Adətən hər yeni il uşaqlara Küknar ətrafında Şaxta Baba və Qar Qızla düzənlənən, sonucda da hədiyyələr paylanan tədbirlərlə yadda qalır. Amma bu yeni ildə uşaqlara Heydər Əliyev Sarayı nisbətən fərqli əyləncə təqdim etdi.
Bu dəfə uşaqlara nağıl qəhrəmanlarının iştirakı ilə, böyük Şam ağacının ətrafında musiqili, əyləncəli və interaktiv nağıl-tamaşa təqdim olundu. Özü də bir neçə gün dalbadal. Yeni ilin sevilən personajları uşaqları mahnılar, rəqslər, oyunlar və Yeni il zarafatları ilə sevindirdilər. Və hətta valideyinlər də zalda əyləşib övladları ilə birlikdə maraqla tamaşaları seyr etdilər.
Uşaqların sevimli nağıl qəhrəmanları ilə dialoqları, həmçinin milli və xarici musiqilərə hazırlanmış rəqslər və sürprizlər nağıl-tamaşaya xüsusi rəng qatdı. Əyləncəli, musiqili, interaktiv və maraqlı süjet xətti ilə fərqlənən nağıl-tamaşa uşaqları sevindirib və gözəl əhval bəxş etdi. Uşaqlar sehrli və heyrətamiz nağıl dünyasına səyahət etdilər.
Şənliyin xüsusi qonaqları Xalq artistləri Faiq Ağayev, Miri Yusif və sevilən müğənnilər Murad Arif, Natavan Həbibi, Azad Şabanov və Nadir Rüstəmli uşaqların bayramlarını təbrik etdilər, musiqi hədiyyələrini təqdim elədilər.
Bundan əlavə, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən Yeni il şənliklərində uşaqlar tamaşaçı foyesində Şaxta baba və digər nağıl qəhrəmanları ilə fotosessiya etmək imkanı əldə etdilər.
Heydər Əliyev Sarayının rəhbərliyi ənənəyə sadiq qalaraq bu şənlikdə də, Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin uşaqlarına və uşaq evlərinin sakinlərinə, əlillər cəmiyyətlərinin fiziki qüsurlu üzvlərinə təmənnasız yerlər ayırdı.
Nəcib təşəbbüsə görə var olsunlar!
“Ədəbiyyat və incəsənət”
(09.01.2023)