“Sənətçinin düşüncəsində “sənət” sözünün sinonimi “azadlıq” olmalıdır, onun “məhkumluğ”a çevrilməsi sənətçi üçün əbədi bir əzabdır” Featured

 “Ədəbiyyat və incəsənət” portalının “Üzbəüz” rubrikasında əməkdaşımız Bahəddin Salman sizləri impressionist rəssam Nazilə Fərzullayeva ilə tanış edəcək. Ən müxtəlif rəng çalarlarını palitrasına qataraq möcüzə yaradan, hətta ABŞ-da belə sərgiyə qatılan Nazilə xanımla söhbət, düşünürük ki, marağınıza səbəb olacaq.

 

 -Nazilə xanım, ilk olaraq sizi portalımızın bütün heyəti adından salamlayırıq.

 

-Salam. Təşəkkür edirəm! Müsahibə üçün məni seçdiyinizə görə sizə və bütün yaradıcı heyətinizə dərin minnətdarlığımı bildirirəm.

 

-Nazilə Fərzullayeva necə oldu ki, rəssamlıq sənətini seçdi?

 

-Kiçik yaşlarımdan rəssamlıq sənətinə xüsusi meylim var idi. Təbii ki, bu meylin sənət eşqinə çevrilməsində valideynlərimin böyük rolu oldu. Məni rəssamlıq kurslarına qoydular. Demək olar, bu sənətin əlifbasını həmin kurslardan öyrənməyə başladım. Sonrakı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Xalça rəssamı” fakültəsinə daxil oldum. Akademiyanın bu fakültəsini seçməyimin səbəbləri var idi. “Azərbaycan xalçaçılıq sənəti”ndəki milli naxışları çəkməyə həmişə böyük həvəsim olub. Mənim uşaqlıq illərim, məktəb illərim Rusiyada keçib. Tam səmimi deyim ki, o mühitdə yaşamağıma, böyüməyimə baxmayaraq, Azərbaycan mədəniyyəti ilə mənəvi dünyam arasında incə bir tel olduğunu həmişə sezmişəm. Beləcə, bu iş, sevgi hiss etdiyim həmin incə telin sayəsində indiki məcraya qədər irəliləyib.

 

-Hal-hazırda xalça rəssamlığı ilə məşğulsunuz?

 

-Xeyr, sadəcə rəssamlıqla məşğulam və rəssam dostlarımla bərabər gördüyünüz bu emalatxanada rəssamlıq dərsləri verirəm. Xalçaçılıqla bağlı son işim Nəsimi ilinə və onun yaradıcılığına aid olub. Həmin xalçada Azərbaycan naxışlarını, miniatürləri və dahi şairimiz İmadəddin Nəsiminin bir qəzəlini işləmişdim. Bir metrlik ölçüdə olan həmin xalça həm də mənim diplom işim idi. Peşəkar rəssamlar tərəfindən bəyənildi və çox sevildi.

 

-Nazilə xanım, məlumatım üzrə sizin bir tablonuz Amerikanın Nyu-York ştatında keçirilən sərgidə yer alıb. Bu barədə məlumat verərdiniz.

 

-Bəli, beynəlxalq rəsm sərgisi idi, 2018-ci ildə Amerikanın Nyu-York ştatında keçirilmişdi. Sərgiyə göndərdiyim tablonun adı “Mifik quş” idi. Həmin tabloda öz təxəyyülümün məhsulunu - mifik quşun obrazını rəngli kağız üstündə çəkmişdim. Mifik quş tablosunu, tam olaraq naxışlarla bəzəmişdim və neon rəngləri çox sevdiyim üçün həmin rənglərdən də istifadə etmişdim. Tabloda ilk baxışdan mifik quşun baş hissəsi tovuz quşunu xatırladır. Bəzən bu quşu ilana belə oxşadırlar. Ümumiyyətlə, quşlarla bağlı bir çox tablolarım var. Bunlardan biri  “Mizan” adlı xalça rəsmimdir. Mizan tarazlıq mənasını verir. Bu xalça rəsmimdə iki quşu təsvir etmişəm. Tablonun orta hissəsində in-yan işarəsindən, Məhəmməd peyğəmbərin istifadə elədiyi islimi (islami) naxışlardan, Şah Abbasın yaratdığı və adına uyğun olaraq “Şah Abbası naxışı” adlanan naxışlardan istifadə etmişəm. Rəsmin orta hissəsində isə xeyir və şər ağ-qara rəng fonunda təsvir edilib.

 

-Sənətdə özünüzə ustad bildiyiniz rəssamlar varmı?

 

-Əlbəttə var. Fransız rəssamı, impressionizm cərəyanının yaradıcılarından biri sayılan Oskar Klod Monenin yardıcılığını ayrıca bəyənir və örnək alıram. Klod Mone təbiətin işığını rəsmlərində heyrətamiz şəkildə təsvir edən rəssam olub. Ümumiyyətlə, onun yaradıcılığının böyük bir hissəsini təbiət mövzulu əsərlər təşkil edib. Sonradan qocalıq dönəmlərində gözləri zəifləyəməyə başlayan Monenin rəngləri qəribə təzadlarda əks etdirməsinin özü belə onun ayrıca istedad olduğunu sübuta yetirirdi. Özünəməxsus bir rəng seçimi və stili olduğu üçün Van Qoqu da hədsiz bəyənirəm. Rəssam olaraq özünəməxsusluq yaratmaq hər kəsə nəsib olmur, amma bu, Van Qoqa nəsib olub. Dünya rəssamlıq sənəti, modern rəssamlıqda hələ də onun dəsti-xəttindən yararlanırlar.

 

-Milli rəssamlarımızdan kimlərdən təsirlənmisiniz?

 

-Bir xalça rəssamı olaraq mən Lətif Kərimovun işlərini çox bəyənirəm. Lətif Kərimovun Azərbaycan xalça sənətinə böyük töhfələri olub. O, akademik təhsilini İranda alıb və milli xalça rəssamlığının əsaslarını Azərbaycana gətirib. Özündən sonra qoyduğu ən böyük izlərdən biri də Rəssamlıq Akademiyasındakı müəllimlərimizdir. İşlərinə rəğbətlə yanaşdığımız digər rəssamlarımız da var. Məsələn, Səttar Bəhlulzadə, Sakit Məmmədov... Amma təsirləndiyim rəssam Lətif Kərimovdur.

 

-Keçmişlə müqayisədə bugünkü rəssamlığın dəsti-xətti dəyişibmi? Müasir rəssamlıqda postmodernizmin təsirləri qalıcıdırmı?

 

-Bəli, dəyişib və postmodernizmin təsirləri qalıcı olub. Keçmiş rəssamlar daha çox idealizmə meyl edirdilər, amma biz, lap elə mənim özüm, düşünürəm ki, daha asana qaçırıq (gülür. )Məsələn, onlar insan, təbiət rəsmi çəkirdilər, amma biz internet dövrünün sənət adamları olaraq, çox şeyin hazırına sahib olduğumuz üçün gözlə görünən faktı yox, öz düşüncələrimizdə gizlənən qeyri-adiliyi sənətə çevirməyə çalışırıq.

 

-Məncə,  sizin – müasir rəssamların təsvirləri asan yox, daha çətin və maraqlıdır. Yəni bir adama, yaxud təbiətə baxıb rəsm çəkməklə beynindəki düşüncəni rəsmə çevirmək arasında çox böyük bir fərq var. Bu, ədəbiyyatda da, rəssamlıqda da, heykəltəraşlıqda da eyni cürdür. Postmodernizmin əsas prinsipi –“hər şeyə icazə verilir” deməkdir. Bəs, sizcə, sənətdə hər cür yaradıcı, sərhədsiz azadlığa icazə verilməlidirmi?

 

-Bəli. Məncə, sənətçinin düşüncəsində “sənət” sözünün sinonimi “azadlıq” olmalıdır. Bu sinonimin “məhkumluğ”a çevrilməsi sənətçi üçün əbədi bir əzabdır.

 

-Nazilə xanım, insanların sənətə qarşı maraqlarının azalma səbəbini nədə görürsünüz? Buna səbəb kimi, dünyanın intellektuallaşmasını, internet və informasiya məkanlarının yaranmasını göstərmək olarmı?

 

-Bu problemə iki fərqli yanaşmam var. Bir tərəfdən çox insanın sənətə axın elədiyini görürəm. Məsələn, hər il Rəssamlıq Akademiyasına yüzlərlə gənc üz tutur. Burda – emalatxanada fəaliyyət göstərən rəssamlıq kursumuza baş vuran çoxlu gənclər olur. Hətta valideynlər görürəm ki, özlərinin tamamlaya bilmədikləri sənət sevgisinin uşaqlarında bütünləşməsini istəyirlər və çox uşaqlar ailələrinin etimadını yüksək bacarıqla doğruldurlar. Digər tərəfdən isə ölkəmizdə sənətlə bağlı ixtisaslara yönəlmiş insanların işlə təmin olunmasının çətinliyi bir çoxunu sənətdən soyudur və onlar məcbur qalıb başqa ixtisasa yönəlirlər. Təbii ki, incəsənəti sevən insanlar tam şəkildə fədakarlıq göstərirlər, sənətdən uzaqlaşmırlar, daim özlərini inkişaf etdirib tutduqları işi daha peşəkar dərəcəyə qədər apara bilirlər. Amma sənət yolunu tutan şəxsin mütləqdir ki, özünəxas dəst- xətti və peşəkarlıq, yaradıcılıq keyfiyyəti olsun. Sənətə eqo ilə, özünü aldatmaq təşəbbüsü ilə gələn insanların yolu qısa olur. Məsələn, mən, eləcə də bir çox rəssam dostlarım var ki, biz bir rəsmi çəkdikdə onun satılıb-satılmayacağını düşünmürük. Rəsmi sevgi ilə, bizə bəxş edilən istedadla, öyrəndiklərimizi işə qatmaqla, düşüncələrimiz və hisslərimizlə yaradırıq. Onu da deyim ki, həmişə yaratdığım rəsmlərin məndən sonra bir iz kimi dünyada qalacağına, məni xatırladacağına  inamım var. Təbii ki, bizdən öncə yaşayıb-yaradan rəssamların belə, bütün əsərləri sevilmədi, amma, bir, ya da iki əsərləri iz qoydu. Bu prosesi tam yaşamaq hər insana nəsib olmur.

 

-İnternet dövründən razınız?

 

-Əlbəttə. İnternet, bizim işlərimizi xeyli asanlaşdırır.

 

-Leonardo da Vinçinin gözəl bir aforizmi var: “Görənlər, göstərəndə görənlər, görməyənlər.” Necə düşünürsünüz, bir tablonu, portreti, yaxud adi bir fotonu köçürtmək rəssamlıqdırmı?

 

-Bilirsiniz, öyrənmək üçün köçürtmək mütləqdir. Akademik tədrisdə belə bu var. Böyük rəssamların işlərini, onların dəsti-xəttini köçürərək rəssamlığı öyrənirsən. Təbii ki, bunu bir adət halına çevirmək lazım deyil. Müəyyən bir vaxtdan sonra sən öz işlərini, düşüncələrini, hisslərini rəsmə çevirməyə başlamalısan. Təhsil müddətimdə Azərbaycan xalçalarının rəsmlərini çəkməyi bizə tapşırıq kimi versələr də, bununla yanaşı, bir rəsmi də öz beynimizdən çəkirdik. Yekunda onu da deyim ki, mənim üçün ancaq köçürmək nə sənətçi olmaq, nə də rəssam olmaq deyil.

 

-Rəssamlıq akademik sənətdir? Bu işlə məşğul olan biri üçün təhsil şərtdirmi?

 

-Məncə, hər bir insan, istəsə rəsm çəkə bilər. Əgər işin peşəkar səviyyəsindən danışırıqsa, bəli, rəssamlıq bir təhsildir. Yəni həkim təhsil almasa, ona necə həkim deyilə bilər? İnsanlar sənətə nə qədər həvəskar yöndən, hobbi kimi yanaşsalar da, peşəkarlıq dərəcəsinin şərt olduğunu, elə də asan yol olmadığını, hamının öhdəsindən rahatlıqla gələ biləcəyi iş olmadığını da anlamalı və bilməlidilər. İşə ciddi yanaşan insanlar, əgər həqiqətən istedadları varsa, akademiyalara üz tuturlar, peşəkar rəssam müəllimlərdən işin doğru, yanlış tərəflərini öyrənirlər.

 

-Nazilə xanım, sözün əsl mənasında bu sualın yeridir. Müəllimləriniz hansı rəssamlar olub?

 

-Mənim müəllimim Xanlar Əsədullayev olub. Bundan əlavə Rəssamlıq Akademiyasında xalça rəssamlığını mənə öyrədən müəllimlərim Məmmədhüseyn Hüseynov, Münəvvər Hacıyeva olub.

 

-Dünya rəssamlıq sənətində bu gün çoxlu axtarışlar, cərəyanlar var. Məsələn, realizm, popart, postmodernizm, materializm, sürrealizm... Bu qədər çoxsaylı cərəyanlar arasında nəyə görə imperessionizmi seçdiniz?

 

-Əvvəllər kompozisiyalar, yəni öz düşüncələrimin məhsulu olan rəsmlər çəkirdim. Sonralar tam fərqli təsvirdə rəsmlər çəkmək istədim. Təbiət rəsmləri məndə həmişə çox qəribə emosiyalar yaradıb. Çünki bu təsvirdə al-əlvanlıq var. Və belə qərara gəldim ki, bu al-əlvanlığın təsvirini impressionizm cərəyanına yönəlməklə canlandırım. Bugünkü gündə sakit təbiət qoynunda, yaxud bir yol kənarında dayanan ağacın üstündəki öz minimalistliyi ilə seçilən yüzlərlə rəngləri görmək, onları hiss etmək məni hədsiz həyacanlandırır. İmpressionizm sözü “rəngin və işığın əksi” mənasına gəlir. Düzdür, bir çox insan bu istiqamətdə çəkilən rəsmlərə o qədər ciddi, mənalı bir iş kimi yanaşmır, elələri olur ki, tənqid edirlər, “bu klassika deyil, başqa janrdır, düzgün çəkmirsiniz, belə rənglərdən istifadə etməli deyilsiniz!” deyirlər. Ancaq, hər şeyə rəğmən, təbiətdəki rənglərin, işıqların əksi bütün bu qeyri-adiliyə laqeyd yanaşmağıma icazə vermir.

 

-Günümüzdə bir çoxları rəsmləri sadə karandaşla işləyirlər. Sizcə, əsl rəsm əsəri rəngləri düzgün çalarlarda yerində işləməklə yaradılır, yoxsa sadəcə karandaşla? Bunlardan hansı rəssamlıq sənətinin əsl üzüdür?

 

-Düzdür, dövrümüzdə bəzi insanlar rəssamlıq sənətini çox adiləşdiriblər, çox primitivləşdiriblər. Hər portret yaradan şəxs haqqında belə bir fikir formalaşır ki, “bu rəsmdir. O, əsl rəssamdır!” Həmin şəxs də “mən portret çəkə bilirəmsə, əsl rəssamam” deyə düşünür.

 

-Gəlin, işin başlağıc və gedişat mexanizmi haqqında bizi məlumatlandırın. Rəsm çəkən adam üçün işin mexanizmi nə olmalıdır?

 

-Ən önəmlisi sən nə çəkmək istədiyini düşünməlisən. Məsələn, təbiət rəsmi çəkmək istəyirsənsə, təbiəti düzgün şəkildə müşahidə etmək işin gedişat prinsipini daha da real və təbii hala çevirir. Təbiət günün üç saat bölümündə özlüyündən fərqli rənglərə boyanır. Burda bir çox rəng çalarlarını aşkara çıxarmaq mümkündür. Bu, internetdən hansısa rəsmi götürüb çəkməklə eyni şey deyil. Müşahidəni bitirdikdən sonra rəsmin eskizi çəkilir, sadə karandaşla rəsm cızılır və sonra rəng etaplarına keçid başlanılır.

 

-İncəsənətin məngənəsi tənqiddir. Bəzən bu məngənədə əzilib, buxarlanıb yoxa çıxan çox insanlar olub. Rəssamlıq sənətində ictimailəşmiş tənqid, peşəkarlar tərəfindən tənqid mövcuddurmu?

 

-Əlbəttə...tənqid həmişə olub və olacaq da. Məsələn, mən bir rəsm üzərində çalışanda, onu ortalığa çıxaranda xeli düşünürəm, xeyli qorxuram...

 

-Rəssamlar rəsmlərini satır və ondan məhrum olurlar. Bu çətin deyilmi?

 

-Çəkdiyimiz hər bir rəsm bizim üçün həyatın parçası sayılır. Bəli, biz həmin rəsmi satanda həyatımızın  parçasını, sərf elədiyimiz zamanı, enerjini də rəsmlə bərabər satmış oluruq. Amma eyni zamanda həm də bu sevindirici haldır ki, rəsmlərini kimsə bəyənir, onu alır və evinin, yaxud iş otağının bir guşəsindən asır.

 

-Nazilə xanım, rəsmləriniz necə satılır?

 

-Sifariş edən də olur,“instagram” səhfəsində işlərimi görüb həmin işlərdən hansınısa istəyənlər də və  həmçinin “Passage Shop” adlı  rəsm qalereyasında da rəsmlərim açıq şəkildə satılır.

 

-Həyat özü gözəl deyilmi ki, onu yenidən uydurmaq lazım gəlsin?

 

-Biz həyatı uydurmuruq, sadəcə onu görünən və görünməyən tərəfləri ilə daha dəqiq təsvir etməyə çalışırıq.

 

-Hal-hazırda hansı rəsm üzərində çalışırsınız?

 

-Yeni bir tablo yaratmağa çalışıram. Adı “Şuşa məscidi” adlanır. Tablonu tam başa çatdırmamışam deyə, hələ ki, bu haqda təfsilatlı heç nə deyə bilməyəcəm. Yalnız onu deyə bilərəm ki, bu işi xalqıma, vətənimə, dövlətimə, uzun illər yaşadığımız Qarabağ həsrətinə, ən əsası da şəhidlərimizə, qazilərimizə həsr edirəm.

 

-Maraqlı müsahibə üçün təşəkkür edirəm.

 

-Sağ olun, mən də sizə təşəkkür edirəm.

 

 

 

Şəkillərdə: Nazilə Fərzullayevanın müxtəlif janrlarda rəsmləri

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.