“Kür sahilində” zamanın üç halı - “Bir rəsmin hekayəsi” rubrikasından ilk yazı... Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi

 

 

Yurd  olmaq gözəldir. Bir sevgiyə, bir inama yurd olmaq xoşbəxt edir bizi. Lap elə, bir heyranlıq dolu baxışa yurd olmaq! İllər əvvəl “Şeirin yurdu” adlı layihəyə başlayanda  Sədnik Paşanın bir sözündən yola çıxmışdım: “Şeirin özündən yurdu şirindir!” Min şükür, nəhayət,  bu ilin əvvəlində “Şeirin yurdu” kitab oldu... 

 

Hə, yurd olmaqdan ötə yaşananların yurdunu tanımaq da xoş duyğular şəlaləsinin səsini duymağımıza yetir.  Oxuduğumuz bir şeirin, ətrindən bihuş olduğumuz bir gülün, baxdığımız bir rəsmin yurdunu tanımaq şansımız nə qədərdir həyatda? Razıyam, biz göyçəlilər demiş, “yarı-yarıyadır”.  Bu yerdə müəllifini çoxdan itirmiş, ümumdünya motivasiya xəzinəsinin bir parçası olmuş o cümləni xatırlayaq: “Özünə imkanlar yarat!” 

“Bir rəsmin hekayəsi” rubrikasını həmin kiçik imkan sayıram özümə. Yazıçı olmasaydım, mütləq ki, rəssam olardım” -demirəm, ən qıt imkanlarla çəkdiyim rəsmlərlə məktəbdə öndə olmuşam,  dinlədiyim musiqilər müəllimim olub, tarda və pianinoda ifa etməyi öyrənmişəm... Amma bütün bunlar  qələmin barmaqlarımda yaratdığı qabarın və kağız xışıltısının kölgəsində qalıb.  “Yazmaq eşqdir!” şüarı ilə ömür yolunda gülümsəyərək atmışam hər addımı... Və burada belə,-bir rəsmin hekayəsini öyrənməyin astanasında belə, yazıram... 

Hekayəsini öyrənəcəyimiz rəsmdən əvvəl rəssamı tanımalıyıq.  Ruhumuza toxunan bir misranı eşidən/oxuyan kimi, “Müəllifi?” sualını veririk ha, o cür tələsərik yoxsa “Kür sahilində” adlı əsərə baxarkən. 

Rəssam Sadıqov Raul Tofiq oğlu 1975-ci ildə Gəncə şəhərində anadan olub.  2000-ci ildən Gəncə şəhər Uşaq İncəsənət məktəbində, 2021-ci ildən Xəzər Universiteti Gəncə Dünya məktəbində Təsviri İncəsənət müəllimi vəzifəsində çalışır. 2008-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Təsviri Sənət üzrə Respublika müsabiqəsində “Rəngkarlıq” nominasiyasında I yerə, 2010-cu ildə isə II yerə layiq görülüb. 2012-ci ildən Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvüdür. Bir çox əsərləri ABŞ, Rusiya, Cənubi Afrika, Çində şəxsi kolleksiyalarda saxlanılır.

“Kür sahilində” əsərinin hekayəsindən əvvəl Raul bəy bizə sənətin onu necə seçdiyindən də danışdı:

 

“Rəssamlığa həvəsim uşaqlıqdan var. Yadımdadır ki,uşaq olarkən rəsmləri çəkirdim, özüm də çəkdiyim personajları səsləndirirdim. Tələbəlik illərində Əməkdar rəssam Cavanşir Məmmədovla tanış oldum, indiyədək Cavanşir müəllim ilə dostluq edib ondan təsviri incəsənətin sirrlərini öyrənməyə çalışıram. Onu da deməliyəm ki, Cavanşir müəllim nəinki böyük rəssam, həm də gözəl pedaqoq, mütəfəkkir, filosofdur və mən çox xoşbəxtəm ki, həyatımda bu cür insanla rastlaşmışam”.

 

“Kür  sahilində” adlı  əsərdə müəllif  Kür çayına olan heyranlığını ifadə etməyə çalışıb. Seçdiyi rənglərin hər bir çalarını, rənglər arasındakı sərhədləri və  sərhədsizliyi Kürün sahilindəki qeyri-adi və insana dərin duyğular bəxş edən təbiətdən aldığını deyən rəssam əlavə edir: 

 

“Kür çayı Azərbaycan mədəniyyətində və tarixində də mühüm yer tutur. Sahildəki təbiət mənzərəsi və çayın sakit axını mənim yaradıcılığımda da ilham mənbəyi olmuşdur: Kür çayının füsunkarlığından və balıq ovundan ilhamlanaraq bu əsəri çəkdim. Ümumiyyətlə, Kür çayının əzəməti və balıq ovu kimi mövzular dərin harmoniya hissi yaradır. İnsan övladına rəngləri təbiət tanıdır... Biz rəssam olaraq, sadəcə, bu gözəllikləri zehnimizdə süzür, fırçamızla köçürürük. Təbiətin bizə təqdim etdiyi ilham sonsuzdur -hər bir mənzərə, hər bir fəsil və hər bir detaldan yeni bir incəsənət əsəri yaratmaq olar.

“Kür sahilində” yağlı boya ilə kətan üzərində, modern üslubda işlənilib, ölçüsü 70 x 50-dir. Burada 3 eyni balıqçı fiqurunu və günün 3 müxtəlif vaxtını müşahidə etmək olar-səhəri, günortanı va axşamı. Zamanın fərqli təsviri eyni obrazı və ya eyni etüdü müxtəlif cür təqdim edir: insan bir-biriylə əlaqəsi olmayan, amma bütövün bir hissəsi olan duyğuların əsirinə çevrilir. Səhərin təravəti, günortanın parlaq enerjisi, axşamın sakitliyi əsərdəki balıqçı və təbiət arasında dərin harmoniya yaradır. Eyni zamanda, burada milli naxışlarımızı və rənglərimizi görmək olar. Əslində, mən orada özümü təsvir etmişəm; mən də balıq ovu həvəskarıyam”. 

 

2023-cü ildə çəkilən “Kür sahilində” hələ heç yerdə sərgilənməyib. Lakin onu görənlər əsərin qarışıq duyğular yaratdığını etiraf etməkdən çəkinmirlər. Həmsöhbət olduğumuz insanlardan bəziləri deyir ki, əsər onlara dejavu hissi bəxş edir: hər kəsin ömründə heç olmasa bir dəfə yolu Kür sahilinə düşür. Orada balıqçılara rast gəlmək isə, adi həyati hadisədir. Pozitiv emosiyaların dominantlığı əsəri bir ayrı yöndən cəzbedici edir. 

Raul bəyin dediyinə görə, əsər, təxminən, 1 ay müddətində ərsəyə gəlib. Bizim dəqiqələrlə baxıb  duyğularımızı ölçməyə cəhd etdiyimiz bir əsərin rəssamın zehnində  etüd-etüd “böyüməsi”, “genişləməsi”, “canlanması” bəzən təsəvvürümüzə sığmır. Olur ki, illər əvvəl gördüyün bir rəsmi xatırlayarsan, sonra onun ardınca gördüyün qalereyaya, yaxud emalatxanaya yollanarsan... Görərsən ki, yoxdur...

Hər bir rəssam əsərlərinin onun yanında olmasını istəyər: əsər də övlad sayılır mənəvi baxımdan. Lakin rəssamlığın ədəbiyyatdan fərqi ondadır ki, rəsm əsərləri tərk etməyi bacarır. Hə, onlar müəlliflərini tərk edir, satılır, dünyanı gəzir, müxtəlif insanlara rast gəlirlər. Və hər yerdə, hər kəsə öz müəlliflərindən danışırlar. 

İnsan ruhuna toxunmasıdır sənət əsərini ucaldan! 

 

Qapaq şəklində:

“Kür sahilində” (2023) . Rəssam: Raul Sadıqov.

İç şəkildə Raul Sadıqov. 

 

“Ədəbiyyat və incəsənət”

(17.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.