Qazaxda və Ağstafada tarixin izləri qorunmalıdır

​​​​​​​​​​​​​​

Könül, “Ədəbiyyat və incəsənət”


Təbii ki, yurdumuzun hər qarışı gözəldir. Eləcə də Qərb bölgələrimiz. 
Ədəbiyyat, təhsil ocağı olan Qazax-Ağstafa bölgəsi ədəbiyyatımıza onlarca məşhur yazar, alim bəxş edib. Bu qədim türk yurdu həm də tarixi mahiyyəti böyük olan mədəniyyət abidələri ilə də diqqət çəkir. Nə gizlədim, bu abidələrdən uzun illər ərzində baxımsız qalanı, uçub dağılanı da az olmayıb. Nə yaxşı ki, yeni mədəniyyət nazirimiz tarixi abidələrin qorunması sahəsində dərhal əməli tədbirlərə əl atıb. Nazirin mart ayında bölgəyə səfəri, ən əhəmiyyətli abidələrə baş çəkməsi, əlaqədar təşkilatlara müvafiq göstərişlər verməsi dediyimə sübutdur. 

İndi isə atılan növbəti addım barədə bilgi vermək istəyirəm. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən regionlarda “Mədəni irsimizi tanıyaq, tanıdaq və qoruyaq” adlı silsilə görüşlər keçirilir. Məqsəd ölkəmizin zəngin tarixi irsinin qorunmasına ictimaiyyətin diqqətinin artırılması, bu sahədə maarifləndirmə işinin təşkili, abidələrin bərpa və konservasiyasına özəl sahənin marağının artırılması və tarixi abidələrin qanunvericilik çərçivəsində istifadəsinin təşviq edilməsidir.
Növbəti belə görüş məhz Qazax-Ağstafa bölgəsində keçirilib. Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın başçılığı altında nümayəndə heyəti Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, İsrafil Ağanın evi, Əyyub ağa məscidi, Qazax rayonunda yerləşən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Baba Dərviş yaşayış yeri, Didvan qülləsi, Qazax Müəllimlər Seminariyasının binası və İsrafil ağa hamamına baxış keçirib. 
Səbinə Hacıyeva görüşlər zamanı ölkə ərazisində yerləşən abidələrin mühafizəsi işinin gücləndirilməsi istiqamətində atılan addımları qeyd edib. Tarixi irsin qorunması, bərpa-konservasiyası və bu sahədə ictimaiyyətin maarifləndirilməsi ilə bağlı aidiyyəti dövlət orqanları, o cümləndən rayon icra hakimiyyətləri ilə birgə fəaliyyətin qurulmasının vacibliyini diqqətə çatdırıb.
Mədəni irsin mühafizəsinin vacibliyi, bu yöndə digər dövlət qurumlarının və vətəndaşların rolu və məsuliyyəti, mövcud problemlər və həlli yolları müzakirə olunub.
Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətləri, abidələrin qorunması, bərpa və konservasiyasında dövlət siyasəti və bölgədə yerləşən mədəni irs nümunələrinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimat nümayiş olunub.
Abidələrin bərpa və konservasiyası, eləcə də turizm məqsədilə istifadəsi istiqamətində fikir mübadiləsi də aparılıb.
Hər bir xalqın öz tarixini sübut etməsi üçün maddi və qeyri-maddi mədəni irsi ən vacib faktordur. Nə xoş bizə ki, xalq olaraq zəngin mədəni xəzinəyə maliyik. Daha, bədxah qonşularımız kimi özümüzdən tarix və mədəniyyət uydurmuruq.

“Ədəbiyyat və incəsənət”
(11.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.