Heç vaxt bəbir dərisindən palto geyinməyin!

Min illərdir dəbdə olan üslub - Bir paltoya görə 250.000 bəbir necə öldürülüb?

“Ədəbiyyat və incəsənət” ölkəmizdə vəhşi təbiətin necə qeydinə qalınması barədə mütəmadi yazılarla çıxış edir. İDEA-nın gördüyü nəhəng işlər barədə elə 3 gün öncə sizlərə söz açmışdıq. Söz sözü çəkər. Mövzumuz məhz bəbirlərin qorunması idi. Adətən bir mövzu barədə danışılanda mütləq antoqonist müqayisə yaratmaq daha effektiv olur. Odur ki, portal olaraq bu gün sizə bəbirlərin qorunmasından yox, necə məhv edilməsindən söz açacağıq. Keçirik dəb mövzusuna. Bəbirlər bizi məhz ora aparır. Əməkdaşlarımız Animal Planet telekanalının bir şərhindən çıxış edərək bəbirlərin kütləvi qırılması barədə sos siqnalına qoşulurlar.

Bəbir dizaynı - bu, klassikadır, cazibədarlıqdır, xarakterdir.

Bu dizayn hər zaman məşhurların seçimi olub. ABŞ-da keçirilən WTA tennis turnirində diqqəti çəkən məqamlardan biri də Alyona Ostapenkonun “geyimdə bəbir dəbinin aktuallığına dair” maarifləndirici proqramı oldu.

"Roland Garros 2017"-in çempionu yaydan bəri Latviyanın "DK One" brendinin geyimində oynayır və Texasda cütlüklərin yarımfinalına yüksələndən sonra belə deyib:

"Bu stil hazırda trenddir - bunu bir çox brendlərdə görmüşəm. Bu dizaynı brendin sahibi olan qızla birgə etmişəm. Düşünürəm ki, bəbir stili dəbdədir, ona görə də bu paltar mənə lazım idi".

Tennis dünyasında bəbir stili yeni deyil. Serena Uilyams "US Open-2014"-də qalib gələrkən də məhz bu stilə üstünlük vermişdi.

Yüksək zövqlü üslubu ilə tanınan Betani Mattek-Sends də yeddi il əvvəl eyni məkanda bu dəbə güvənmişdi.

Bəbir dizaynlı paltarların min illərlə yaşı var. Qədim mifologiyada Misirin müdriklik ilahəsi Seşat, Yunan şərab və ilham tanrısı Dionis və tanrıların anası Kibele öldürülmüş bəbirlərin dərilərində təsvir edilmişlər.

Belə bir fikir var ki, insanlar heyvanın keyfiyyətlərini: gücünü, qarşısıalınmazlığını, gözəlliyini eyniləşdirmək üçün bəbir dərisi geyinmək istəyirdilər.

Bəbir dəriləri bəşər tarixi boyu yüksək qiymətləndirilib, buna görə də leopard çaplı toxuculuq, artıq 18-ci əsrdə ortaya çıxdı.

Bəbir dizaynı Qərb dünyasına sənaye inqilabından sonra sintetik materialların inkişafı və hazır geyim konsepsiyası ilə daxil oldu.

20-ci əsrin birinci yarısında "Chanel"-in böyük həmyerlisi Jeanne Lanvin özünün "Lanvin" brendi altında bəbir çaplı paltarlar tikdi və "Christian Dior" 1947-ci ildə dostu Mitza Bricarddan ilhamlanaraq onu evinin debüt kolleksiyasına daxil etdi.

Bəbir çapı sürətlə moda spektrinə və dünyaya yayıldı. 1950-ci illərdə ABŞ-da "Vanity Fair" markası bəbir dizaynlı alt paltarları istehsal etdi. Bu paltarın tanıtımını o dövrdə gözəllik və cazibədarlıq simvolu sayılan Erta Kit etmişdi.

ABŞ-ın birinci xanımı Jaklin Kennedi dizayner Oleq Kassini tərəfindən hazırlanmış təbii bəbir dərisindən olan palto geyindi. Sonradan Kassini etiraf etdi ki, ondan sonra bəbir dərisindən olan paltolara böyük tələbat yaranıb. Bunun da nəticəsində 250 minə yaxın bəbir öldürülüb.

1993-cü ildə, intiharından bir müddət əvvəl Kurt Kobeyn də eyni dizaynlı palto geyinib fotosessiya etdirmişdi.

Bu dizayn hələ də öz aktuallığını qoruyub saxlayır. Baxmayaraq ki, bəbirlərin nəsli kəsilmək üzrədir və artıq bu heyvanlar "Qırmızı kitab"a daxil edilərək qorunurlar.

Bəli, hər şey insanın özündən, onun xislətindən asılıdır. Hələliksə, imkanlılardan gəlin rica edək ki, heç vaxt bəbir dərisindən palto geyinməsinlər.

 

“Ədəbiyyat və incəsənət”

(09.03.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.