“Ədəbiyyat və incəsənət” portalının “Qarabağ abidələri barədə əfsanələr” adlanan yeni layihəsində oxucularımıza işğaldan azad edilmiş ərazilərdəki tarixi-mədəni abidələrimiz barədə toplanmış əfsanələri təqdim edəcəyik.
Rubrikanı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, yazıçı Zahirə Cabir (Dadaşova) aparır.
İlk olaraq sizlərə Laçın rayonunun Ağoğlan kəndindəki Ağoğlan məbədi barədə danışılacaq.
Ağoğlan kəndi füsünkar gözəlliyi, səfalı təbiəti ilə seçilir, dəniz səviyyəsindən 1 250-1 300 metr yüksəklikdə, rayon mərkəzindən isə 26 km cənub qərbdə yerləşir.
Kəndin ərazisində mövcud olan mədəniyyət nümunələri və memarlıq abidələri Azərbaycan tarixini ən qədim zamanlara, hətta antik dövrlərə qədər aparıb çıxarır.
Kəndin ən əhəmiyyətli abidəsi isə Qafqaz Albaniyası dövrünə aid olan, eyni adlı çayın sahilində yerləşən "Ağoğlan" qəsr kompleksidir.
Araşdırmaçılar yazırlar ki, "Ağoğlan" məbədinin tarixi çox qədimlərə, hətta xristianlıqdan da əvvəllərə qədər gedib çıxır və bura hər zaman ziyarətgah olub. Ona görə də yerli əhali tərəfindən bura əvvəllər “Ağoğlan piri” adlandırılıb və inanc yeri kimi istifadə edilib.
V-VI əsrlərə aid alban monastırı olan tarixi abidə əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastr formasına salınıb. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlayıb və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilib.
ZAHİRƏ CABİR
AĞOĞLAN ƏFSANƏSİ
Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan.
Qədim zamanlarda bir cavanın bulaq başında bir qıza gözü düşür. Onun dərdindən dəli olur. Nəhayət öyrənir ki, bu qızı başqa birisi sevir, odur ki, artıq buna bir çarə tapa bilməyir, qıza namə göndərir ki, nə vaxt məni sevib, məni tapmaq istəsən, ayağına dəmir bir çarıq geyib, əlinə də bir dəmir əsa alarsan. Çarığın altı yırtılıb, əsanın ucu əyiləndə məni ancaq gəlib taparsan. Qərəz bu sözü deyib yola düzəlir. Meşələr keçir, ormanlardan su içir, yad gözəl bir məmləkətə yetişir. Ulu Yaradan bu məmləkəti elə bil özü üçün, özünün mələkləri üçün yaratmışdı, eşqin, məhəbbətin coşub-çağlayan vaxtı yaratmışdı. Gözəl meşələri, təmiz havası, saf suları, ceyranları-cüyürləri, dağ keçiləri, şəlalələri, sərt qayaları, başı ağ çalmalı dağları, dağ başında düzənləri, ucsuz-bucaqsız yaylaqları, qayalarından sallanan cürbəcür gülləri, şaxtada qaynayan isti bulaqları, dünyanın heç yerində tapılmayan təbii gül-çiçəkləri, qırmızı palıd ağacları, göydə süzən qartalları olan bir məmləkətə gəldiyi üçün özünü xoşbəxt sayırdı. Cavan oğlan çox gözəl bənna idi. Az keçmir ki, gənc səyyah yerli əhalinin hörmətini qazanır, camaatı ilə qaynayıb qarışır. Təbiət vurğunlu gənc burada yerli əhalinin köməyi ilə bir məbəd tikir. Yalnız ibadətlə məşğul olmağı, Allaha dua etməklə yaşamağı üstün tutur. Çayın sahilində saldığı məbəd bu yerlərə pənah gətirən insanlar üçün bir sığınacaq olur. Gənc səyyah yerli adamlardan dərisinin rənginin ağlığına görə seçildiyindən onu Ağoğlan çağırırlar, onun tikdiyi məbədə Ağoğlan məbədi, çaya da Ağoğlan çayı deyirlər.
Sizə kimdən deyim, həmin Ağoğlanın istədiyi, görən andan sevdiyi qızdan. Sən demə qız da onu sevmişdi. Atası onu başqasına ərə vermək istəyəndə onu sevmədiyini söyləyir. Qıza elçi düşən hər bir oğlana yox cavabı verir. Bunu görən ata hirslənir, ifritin köməyi ilə onu tilsimləyir, quşa döndərir. İfrit quşu götürüb evinə gətirir, qəfəsdə saxlayır. Quş bir gün qəfəsin açıq qaldığını görüb, uçur. Sevgilisini tapmaq ümidi ilə yorulmadan qanad çalır. Nəhayət ki, Ağoğlanın yaşadığı gözəl diyarı tapır. Amma o quş idi, Ağoğlan onu tanıya bilməzdi. Odur ki, quş Ağoğlanın tikdiyi məbəddə özünə yuva tikir. Ağoğlan da quşa meyl edir. Onu gözdən qaçırmır. Amma bu yerlərdə də Ağoğlanı istəməyənlər tapılır. Yaz ayında güllü çiçəkli bir çəmənlikdə Ağoğlan çayın kənarında məclis qurub, gəlib gedən səyyahlara, məbədi ziyarət edənlərə ehsan verərdi. O bu diyarda evlər tikər, bənnalığı ilə qazandığı bütün pullarını kasıb insanlara xərclərdi. Bir gün çayın kənarında aşpaz böyük bir qazanda ehsanlıq yemək hazırlayır. Yemək hazır olur. Aşpaz Ağoğlana və onunla bir süfrədə oturanlara yemək çəkmək istəyəndə quş aşpaza mane olur, qoymur ki, qazana yaxınlaşsın. Aşpaz hirslənib əlindəki çömçə ilə onu vurur, qazandan yemək çəkmək istəyəndə quş özünü qaynar qazana atır. Ağoğlan bunu görəndə donub qalır, quşun nə üçün belə etdiyini heç kəs başa düşmür. Aşpaz qazanı kənara boşaldır, qazanda quşdan başqa ölü bir ilan da çıxır. Sən demə quş bunu bilib onların zəhərlənməməsi üçün özünü qazana atıbmış. Ağoğlan bundan çox təsirlənir, quşu əlinə götürür, göz yaşları tökür. Tikdiyi məbədin divarının yaxınlığında onu basdırmaq istəyir. Həmin anda tilsim sınır, quş cildindən cıxır, əvvəlkindən də gözəl bir qız olur. Ağoğlan qızı tanıyır. Eldə özünə hörmət qazanan Ağoğlana camaat yeddi gün, yeddi gecə toy eləyir, muradlarına hasil olurlar. Tikdiyi qəsrdə uzun illər birgə yaşayıb ömür sürürlər.
Həyatda xoşbəxt olmağa səbəb tapmayanlar dünyanın gözəlliklərini görə bilməyənlərdir. Ancaq dünya o qədər gözəldir ki, onun gözəlliklərini seyr etmək insanı başqa bir aləmə apararaq ruh yüksəkliyi bəxş edir. Gözəlliklər içində yaşayanlar xoşbəxt insanlar olur. Ağoğlan da yad məmləkətdə, gözəlliklər yurdunda öz xoşbəxtliyini tapdı.
“Ədəbiyyat və incəsənət”
(23.01.2024)