Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisi açılıb. SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş sərgidə Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından əsərlər nümayiş olunur.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, sərgini açıq elan edən Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev diqqətə çatdırıb ki, muzeyin kollektivi Mikayıl Abdullayevin 100 illik yubileyinə böyük məsuliyyət və sevgi ilə hazırlaşıb. Sərgidə görkəmli rəssamın 190-a yaxın rəngkarlıq və qrafik əsəri nümayiş olunur. Vernisajda “Axşam”, “Sevinc”, “Azərbaycan tarlalarında”, “Saədət qurucuları”, “Mingəçevir işıqları”, “Hindistan anası”, “Çəltikçi qızlar” tematik tabloları, “C.Cabbarlı”, “Y.Məmmədəliyev”, “M. P.Vaqif”, “M.F.Axundzadə”, “Yazıçı H.Seyidbəyli”, “Şair S.Rüstəm” portretləri yer alıb. Ekspozisiyada həmçinin Əməkdar rəssam, heykəltəraş Zeynalabdin İsgəndərovun müəllifi olduğu, Mikayıl Abdullayevin obrazı canlandırılan heykəltəraşlıq kompozisiyası da sərgilənir.
Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Mikayıl Abdullayevin Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərindən söz açıb. Deyib:
-Azərbaycan incəsənətində elə şəxslər vardır ki, onların hansı dövrdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq mədəniyyətimizin tarixinə əbədi olaraq öz adlarını qızıl hərflərlə yazıblar. Bunlardan biri də SSRİ Rəssamlıq Akademiyasının akademiki, SSRİ Xalq rəssamı Mikayıl Abdullayevdir. O, bir çox beynəlxalq mükafatların laureatı olub. Fırça ustası ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülüb.
Nazir bildirib ki, Mikayıl Abdullayevin ilham mənbəyi, yaradıcılığının təməli doğma vətəni Azərbaycandır. Rəssamın “Azərbaycan doğma Vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” sözləri də bunun əyani sübutudur. O, yaradıcılığında milli-mənəvi ənənələri əks etdirməklə yanaşı, hər zaman bəşəri dəyərlərə, ideallara da geniş yer verib. Sənətkar Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya və bir çox başqa ölkələrdə olduğu zaman gördüyü maraqlı anları, insanların həyat tərzini, mədəniyyətini əks etdirən silsilə əsərlər yaradıb. Mikayıl Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüssel və digər ölkələrin muzeylərində ən dəyərli eksponatlar kimi qorunub saxlanılır.
Anar Kərimov Prezident İlham Əliyev tərəfindən bu il mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində müstəsna xidmətləri olan bir çox şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi ilə əlaqədar sərəncamlar imzalandığını qeyd edib. Bildirib ki, Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2021-ci il tarixli sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb, bir sıra tədbirlər həyata keçirilib. Hazırda Mikayıl Abdullayevin yaradıcılığını özündə əks etdirən nəfis tərtibatlı kataloq üzərində son tamamlama işləri aparılır və yaxın günlərdə işıq üzü görəcək. Həmçinin rəssamın mərmərdən büstü hazırlanaraq Milli İncəsənət Muzeyinin kolleksiyasına daxil edilib.
Nazir çıxışının sonunda deyib: “Mikayıl Abdullayevin əsərləri zamanın bütün sınaqlarından keçərək hələ uzun illər boyu sənətsevərləri ruhlandıracaq. Sənətkarın həyat yolu isə gələcək nəsillər üçün seçdikləri peşəyə məsuliyyətli və fədakar yanaşması baxımından hər zaman nümunə olacaq”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışı zamanı Mikayıl Abdullayevin yaradıcılıq özünəməxsusluğu barədə danışıb. Bildirib ki, o, ictimai xadim kimi hər zaman insanların köməyinə çatıb, xeyirxah əməlləri ilə qəlblərdə iz salıb.
Rəssamın oğlu Cəmil Abdullayev Prezident İlham Əliyevə atasının irsinə göstərdiyi diqqətə görə təşəkkürünü bildirib. O, həmçinin silsilə tədbir və layihələrin gerçəkləşməsinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə edib.
Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsilib və qonaqlar geniş və xüsusi zövq və dizaynla hazırlanmış ekspozisiya ilə tanış olublar. Ekspozisiyada nümayiş olunan həm rəngkarlıq, həm də qrafika nümunələri, tematik tablo, portret və mənzərə janrlarında əsərlər Mikayıl Abdullayevun rəngarəng sənət duyumunu əks etdirir.
Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisi mart ayına qədər davam edəcək.