“Rəsm çəkmək öyrədilmir, öyrənilir” - MÜSAHİBƏ Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə sizlərin görüşünə dəyərli rəssam Validə xanım Əliyeva ilə gəlmişəm.

 

-Salam Validə xanım. Necəsiniz? İlk olaraq özünüz haqqında məlumat verə bilərsinizmi? 

 

-Bakıda anadan olmuşam. Ömrümün payız çağındayam. Azərbaycan Rəssamlar İttifaqının, şüarı "Dünyanı sənət xilas edəcək" olan Aktivist Rəssamlar Assosiasiyasının  üzvüyəm. Rəsm çəkməyə uşaqlıqdan həvəsim olub, 2015-ci ildən professional məşğul oluram. Rəsm həyatımın bir parçasına çevrilib, nəfəsim olub. Azərbaycanda və onlayn sərgilərdə iştirak edirəm. 2021-ci ildə Muzey Mərkəzində keçirilən "Zəfər yürüşü” və 2022-ci ildə Azərbaycan və Pakistan rəssamlarının müştərək sərgisində iştirak etmişəm. Bir çox tablolarım yerli və xarici insanların şəxsi kolleksiyasında var.

 

-İlham mənbəyiniz nələrdir və çəkdiyiniz rəsmlərin mövzusu haqqında bilmək istərdik.

 

-Tablolarım arasında müxtəlif mövzulara rast gələ bilərsiniz. Rəsm çəkmək üçün mövzu axtarmıram, o özü məni tapır. Dünyanı və ətrafı müşahidə etmək kifayət edir. Dünyada və Azərbaycanda baş verən proseslər işlərimə öz təsirini göstərir. Bir tablom üçün yazdığım şeir də var:

"Əgər olsaydı dünya cənnətdən ibarət,

Mən də şəkil cəkərdim güldən, çiçəkdən.

Çirkinləşib zəmanə, çox insan cılızlaşıb,

Şeytandan betərlər hər yerdə məskunlaşıb. 

Dağılan insanlar, ölən şəhərlər ürəyimi ağrıdır..."

İstər qadın və sevgi, batal, təbiət, natürmort olsun, mövzunun hamısını ruhumla işləmişəm. Əsərlərimi övladım sayıram və mənim üçün çox dəyərlidirlər.

 

-İncəsənətin cəmiyyət üçün vacib məqamlarını izah edə bilərsinizmi?  

 

-İncəsənət cəmiyyət üçün məncə bir təbliğat üsuludur. Adından da göründüyü kimi gördüyü, eşitdiyi incə-incə insanın şüuraltına həkk olunur. Rəsm, poeziya, musiqi, kimin ücünsə ədəbində, davranışında, tərbiyəsində silahdır, kimincün də ruha qida, yaşamağa, yaratmağa. Odur ki, incəsənətin cəmiyyətimizin formalaşmasında və inkişafında rolu danılmazdır deyə düşünürəm.

 

-Sənət bacarıqlarınızı necə inkişaf etdirirsiniz?

 

-İnsan bir işlə illərlə məşğul olarsa istər-istəməz təcrübə qazanır. İstedad insana Allah tərəfindən bəxş edilən bir lütfdür. Rəsm çəkmək öyrədilmir, öyrənilir. Rəssam kətanda rəsmi təkcə çəkmir, həm də yazır. Kətanda rəsm yaza bilmək üçün usanmadan çalışmaq lazımdır. Özümdən heç vaxt razı qalmıram, bu mənə güc verir.

 

-Sənət həyatınızın başqa sahələrində sizə kömək edirmi?

 

-Maddiyatı nəzərdə tutursunuzsa mən heç vaxt sənətə gəlir mənbəyi kimi baxmamışam, amma rəssam əməyinin qarşılığını görməlidir. Hər bir insan əməyi qiymətləndiridiyi kimi... Dəyər vediyim insana hədiyyə də edə bilərəm və bundan mənəvi zövq alıram.

 

-Bir sənətkar olaraq iş-həyat balansını necə idarə edirsiniz?

 

-Rəsm çəkəndə hər şeyi unuduram, vaxtı, vədəni, hərdən özümü belə. Axşamın nə zaman düşdüyünü, ya sabahın necə açıldığını gözlərim ağrıyanda bilirəm. Arada fasilələr olanda cəmiyyət içinə çıxıram, təbiətlə təmasda olmagı çox sevirəm. Xəzərsə mənim üçün tam başqa aləmdir.

 

-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?

 

-Deyirlər ki, Allahı güldürmək istəyirsənsə gələcək planlarından danış. Bu ilin axırı fərdi sərgim olmalıdır. Sərgi məsuliyyət tələb edir. İnşallah, Allah utandırmaz.

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.