Şənbə günü Bakıdakı Rus evində gənc istedadların sərgisi açılıb. Sərgi Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalı assosiasiyaya istinadən xəbər verir ki, sərgini giriş sözü ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası rəhbərinin müavini Tamerlan Ələkbərov açıb. O bildirib ki, sərgidə gənc rəssamların – İsmayıllı rayonunun İvanovka kənd orta məktəbinin şagirdi Anastasiya Fateyevanın, İvanovka kəndindəki Heydər Əliyev adına orta məktəbin şagirdi Qriqori Falinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Şəhla Nağıyevanın 30 əl işi təqdim olunur.
Onun sözlərinə görə, sərginin keçirilməsində əsas məqsəd gənc istedadların dəstəklənməsi və onların gələcək yaradıcılıq inkişafına motivasiyasıdır. Azərbaycanın Rus Gəncləri Assosiasiyası hər ay belə sərgilər keçirir. Arzu edən hər kəs bu sərgilərdə iştirak edə bilər.
Sonra sağlamlıq imkanları məhdud Şəhla Nağıyevanın anası Şəfəq Nağıyeva çıxış edərək deyib: “Mən Şəhla Nağıyevanın anası olaraq çox sevinirəm ki, mənim gənc qızımın yaradıcılıq işləri burada təqdim olunur və təşkilatçılara minnətdarlığımı bildirirəm. Şəhla 16 ildir şəkil çəkməklə məşğuldur, artıq 80-dən çox əl işi var. O, Moskvada, “Mən bacarıram” adlı festivalda ikinci yeri tutub və hazırda öz fəaliyyətini Bakıda davam etdirir”.
Gənc istedad Qriqori Falin çıxışında ona öz əl işlərini ictimaiyyətə təqdim etmək fürsəti yaratdıqlarına görə təşkilatçılara təşəkkürünü bildirib.
Sərgidə 10 rəsmi təqdim olunan gənc rəssam Anastasiya Fateyeva vurğulayıb ki, bu sənəti özü öyrənib və onda rəssamlığa istedad irsidir.
Qeyd edək ki, sərgi 10 gün davam edəcək. Arzuedənlər sərgini Üzeyir Hacıbəyli, 77 b ünvanında (Bakıdakı Rus evi) ziyarət edə bilərlər. Giriş pulsuzdur.
“Ədəbiyyat və incəsənət”
(28.08.2023)