Bu günlərdə Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri, dizayner, dekorator, dekorativ tətbiqi sənət ustası, jurnalist, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı və qurumun bölmə rəhbərləri qardaş Türkiyə Respublikasının səfirliyində səfir Prof. dr. Cahit Bağçı və mədəniyyət atteşesi Prof. Dr. Mühittin Macit tərəfindən qəbul edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı əvvəlcə səfir həm Novruz Bayramı münasibətilə, həm də yuxarıda adıçəkilən İctimai Birliyin "Turan yolu-Zəngəzurum" adlı əsərlər toplusunun Türkiyədə tanıdılması ilə bağlı layihələrinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqədə uğur qazanması münasibətilə təbrik edərək onlara işlərində müvəffəqiyyətlər arzulamışdır. Daha sonra Cahit Bağçı Sərdarlı ailəsinin yaradıcılığını yaxından izlədiklərini, onların zamanla unudulmuş xalq sənəti nümunələrinin günümüzə qaytarılması yolundakı çalışmalarını təqdir etmiş, böyük Türk dünyasının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və təbliği istiqamətində vətəndaş cəmiyyəti olaraq həyata keçirdikləri layihələrin diqqətəlayiq olduğunu bildirmişdir. QHT rəhbəri Lalə Sərdarlı da öz növbəsində qardaş Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin, Yunus Əmrə İnstitutunun, TRT kanalının hər zaman onlara göstərdikləri mənəvi dəstəyə, Türkiyə Yunus Əmrə İnstitunun başkanı Prof. Dr. Şərəf Atəşin, Türkiyə Cumhuriyyəti Cumhurbaşkanlığı Dövlət Arxivləri Başkanı Prof.Dr.Uğur Ünalın, Yunus Əmrə İnstitunun Kültürel Diplomasi Akademiyasının kordinatoru Prof. Dr. Melih Barutun Sərdarlılar ailəsinin yaratmış olduqları dünyada yeganə sandıq muzeyinə baş çəkib burda gördüklərinə yüksək dəyər verdiklərinə, səfirliyin mədəniyyət attaşesi Prof. Dr. Muhittin Macitin mütəmadi olaraq sayğı və qayğıyla Sərdarlı ailəsinin fəaliyyətini, yaradıcılığını diqqətdə saxlamasına, Bakı Yunus Əmrə İnstitutunun Başkanı Səlcuq Karakılıçın göstərdiyi qayğıya, TRT kanallarının dəfələrlə Sərdarlı ailəsinin yaradıcılığı və həyat hekayəsi ilə ilgili hazırladığı süjetlərin yayımlanmasına görə səfir Prof. Dr. Cahit Bağçıya dərin təşəkkürlərini bildirdi. Sərdarlılar tərəfindən hazırlanmış, özündə Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrinin, zəngin mədəni irsinin incilərini şərtləndirən elementlərin təzahürünü ifadə edən dekorativ tətbiqi sənət nümunələrinin qardaş Türkiyədə tanıdılması ilə bağlı müzakirələrdən sonra səfir qonaqları xüsusi hədiyyələrlə təltif etdi.
QHT rəhbəri Lalə Sərdarlı isə Sərdarlılar ailəsi tərəfindən hazırlanmış Azərbaycan, Türkiyə qardaşlığını tərənnüm edən "Bizim qardaşlıq” adlı (mücrü) əsəri cənab səfirə təqdim etdi. Görüş təəssüratlarını mətbuatla bölüşən Lalə Sərdarlı bildirdi ki, istər Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin İnaqurasiya çıxışında xüsusi önəm verdiyi Türk dünyası dövlətləri ilə qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi, müqəddəs ailə institutumuzun, milli mənəvi dəyərlərimizin qorunması, bu dəyərləri zaman zaman formalaşdıran mədəni irsimizin dərindən öyrənilərək geniş təbliğ edilməsi ilə bağlı məqamlar, bizi zəfərə aparan ölkə başçımızın ortaya qoyduğu iradə və mövqe, eyni zamanda qardaş Türkiyəmizdə İstiqlal marşının 103-cü ildönümü ərəfəsində Cumhurbaşqanı cənab Pəcəb Tayyib Ərdoğanın Sebilurrəşad Kültür və Sənət Mərkəzinin açılışı zamanı söylədiyi tarixi nitqində "Ruhunu kaybetmiş bir millətin cəsəddən ibarət qalacağı anlayışıyla mədəniyyətimizin, tariximizin, kültürümüzün köklərinə enməyi qayə edən hər çabayı dəstəkləmək boynumuzun borcudur" deməsi biz sənət,bilim adamlarını daha inamla səfərbər edir, fəaliyyətimiz üçün qarşımızda yeni üfüqlər açır. Axı indi böyük Türk dünyası bizim ümumi evimizdir. İndicə hörmətli cənab səfir, Cahit bəyin bizə təqdim etdiyi hədiyyə sıradan bir hədiyyə deyil. Bizə görə bu sənətimizə, ortaq dəyərlərimizə göstərilən ehtiramın, rəğbətin təzahürüdür. Bu həm də bir mukafat, böyük etimaddır. Bilirsinizmi Osmanlının şanlı tarixində özünəməxsus yer alan "Lalə dövrü" adlanan bir dönəm var. 1718-1730-cu illəri əhatə edən bu dövrdə əvvəlcə ölkəboyu gülçülük mədəniyyətinin tərəqqisi başlayır. Bununla yanaşı digər sahələrdə mədəni pərvəriş, sənətə rəğbət, sənətkarlara ehtiram sürəkli şəkildə çoxalır. Bax bizə təqdim edilən o qiymətli əl işinin üzərindəki təsvirlər məhşur "Lalə dövrünün" əsas elementlərini sərgiləyir. Qardaş Türkiyə sənətkarının yüksək zövqlə hazırladığı bu gözəl əl işinin bizə təqdim olunması sanki bir xüsusi törən idi mənim üçün. Və bu məni çox duyğulandırdı. Ümumilikdə görüşümüz çox məhsuldar oldu. Gələcəkdə ortaq mədəni irsimizin qorunması, öyrənilməsi və təbliği ilə bağlı birgə fəaliyyətimizin təməl prinsipləri əməli qaydada müəyyənləşdi.
“Ədəbiyyat və incəsənət”
(27.03.2024)
\