Nadir Zeynalovun retrospektiv sərgisi davam edir

 

Xəbər verdiyimiz kimi, YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə ötən ilin noyabr ayında Xalq rəssamı Mir Nadir Zeynalovun “Mistik ruhun ömrü” adlı retrospektiv sərgi açılıb. 

Bugünlərdə öz işini davam etdirən sərgiyə maraq hədsiz böyükdür. 

Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunan sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mir Nadir Zeynalovun Qalereyasının kolleksiyasından, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından ibarət 60-dan artıq əsər nümayiş olunur.

Layihə bir neçə ay əvvəl əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr olunub. 

Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.

Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək, bir neçə tematik zallara bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığına diqqət çəkərək, bütün incəlikləri əks etdirir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.

Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəmani və ailəvi xarakter daşıyır: burada Mir Nadir Zeynalova yaxın olan insanların onun tərəfindən müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın öz avtoportretləri də nümayiş etdirilir.

Mənzərələr zalını, Mir Nadir Zeynalovun kiçik vətəni, Yer üzündə onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran məkanının – Abşeronun himni adlandırmaq olar.

“Ömür yolu” adlanan zal isə çeşidli rənglərə boyanaraq rəssamın qəlbinə sahib çıxan mistik ruhu əks etdirir. Qrafika zalında tamaşaçıların diqqətinə unikal əsərlər təqdim olunur. Mir Nadir Zeynalov adətən yaradıcılığının bu hissəsinə çox da ciddi yanaşmayıb və bu monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində demək olar ki, nümayiş etdirilməyib. Buna baxmayaraq, rəssam bu əsərlərdə virtuozcasına bir-iki cizgi ilə xüsusi bir əhval-ruhiyyə yarada bilmişdir.

Sərgi zallarında, həmçinin Mir Nadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.

Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunur. “Sənətkarın həyatında bir gün” formatında qurulan, film-monoloq janrında çəkilmiş bu sənədli film Şirin Məlikovanın təşəbbüsü və “Bakı Abadlıq Xidməti” ASC-nin maliyyə dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınıb.

Rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları (sərgi zalındakı vintaj telefonun dəstəyini qaldıraraq dinləmək mümkündür) və onun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır.

Sərgi bu il aprelin 3-dək ziyarətçilər üçün açıq qalacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.