Almaniyanın Köln şəhərində “Zarifa Art” İncəsənət Agentliyinin təşkilatçılığı ilə yerli və xarici rəssamların əsərlərindən ibarət sərgi açılıb. Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Köln bələdiyyə sədri xanım Korneliya Vaytkəmp və digər qonaqlar iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildirilib ki, tədbirdə çıxış edən “Zarifa-Art” Mərkəzinin rəhbəri İldırım Sultanov mərkəzin fəaliyyətindən danışaraq, sərgi haqqında ətraflı məlumat verib.
O qeyd edib ki, Azərbaycan rəssamları ilə geniş əlaqələr var və onların sərgilərini təşkil edirlər. İldırım Sultanov uzun illər ərzində Almaniyada Xalq rəssamı Əşrəf Heybətov, memar, rəssam Şahvələd Məmmədov, rəssam Marqarita Kərimova, Sabir Çopurov və başqa bir çox azərbaycanlı rəssam və heykəltaraşların əsərlərinin sərgisinin keçirildiyini vurğulayıb.
Lindenthal Bələdiyyə sədri Korneliya Vaytkəmp sərgini yüksək qiymətləndirib, “Zarifa Art” İncəsənət Agentliyinə minnətdarlığını bildirib.
Tədbirdə müxtəlif musiqilər, eləcə də skripkaçı Anna Qoldun ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” səsləndirilib. İştirakçılar Azərbaycan musiqisini böyük rəğbətlə qarşılayıblar.
Qeyd edək ki, 30 ilə yaxın Almaniyada yaşayan İldırım Sultanovun rəhbəri olduğu “Zarifa-Art” Mərkəzi 1996-cı ildə yaradılıb. İlk dövrlərdə 7 sənətkarla fəaliyyətə başlayan Mərkəz hazırda 100-dən çox peşəkar, 200-dən çox həvəskar rəssamı, heykəltaraşı, memarı və digər incəsənət növləri ilə məşğul olan tanınmış sənətkarları öz ətrafında birləşdirir. Mərkəz Almaniyanın, həmçinin Avropanın bir çox şəhərlərində sərgilər təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(20.09.2024)