Azərbaycan rəssamlarının əsərləri Avropa Şurasının platformasında sərgiləndi Featured


Cari ilin 8-9 dekabr tarixində Strasburqda Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP) 10-cu plenar sessiyası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər varir ki, sessiyada  Azərbaycanın da ratifikasiya etdiyi Avropa Mədəniyyət Konvensiyanın vacib 3 istiqaməti üzrə aparılan işlərin, bu sahədə əldə olunan tərəqqi və irəli sürülən təşəbbüslərin dəyərləndirilməsi əsas məqsəd  daşıyıb. Bu məqsədlə gündəliyə qurumun 2022-2025-ci illər üzrə Strategiyası, müvafiq konvensiyaların icrasına dair vəziyyət və büronun vakant yerlərinə seçkilərin keçirilməsi kimi müxtəlif məsələlər daxil olub.
9 dekabr tarixində, təşkilatın mədəniyyət sahəsində fəaliyyətlərinə həsr olunmuş paneldə Avropa Şurasının maliyyə dəstəyi ilə yaradılan “Free to Create, Create to be Free” rəqəmsal sərgi platformasının təqdimatı həyata keçirilib. Təqdimat çərçivəsində, sözügedən platformaya Azərbaycan Respublikası tərəfindən Konvensiyanın ruhuna uyğun təqdim edilmiş əsərlərə görə ölkəmizə təşəkkür ifadə olunub, müəlliflərin yüksək bədii-estetik formalı əsərləri təqdir edilib.
Qeyd edək ki, sözügedən layihə Avropa İnsan Hüquqları Konvensiyasının 70 illik yubileyi münasibətilə Avropa Şurasının təşəbbüsü, CDCPP-nin dəstəyi ilə 2021-ci ildə yaradılıb. Şuraya üzv dövlətlər layihəyə iki sənət əsəri təqdim etməyə dəvət olunub. Bununla əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müasir incəsənətimizin görkəmli nümayəndələrinin - əməkdar rəssamlar Faiq Əhmədin “DNT” və Rəşad Mehdiyevin “Baxış” əsərləri seçilərək öncədən platformaya təqdim edilib. Həmin işlər də tədbir iştirakçılarına təqdim olunub.
Daha sonra tədbir öz işini, mədəniyyət sahəsində müxtəlif regional təşkilatların və ekspertlərin təqdimatları ilə davam etdirib. Tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri, “Free to Create, Create to be Free” layihəsinin koordinatoru Araz Bağırlı təmsil edib.

Fotolarda:
Faiq Əhmədin “DNT” və Rəşad Mehdiyevin “Baxış” əsərləri.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.