Şahbulaq qalası- Qarabağ xanlığının tarixi irsi Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

 

Ölkəmizdəki mühüm tarixi abidələr barədə hər bir kəs, o cümlədən də gənc nəsil mütləq məlumatlı olmalıdır.

 

Şahbulaq qalası XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilmiş mühüm memarlıq abidəsidir. Ağdam şəhəri yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə tikilmişdir və Qarabağ xanlığının inzibati və hərbi mərkəzlərindən biri olmuşdur. Qalanın adı, onun yerləşdiyi ərazidəki gursulu bulaqdan – Şahbulağından götürülmüşdür. Bu qala Qarabağ xanlığının ərazisində inşa edilən ikinci mühüm müdafiə tikilisidir.

 

Şahbulaq qalası Pənahəli xanın göstərişi ilə inşa edilibdir və Bayat qalasından sonra xanlığın mərkəzi kimi fəaliyyət göstərmişdir. Memarlıq üslubu baxımından qala düzbucaqlı formadadır və onun divarları yarımsilindrik bürclərlə gücləndirilmişdir. Müdafiə funksiyasına uyğun olaraq tikilən qalanın divarları 7 metr, bürcləri isə 8,5 metr hündürlükdədir. Müdafiə məqsədi ilə divarlarda mazğal və diş sıraları əlavə edilmişdir ki, bu da müdafiə üçün səciyyəvi elementlərdən biridir.

 

Qalanın şərq tərəfində yerləşən əsas giriş qapısı ikimərtəbəli qüllə ilə qorunurdu. Üst qatında xan otağı yerləşirdi və bu otağa daş pilləkən vasitəsilə qəsr həyətindən çıxılırdı. Şahbulaq qalası yalnız müdafiə tikilisi deyil, həm də müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə edilmişdir. Lakin sonradan əsasən gözətçi məntəqəsi funksiyasını daşımışdır.

1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Ağdamın işğalı ilə birlikdə Şahbulaq qalası da erməni qüvvələrinin nəzarətinə keçmişdir. İşğal dövründə qala böyük zərər görmüş və erməniləşdirilmə cəhdlərinə məruz qalmışdır. Son dövrlərdə isə qala bərpa edilərək kilsə kimi istifadə edilməyə başlamışdır ki, bu da Azərbaycanın tarixi irsinə qarşı törədilən vandallıq aktlarından biri kimi qəbul olunur.

 

2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ağdam da daxil olmaqla işğal altında olan torpaqlarını geri almışdır. Bununla birlikdə, Şahbulaq qalasının bərpası və qorunması məqsədilə müxtəlif işlərə başlanmışdır. Bu işlər çərçivəsində qalanın tarixi əhəmiyyəti bərpa olunmağa çalışılır və abidənin turizm potensialı dəyərləndirilir.

Şahbulaq qalası Azərbaycanın Qarabağ bölgəsinin ən mühüm tarixi və mədəni irslərindən biri hesab edilir. Qalanın turizm potensialı böyükdür və bu, onun həm yerli, həm də xarici turistlər üçün cəlbedici bir məkan olmasını təmin edir. Qalanın bərpası və qorunması istiqamətində aparılan işlər, onun turizm məkanına çevrilməsi baxımından mühüm addımların atılmasına səbəb olmuşdur. Qarabağ Regional Turizm İdarəsinin əməkdaşları qalanın turizm məhsulu kimi dəyərləndirilməsi üçün mütəmadi olaraq orada tədqiqatlar aparırlar.

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.