Dünyaşöhrətli azərbaycanlı heykəltəraş, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, “Şöhrət” ordenli Natiq Əliyevə “Ordine della Stella della Solidarieta Italiana” (“Cəngavər rütbəli İtaliyanın Ulduzu”) ordeni təqdim olunub.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, ordenin təqdimatı İtaliyanın Azərbaycandakı səfirliyinin iqamətgahında dövlət rəsmilərinin, ölkənin yaradıcı ziyalılarının, Azərbaycanın İtaliyadakı keçmiş səfiri Məmməd Əhmədzadə və ADA-nın prorektoru Fariz İsmayılzadənin iştirakı ilə keçirilib.
Ordeni Xalq rəssamına təqdim edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri Natiq Əliyevi xüsusi bir insan, incəsənətin, mədəniyyətin bir hissəsi adlandırıb. “O, sənətdə öz istiqaməti olan bir sənətkardır. Natiq Əliyev İtaliyanın intibah dövrünü tərənnüm edən bir heykəltəraşdır. Həmin dövr – mənim ölkəmin ən böyük sənətkarlarının dövrüdür. Onun bütün əsərlərində intibah dövrünün izi var”.
Səfir bildirib ki, İtaliya Prezidenti heykəltəraşı İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə bu yüksək ordenlə təltif edib.
Təltifə görə minnətdarlığını bildirən Azərbaycanın Xalq rəssamı Natiq Əliyev İtaliya incəsənətinin bütün dünyanın ilham mənbəyi olduğunu qeyd edib: Öyrəndiyim, qibtə etdiyim heykəltəraşların, rəssamların vətənindən təqdim olunan bu orden mənim üçün böyük şərəfdir. Onu həmişə üzərimdə daşıyacağam”.
Natiq Əliyev məlumat verib ki, hazırda italiyalı heykəltəraş Albano Poli ilə müştərək layihə üzərində işləyir. “Layihəyə görə İtaliyanın Verona şəhərində Şekspir və Nizaminin heykəlləri ucaldılacaq. Şekspirin heykəlini italiyalı heykəltəraş, Nizaminin heykəlini isə mən hazırlayacağam”, - deyə Xalq rəssamı bildirib.
Professor Natiq Əliyev diqqətə çatdırıb ki, rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tələbələrə intibah dövrünün sənət əsərləri ilə yanaşı, müasir İtaliya incəsənəti də öyrədilir.
Natiq Əliyevi yalnız ölkəmizdə yox, onun hüdudlarından kənarda da yaxşı tanıyırlar. Onun monumental əsərləri Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində də ucaldılıb. 1990-cı ildə heykəltəraş Rahib Həsənovla birgə yaratdığı Əliağa Vahidin abidəsi bir sıra məziyyətlərinə görə Azərbaycan heykəltəraşlıq sənətində əlamətdar hadisə kimi qəbul edilib. Həmin abidənin qarşısında hər zaman xarici turistlərin ona maraqla baxdığını görmək olur.
Natiq Əliyev Ümummilli Lider Heydər Əliyevin bir neçə abidəsinin, o cümlədən xaricdə - Kiyev, Tbilisi, Həştərxan və Belqradda ucaldılmış abidələrinin, Həştərxanda knyaz Vladimirin böyük (pyedestaldan yuxarı hissəsinin hündürlüyü 4,5 metr olan) abidəsinin, Bakıda böyük rumın bəstəkarı Corce Yeneskunun abidəsinin, Şəkidə dünyaşöhrətli norveçli arxeoloq və səyyah Tur Heyerdalın büstünün, yenə Şəkidə şair Bəxtiyar Vahabzadənin heykəlinin, Bakıda memar Zivərbəy Əhmədbəyovun və bəstəkar V.A.Motsartın, Belqradda serb yazıçısı Milorad Paviçin, Serbiyanın Novi-Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin, Ankara, Sarayevo, Mexiko və Qızılca Hamam (Türkiyə) şəhərlərində Xocalı soyqırımı qurbanlarının, Podqoritse şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin, “Bakı-Həştərxan” dostluq abidəsinin müəllifidir.
Memorial heykəltəraşlıq janrı Natiq Əliyevin yaradıcılığında xüsusi yer tutur. Onun yaratdığı heykəltəraşlıq nümunələri Bakıda Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə, Hüseyn Rəsulbəyov, Afiyəddin Cəlilov, Lətif İmanov, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Əli Tudə, Cabir Novruz, Nəsrulla Nəsrullayev, Zeynal Cabbarzadə, Amaliya Pənahovanın yaşadıqları binalara vurulmuş memorial xatirə lövhələrinin bəzəyidir.
İlyas Əfəndiyev, Həqiqət Rzayeva, Cabir Novruz, Bəşir Səfəroğlu, Osman Mirzəyev, Habil Əliyev, Zəlimxan Yaqub, Cavad Heyət, Cəlal Əliyev, Rəfiqə Əliyeva, Amaliya Pənahova, Fikrət Qoca, Musa Yaqub və Aydın Balayevin qəbirüstü abidələrinin də müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)