Məsafəcə uzaq, könülcə yaxın Saxa Yakutiya Respublikasının Xanqalas ulusunun Moxsoqollox qəsəbəsində Yakutiyanın xalq şairi Natalya Xarlampyeva ilə “Yakutsement” zavodunun əmək kollektivinin görüşü keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlıya görüşün təşkilatçısı olan Saxa Yakutiya Respublikası İl Tümeninin (Parlamentinin) deputatı , “Yakutsement” zavodunun direktoru Əliş Məmmədov məlumat verib.
Görüşdə Natalya Xarlampyevanın ədəbi irsi ilə bərabər, Yakutiyanın ədəbi aləminin Azərbaycan yazıçı və şairləri ilə olan qədim və bugünkü əlaqələrindən də söz açılıb.
Yakutiya Yazıçılar İttifaqının sədri Natalya Xarlampyeva ötən il çap olunan üç kitabından, eləcə də yakut dilindən bizim dilinə tərcümə olunan klassiklərin əsərləri haqqında məlumat verib. Eyni zamanda son illər Yakutiya və Azərbaycan, türk dünyası yazıçıları arasında əlaqələrin genişlənməsində mühüm rolu olan Avrasiya Yazarlar Birliyinin sədri Yakub Öməroğlu, şair Əkbər Qoşalı və araşdırmaçı jurnalist, pulisist Aida Eyvazlıdan danışıb. Qeyd edib ki, bu il Türkiyədə Aida Eyvazlının Saxa Respublikası haqqında yazdığı qiymətli bir kitab türk dilində çap olunacaq. Moxsoqollox qəsəbəsinin kitabsevərlər klubunun üzvləri, zavodun rəhbər işçiləri, həmkarlar ittifaqının üzvləri və fəhlələrin də qatıldığı ədəbiyyat görüşündə qeyd edilib ki, şair və yazıçıların əmək kollektivləri, böyük zavod və müəssisələrdə keçirilən görüşləri çoxdan xatirəyə və tarixə çevrilib. Lakin Xanqalas ulusundan üçüncü dəfə deputat seçilən Əliş Məmmədov bu qədim və əlamətdar ənənəni yenidən bərpa etməklə, öz alnın təri ilə halal çörəyini qazanan insanlara da sevinc bəxş etdi. Axı ilahi sözün sehri çox böyükdür. Belə görüşlərdə deyilən fikirlər, sözlər, şerlər, bəzən insanın ömrünü, həyat yolunu dəyişir.
Natalya Xarlampyeva öz ölkəsində çox sevilən bir şairdir. Onun görüşünə gələnlər eynu zamanda XXI əsrin oxucusunu maraqlandıran ədəbi əsərlər, dünyada baş verən ədəbi yeniiliklər barədə, müsair ədəbiyyat haqqında fikir mülahizələri aparıblar. Dinləyicilər arasında şer yazanlar da öz şerlərini oxuyublar.
Görüşün sonunda Natalya Xarlampyevanın imzalı kitablarının satışı təşkil olunub. Saxa Yakutlarının Xanqalas ulusunun deputatı həmyerlimiz Əliş Məmmədov “Yakutsement” zavodu adından xalq şairi Natalya Xarlampyevaya xatirə hədiyyəsi də təqdim edib.
Bizim azərbaycanlıların uzaq şimal diyarda ədəbiyyat sevgisi oyatmaları çox təqdirəlayiqdir.
“Ədəbiyyat və incəsənət”
(31.01.2023)