Aprelin 23-də İstanbulda tanınmış azərbaycanlı rəssam, “YARAT” Müasir İncəsənət Məkanın təsisçisi Aida Mahmudovanın fərdi sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, rəssamın “Bir arzu gerçəkləşir” (A Dream Unfolds) mövzusunda açılan sərgisi İstanbulun ən gözəl sənət qalereyalarından biri olan “Vision Art Platform”da təşkil edilib.
İyunun 23-dək davam edəcək və ümumilikdə 61 əsərin sənətsevərlərə təqdim edildiyi sərginin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, diplomatik nümayəndəliyimizin əməkdaşları, Türkiyənin rəsmi qurumları və mədəniyyət sahəsinin tanınmış simaları, eləcə də media nümayəndələri iştirak ediblər.
“Dünyanı görmənin fərqli bir yolu”
İncəsənət bəşəriyyətin yaranmasından etibarən həyatın hər sahəsində əhəmiyyətli rol oynayır və sənətkarlar tarix boyu duyğularını, düşüncələrini və təcrübələrini ifadə etmək üçün fərqli yollardan istifadə ediblər. İncəsənətin bu ifadə gücü tarix, cəmiyyət və mədəniyyət kontekstlərində insanlar üzərində dərin təsirlər yaradıb. İncəsənət hər hansı bir dövrün yaşayış tərzini, inanclarını və mədəni dəyərlərini əks etdirməklə yanaşı müvafiq dövrün fəlsəfi və estetik anlayışlarını da göstərir. Bu, cəmiyyət dəyərləri aspektindən incəsənət, insanları bir araya gətirən, duyğularımızı ifadə etməyi təmin edən və ortaq bir dil formalaşdıran bir təcrübədir. Bununla yanaşı, incəsənət bəzi hallarda mövcud estetik ahəngə qarşı çıxaraq müstəqil bir ifadə tərzi də nümayiş etdirir. Hər bir sənətkar dünyanı fərqli baxış bucaqlarından bizə izah edir. Azərbaycanlı rəssam Aida Mahmudova Sent-Martin İncəsənət və Dizayn Kollecində təhsil alıb. Bu günə kimi Belçika, London, Roma, Nyu-York, Moskva, Tiflis və Bakıda beynəlxalq fərdi sərgilər açan rəssam qrup sərgilərində də iştirak edib. Aida xanım həm də 55 və 56-cı Venesiya Biennalesində iştirak edib.
Aida Mahmudova incəsənəti ifadə etmək axtarışındadır və materialların mahiyyətinə dalaraq konkret obrazlar və abstrakt, yarı abstrakt formalar vasitəsilə dünyanın sirrini açmağa çalışır. Yaradılışın mahiyyəti ilə bağlı araşdırmalarını bir filosof kimi davam etdirir və bütün qaranlıq məqamları aşkara çıxartmaq üçün ciddi cəhdlər göstərir.
Maddi dünyanı məlumat əldə etmək üçün oxuduğumuz və istinad etdiyimiz kitab kimi nəzərə alsaq, Aida Mahmudova bu anlayışı sözün əsl mənasında mənimsəyib, bunu tətbiq edir. Onun fəaliyyətləri bu qeyri-adi kitabdakı fəsillər kimidir-hər bir əsər və yeni mərhələ onun yaradıcılığının başqa məziyyətlərini ortaya çıxarır.
Fəaliyyəti təbiətin möhtəşəm gözəlliyini ifadə etmək üçün yazılan şeiri xatırladan rəssamın əsərləri Uilyam Vordsvortun həzin duyğu xatirələri kimi dərin təfəkkürə sövq edir və insanlar onun kompozisiyalarının dərinliklərində özlərini unudaraq sənətin sehrinə qapılırlar.
Sənətkar əsla səthi ifadə tərzi ilə kifayətlənmir və görünməyən reallıqları ifadə etməyə çalışır. Aida Mahmudova materialları və avadanlıqları ifadə etmək potensialını diqqət mərkəzində saxlayır. Onun istilik, işıq, rəng və maddə ilə həyata keçirdiyi təcrübələr vasitəsilə tək bir fəaliyyətin sərhədi aşılır və çox dərin məna çalarlarına malik əsərlər ərsəyə gətirilir və beləcə, insanlar və əsərlər arasında instiktiv əlaqələrin yaradılmasına rəvac verilir.
Bu nöqteyi-nəzərdən, Aida Mahmudovanın əsərləri innovativ materiallar və yanaşmalar ilə səciyyələnir və avanqard düşüncə tərzi konkretləşir. Sənətkar dərin ifadələr yaratmaq üçün innovativ üsullardan istifadə edir. Bunların funksionallığına nail olmaq üçün manipulyasiyalar həyata keçirir və nəticədə, incəsənət və real dünya arasında sərhəd tam mənası ilə dərk edilmir.
Mütəmadi olaraq fərqli materiallar axtarışında olan və potensialını daim inkişaf etdirən sənətkar vizual olaraq diqqəti cəlb edən, duyğu və intellekti tətikləyən əsərlər ərsəyə gətirir. Aida Mahmudovanın əsərləri bizi incəsənətlə bağlı düşüncələrimizi yenidən nəzərdən keçirməyə sövq edir və dünyanı fərqli bir baxış bucağından yenidən dərk etməyə səsləyir.
“Ədəbiyyat və incəsənət”
(24.04.2024)