İsti ölkələrdən gətirilən heyvanlar Bakı Zooloji Parkında qışı necə keçirirlər? Featured

Qışda da bu məkan qonaqlı-qaralıdır. Uşaqlarla yanaşı böyüklər də həvəslə ora baş çəkirlər, heyvanları, quşları müşayiət edirlər. Yəqin duydunuz, söhbət hansı məkandan gedir. 

 

“Bakı Zooloji Parkında məskunlaşan hər bir heyvan üçün mütəxəssislər tərəfindən yem rasionu işlənilib hazırlanır. Qida rasionu hazırlanarkən maksimum dərəcədə yemlərin mövsümə uyğun olaraq seçilməsi və həmin heyvanın hazırkı vəziyyəti nəzərə alınır. Yəni, əgər heyvan arıqdırsa, gücləndirici yemlər qida rasionuna əlavə edilir, kökdürsə, onun növünə uyğun olaraq müəyyən pəhriz tətbiq edilir. Heyvanların yemləndirilməsi nə qədər yaxşı və keyfiyyətli aparılarsa, xəstəliklər və hər hansısa problemlərin qarşısını bir o qədər də almış oluruq. Bakı Zooloji Parkında birinci və əsas qızıl qayda odur ki, ən keyfiyyətli yemlərdən istifadə edilsin”.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri AzərTAC-a müsahibəsində Bakı Zooloji Parkının baş baytar həkimi Elvin Süleymanov deyib. 

E.Süleymanovun sözlərinə görə, Bakı Zooloji Parkının Afrika və Asiyanın isti ölkələrində olan heyvanlar və ekzotik quşlar məskunlaşdığına görə, qış aylarında onlara xüsusi qulluq və qayğı göstərilir: “Bakı Zooloji Parkında qış fəslinin hazırlıqlarına yayın son aylarından başlanılır. Qışa hazırlıq iki mərhələdə aparılır. Birinci mərhələdə yem rasionunda dəyişikliklər edilir. Belə ki, qış aylarında havaların soyuq keçməsi heyvanlarda enerji ehtiyacını çoxaldır. Bununla əlaqədar olaraq fəsil dəyişiklikləri zamanı zooparkdakı heyvanların qida rasionu yenidən nizamlanır və qışa uyğun olaraq tənzimlənir. Heyvanların rasionuna 10-15 faiz yem əlavə olunur ki, bu da soyuq havalarda bədəni isitmək üçün ehtiyac olunan enerjini bərpa edir. Bundan əlavə, olaraq orqanizmin gücləndirilməsi üçün vitamin kompleksləri və minerallar verilir. Profilaktik olaraq da zooparkdakı heyvanların vaksinasiyası aparılır”.

Mütəxəssis bildirib ki, zooparkda qışa hazırlığın ikinci mərhələsi ətraf şəraitin qışa uyğunlaşdırılmasıdır: “Bakı Zooloji Parkında Afrika və Asiyanın isti ölkələrindən olan heyvanlar məskunlaşdığından qış aylarında onları istilik və günəş şüaları ilə təmin etmək lazım olur. Belə ki, günəş şüaları və istilik ehtiyaclarını ödəmək üçün həmin heyvanlar ziyarətçilərin görə biləcəyi və heyvanın istiliyini təmin edə biləcəyimiz yuvalarda yerləşdirilir. Həmin yuvalar yerdən və kənardan xüsusi isitmə aparatı ilə isidilir. Yuvaların havalandırılması təmin olunur. Günəş şüalarına ehtiyac olan xüsusi heyvanlar var ki, bunu təmin etmək üçün ulturabənövşəyi lampalardan istifadə olunur. Əgər qış fəslində havalar daha mülayim və yaxud isti keçərsə, həmin gün heyvanlar təmiz hava almaq üçün gəzinti ərazilərinə buraxılırlar”.

Baş baytar həkim bildirib ki, qış aylarında heyvanların davranışında da dəyişiklik hiss olunur. Bəzi növ heyvanlar qış aylarında çox sakit olurlar, aktivlikləri azalır və günün çox hissəsini yatırlar. Bunlara nümunə olaraq ayıları göstərmək olar. Bəziləri isə soyuğu çox sevdiklərindən qış aylarında daha çox aktiv olurlar. Bunlara da Amur pələngi və bizonlar aid edilə bilər”.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.