Ötən gün Hədəf steam liseyinin “Heydər Əliyev - 100. Hədəf məzunları Saturnda” adlı məzuniyyət törəni keçirildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Akademik İsa Həbibbəylinin, Elm və Təhsil Nazirinin müavini İdris İsayevin, Dövlət Gömrük Akademiyasının rektoru Qulu Novruzovun, Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun, millət vəkilləri Musa Quliyevin, Vüqar İskəndərovun, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varisin qatıldığı törəndə ev sahibi, “Hədəf” Şirkətlər qrupunun başqanı Şəmil Sadiq bütün iştirak edənlərə dərin minnətdarlığını bildirdi, Gənc Tamaşaçılar Teatrının səhnəsində biri-birindən gözəl performanslar və çıxışlar yer aldı. 17 məzunun - balabilgənin səhnəyə gəlişi, təqdimatları, ən yaxşı balabilgənin mükafatlandırılması isə törənin kulminasiyası oldu.
“Hədəf” liseyinin hədəfi 3-cü minilliyin milli köklərə söykənən İKT mütəxəssisi, süni intellekt bilicisi, savadlı proqramçı - ümumən nömrə bir mütəxəsslər yetişdirməkdir. Buna doğru da inamla gedir.
İndisə mövzudan mövzuya keçid alaq.
Qeyd etdiyimiz kimi, lisey məzunları Saturna getmələri barədə olduqca maraqlı bir səhnəcik təqdim etdilər. Liseydə 2038-ci ildə lisey fəallarının kosmik fəzaya yüksələcəyi barədə bir söhbət dolaşmaqdadır. Bu gözəldir, böyük hədəflər qoymalısan ki, ən azı kiçikləri vura biləsən.
Növbəti mövzu kosmos turizmi ilə bağlıdır.
Turizm Strateji və Araşdırma Mərkəzi son illərdə gündəmə gələn kosmos turizmi haqqında hesabat hazırlayıb. Bu hesabatda kosmosa birgünlük uçuşun qiymətinin 200 min dollar, kosmik fəzada qalmanın isə 9,5 milyon dollar olduğu qeyd edilib.
Kosmos turizminin macəra və əyləncə məqsədi daşıdığı diqqətə çatdırılan hesabatda bildirilir ki, nəhəng şirkətlər hər il bu sahədə texnoloji yeniliklər təqdim edir. Lüks bir turizm növü olan kosmosa səyahət çox yüksək gəliri olan şəxslər xitab edir və onun iki növü var. Birincisi, planetimizin aşağı orbitinə olan uçuşlardır. Bu səyahət zamanı kosmos turistləri Yer kürəsinin mənzərəsini seyr edirlər. İkinci turizm növü isə Yerin atmosferinə həyata keçirilən birgünlük uçuşlardır.
1990-cı illərin ortalarında meydana çıxan və XXI əsrdə rəsmi olaraq başlayan kosmik səyahət müxtəlif ölkələr və şirkətlər tərəfindən fərqli qiymətlərə təklif olunur. Hazırda atmosferin aşağı hissəsinə turist daşıyan kosmik gəmi olmasa da, kompaniyalar bu istiqamətdə fəaliyyətini davam etdirir. Artıq bir uçuş zamanı 6 nəfəri kosmosa çatdıra biləcək “SpaceShipTwo” kosmik gəmisi hazırdır. Turistlər uçuş zamanı pilotun yanında otura biləcəklər. Adambaşına 200 min dollar qiymətə turistləri kosmosa daşıyacaq bu gəmidə səyahət etmək üçün 200-dən çox potensial turistin müraciət etdiyi bildirilir.
Hesabatda qeyd olunub ki, 2029-cu ilədək kosmos turizmi bazarının 26 faiz artması, bu sahədə şirkətlərin gəlirlərinin isə 4 milyard dollara çatması proqnozlaşdırılır. Komik gəmiləri təkrar istifadə etmək üçün istehsal edən şirkətlər isə sifarişləri daha ucuz qiymətlərlə qəbul edir ki, bu da kosmos turizminin sürətli inkişafına şərait yaradır. ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) sifarişlərini əldə edən və kosmik gəmiləri daha az maliyyətlə istehsal edən İlon Maskın “SpaceX” şirkəti 2008-ci ildən 2022-ci ilədək kosmik fəzaya 200 raket buraxıb. Bu şirkət cari ildə daha 88 raket buraxmağı planlaşdırır.
Milyarder Ceff Bezosun 2000-ci ildə təsis etdiyi “Blue Origin” şirkəti 2011-ci ildə Yerin aşağı orbitinə 3 nəfəri daşıyan kosmik gəmi ilə sınaq uçuşu həyata keçirib. Başlanğıc mərhələdə bir biletin qiyməti 2,8 milyon dollar olsa da, şirkət kosmos turistlərinə daha ucuz başa gələcək səyahətlər həyata keçirməyi planlaşdırır.
“Orion Span” şirkəti isə Yer kürəsindən 322 kilometr yüksəklikdə lüks kosmos oteli tikməyi nəzərdə tutur. İki nəfər ekipaj üzvü və 4 turistin qalacağı bu otelin adambaşına qiyməti 9,5 milyon dollardan başlayacaq.
Sonda yenə Hədəfçilərə qayıdaq. Ümidvarıq ki, onların içindən öz Ceff Bezosumuz, İlon Maskımız çıxacaq.
Və niyə də ki, “Hədəf” steam liseyi balabilgələrinin ayaqları Saturna dəyməsin?
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)