Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalı oxucularına daha bir şad xəbəri çatdlrmaq istəyirəm. Dünya fotoqrafiya sənətinin təbliği naminə il ərzində bir neçə beynəlxalq fotomüsabiqələr keçirilir. Onlardan ən başda duranı World press photo-dur. Haqqında bəhs etdiyimiz “PHOTOPANORAMA 2023”
Beynəlxalq Fotomüsabiqəsi isə ilk beşlikdədir.
“PHOTOPANORAMA 2023” bu il Serbiyanın paytaxtı Belqradda keçirilib. Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP)
himayəsi altında keçirilən bu fotomüsabiqəyə dünyanın 52 ölkəsindən 159 fotoqrafın 2649 fotoşəkili göndərilib. Fotomüsabiqənin rəsmi internet səhifəsi qalib işləri elan edib. Və qaliblər sırasında azərbaycanlı fotomüxbir İlqar Cəfərovun da adı var. Hazırda Dövlət İnformasiya Agentliyinin (AzərTAC-ln) fotomüxbiri olan İlqar Cəfərov qızıl medalına layiq görülüb.
Fotojurnalistika nominasiyasında FIAP-ın qızıl medalına İlqar Cəfərovun 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı erməni ordusunun Gəncə şəhərini raket atəşinə tutmaqla törətdikləri cinayəti əks etdirən “Gecə faciəsi” (Night tragedy) fotosu layiq görülüb.
Xatırladaq ki, İlqar Cəfərovun “Heydər Əliyev Mərkəzi” fotosu dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb. Bu günlərdə Bosniya və Hersegovinada keçirilən “BANJA LUKA 2023” beynəlxalq fotomüsabiqəsində isə fotomüxbir 2 qızıl medal (NATIONAL Gold Medal) və diplom qazanıb. Burada da “Heydər Əliyev Mərkəzi” fotosu uğur qazanıb.
Bu fotomüsabiqəyə dünyanın 45 ölkəsindən 149 fotoqrafın 2150 fotoşəkili qəbul edilib.
Bəli, həmyerlimiz beynəlxalq miqyasda Azərbaycanımızın adını yüksəldir, onun fotokamerası yalnız keyfiyyətli işlər ortaya qoyur.
Qapaq şəklində siz “Gecə faciəsi” fotosunu, aşağıda isə hər iki bəhs olunan fotomüsabiqələrdən əldə edilən sertifikatları görürsünüz.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)