“Qədim sənətin müasir məkanı” adlı tədbir keçirilib

Avqustun 26-sı Azərbaycan Milli Xalça Muzeyinin yeni binada fəaliyyətinin 10 illiyi münasibətilə "Qədim sənətin müasir məkanı" adlı tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbiri Milli Xalça Muzeyin direktoru Əminə Məlikova açaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya ölkənin mədəni irsinin inkişafı və qorunmasında göstərdiyi töhfəyə görə minnətdarlığını bildirib.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ziyalıların, incəsənət və mədəniyyət xadimlərinin iştirakı ilə ərsəyə gələn "Xalça mənim üçün..." videolayihəsi təqdim olunub.

 

Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan bənzərsiz tikilinin memarı məşhur avstriyalı mütəxəssis Frans Yans qonaqlara müasir Bakının simvoluna çevrilən binanın ərsəyə gəlməsindən bəhs edərək təcrübə və təəssüratlarını bölüşüb.

 

Tədbirdə yubiley ilində öz tarixi vətəninə qaytarılan, muzeyin kolleksiyasını daha da zənginləşdirən XIX-XX əsrin əvvəllərinə aid Şirvanın "Paşalı" kilimi, Qazaxın "Şıxlı", Qarabağın "Açma-yumma" və "Bəhmənli" xalçaları ilk dəfə nümayiş etdirilib.

 

Bu milli irs nümunələri müxtəlif ölkələrdən olan kolleksiyaçılar - Mətin və Hüseyin Konukçular (Türkiyə), Mirko Kattai (İtaliya) və Hocat Abasi (Almaniya) tərəfindən muzeyə təqdim olunub. Tədbir tanınmış cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyabın "Caz naxışı" konsert proqramı ilə davam etdirilib.

 

Qeyd edək ki, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Xalça Muzeyi üçün ayrıca binanın tikilməsi haqqında Sərəncam imzalayıb. Bu irimiqyaslı layihə Azərbaycan xalça sənətinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilib.

 

2014-cu il avqustun 26-da Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılan xalça formalı unikal binada fəaliyyət göstərən bu muzey hazırda ölkəmizdə ən çox ziyarət olunan mədəniyyət ocaqlarından biridir.

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.