Müasir İncəsənət Muzeyində “15 fırçanın simfoniyası” adlı sərgi açılıb

Sentyabrın 28-də Müasir İncəsənət Muzeyinin 15 illik yubileyinə həsr olunmuş "15 fırçanın simfoniyası" adlı sərgi açılıb.

Bu barədə “Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir.

 

“15" adı Azərbaycanda müasir incəsənətin yaranması yoluna toxunan 15 modernist ustadın əsərlərini ifadə edib. Sərgidə həm yaşlı, həm də gənc nəslin nümayəndələrinin yaradıcılıq ekspozisiyası yer alıb.

Sərginin açılışından əvvəl Xalq rəssamı Cəlil Hüseynov sərgidə onun beş əsərinin nümayiş edildiyini bildirərək deyib: "Burada nümayiş olunan əsərlərim Abşeron mənzərələri barədədir. Həmin əsərlərdə yarımadanın gözəl görüntüləri, Xəzər dənizi əks olunub. Sərginin təşkilində əməyi keçən hər kəsə öz minnətdarlığımı bildirir və uğurlar arzulayıram".

Xalq rəssamı Səlhab Məmmədov rəssamların emalatxanalarda qalmış əsərlərinin nümayiş olunması üçün Müasir İncəsənət Muzeyində çox gözəl şəraitin yaradıldığını qeyd edib. O, bildirib ki, bu muzey məhz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb. Xalq rəssamının sözlərinə görə, sərgidə nümayiş edilən əsərlər onu göstərir ki, ölkəmizdə müasir incəsənət sahəsində böyük nəticələr əldə olunub. Səlhab Məmmədov, həmçinin muzeydə üç əsərinin nümayiş olunduğunu da diqqətə çatdırıb.

Sərginin açılışında çıxış edən Xalq rəssamı Fuad Salayev bu il Müasir İncəsənət Muzeyinin 15 illiyinin tamam olduğunu bildirib. Qeyd edib ki, qısa zamanda muzey çox inkişaf edib. “Mən 15 il bundan qabaq bu binada olmuşdum. Amma o vaxt burada heç nə yox idi. Bu muzey gözümün qabağında formalaşdırılıb. Muzeydə Azərbaycan təsviri sənəti rəssamların yaşadıb yaratdıqları bu əsərlərlə ortaya çıxıb. Ölkəmizin tanınmış, həmçinin gənc rəssamları Müasir İncəsənət Muzeyində yer tapıblar. Hər bir rəssam əsərlər üzərində özü düşünüb, onları özü yetişdirib ki, elə bu əsərlərin dəyəri də ondadır", - deyə Fuad Salayev diqqətə çatdırıb.

Daha sonra qonaqlar Müasir İncəsənət Muzeyinin 15 illiyinə həsr olunmuş "15 fırçanın simfoniyası" adlı sərgi ilə tanış olublar.

İncəsənətsevərlərə hər biri özünəməxsus texnikası, müxtəlif rəng çalarları, kölgələri və cizgiləri ilə seçilən əsərlərdən ibarət sərgi təqdim olunub. Eyni zamanda, sərgidə modernizm cərəyanının yaranmasına yol açmış həm rəssamların, həm də heykəltəraşların sənət əsərləri nümayiş etdirilib.

Təqdim olunan əsərlər 15 incəsənət ustasının XX əsrin ikinci yarısından bu günə qədər olan dövr ərzində yaratmış olduqları sənət nümunələridir.

Muzeyin sərgi zalında toplanmış əsərlərin kolleksiyası, eyni zamanda, rəng sıçrayışının və forma incəliyinin cəlbedici məkanı olmaqla, xalqın mədəni irsinin məcmusunu özündə ehtiva edir.

Sərgiyə gələn qonaqlar sənətkarların 40-a yaxın sənət əsərlərindən ibarət ekspozisiyaya tamaşa ediblər.

 

Qapaq şəklində: Muzeydən görüntü; iç şəkildə Səlhab Məmmədov. 

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.