkil edir, havalar soyusa da rənglərdə bir istilik duyulur. Bu rənglər xüsusən rəssam fırçasından çıxanda möhtəşəm görüntülər ortaya çıxır. Bu rəssam ustad olanda isə ikiqat gözəllik əldə olunur.
Əməkdar rəssam Rza Avşarın 75 yaşının tamam olması münasibətilə sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi həftənin cümə günü açıldı, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda baş tutan sərgi “Payız rəngləri” adlanır.
Açılış mərasiminə dövlət rəsmiləri, millət vəkilləri, rəssamlar, mədəniyyət xadimləri iştirak edirdilər.
Prezident Administrasiyasının şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ədalət Vəliyev, Nərimanov rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkilləri Aydın Mirzəzadə, Musa Urud, tanınmış sənətşünas Ziyadxan Əliyev, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, yazıçı, Əməkdar jurnalist Varis, yazıçı, fəlsəfə doktoru Adəm İsmayıl Bakuvi, tanınmış ictimai xadim Fəzail Ağamalı və digərləri iştirakçılar sırasında idilər.
Tədbiri açan Fərhad Xəlilov sərginin keçirilməsinin əhəmiyyətini vurğuladı. O, Rza Avşarın rəsm əsərlərini yüksək qiymətləndirərək qeyd etdi ki, rəssamın yaratdığı əsərlərdə həyat realizminin qaynaqlarının bədii məcmusu aydın nəzərə çarpır. Fərhad Xəlilov, həmçinin, Əməkdar rəssamın həyat yoldaşı İradə Avşarovanın da tanınmış rəssam olduğunu və onların birgə çalışaraq gözəl sənət əsərləri yaratdıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Əziz Ələkbərli Rza Avşarın Vətənimizin təbiətini və insanlarını vəsf edən tablolarından söz açdı. Əməkdar rəssamın İcmaya hədiyyə etdiyi İrəvan xanı Rəvanqulu xanın portretini xatırladaraq vurğuladı ki, Qərbi Azərbaycan əsilli rəssamların, habelə Rza Avşarın yaradıcılığında Vətənə məhəbbət əsas mövzulardan biridir.
Ədalət Vəliyev Rza Avşarın Azərbaycanın Xalq artisti, istedadlı, tanınmış teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açdığını bildirərək əlavə etdi ki, Avşarlar ailəsinin xəmiri mədəniyyətdən yoğurulub. O, Əməkdar rəssamın kamil bir sənətkar olaraq öz əsərlərində incəsənətimizin zəngin ənənələrini təcəssüm etdirdiyini vurğuladı. Bildirdi ki, Rza Avşarın yaratdığı mənzərə və natürmortlar ətraf mühitlə, təbiətlə təmasdan doğan hədsiz sevinc və nikbinlik duyğularını ifadə edir, yüksək zövq və böyük sənətkarlıqla çəkdiyi portretlərdə isə görkəmli şəxsiyyətlərimizin xarakterini rənglərin dili ilə məharətlə nümayiş etdirir.
Ziyadxan Əliyev Rza Avşarın özünəməxsus üslubda əsərlər yaratdığından söz açdı, onu Azərbaycan rəssamlığının elitasında gördüyünü bildirdi.
Sonra qırmızı lent kəsildi və ziyarətçilər rəssamın yaratdığı əsərlərə tamaşa etdilər. Əsasən natürmort, portret və mənzərələrdən ibarət sənət əsərləri heç kəsi biganə qoya bilməzdi.
Sərgi barədə bir neçə ziyarətçinin fikirlərini də aldıq.
Varis: “Rza Avşar çağdaş Azərbaycan rəngkarlığında kifayət qədər özünü təsdiq etmiş bir rəssamdır. Onun payız rəngləri kifayət qədər zövq oxşayandır. Onun natürmort və mənzərə janrında olan əsərlərində özünəməxsusluq aydın nəzərə çarpır. Portretləri isə xüsusən qiymətlidir. Qara Qarayevin portretini, təbiət mənzərələrini çox bəyəndim.”
Adəm İsmayıl Bakuvi: “Rəssam bütün janrlarda fırçasını sınayıb və hamısında da uğura imza atıb, o, hər bir əsərini kövrək, həssas qəlbinin hökmü ilə yaradaraq tamaşaçıya təqdim edir. Mən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin portretini xüsusi olaraq qeyd etmək istəyərdim. Qələbə sorağı verən və dəmir yumruğunu nümayiş etdirən prezidentin bütün əzəmətini rəssam həkk etməyi bacarlbdır.”
Qeyd edək ki, Bakıda oktyabrın 9-dək davam edəcək sərgi növbəti günlərdə rəssamın doğulduğu Gəncə şəhərində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(07.10.2024)