«Ədəbiyyat və incəsənət” portalı sizləri bölgələrimizsə 2022-ci illə necə vidalaşıldığı barədə xəbərlərlə tanış etməkdə davam edir. Bu sırada işğaldan azad olunan bölgələr əhəmiyyətli yer tutur. Növbəti xəbər Zəngilan rayonundandır.
Zəngilan rayonunun Ağalı kəndində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakı Dövlət Sirkinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının və Füzuli Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə keçirilən kütləvi tədbir hələ uzin müddət balaca sakinlərin yaddaşlarından çıxmayacaq.
Bayram tədbirində Şaxta baba, Qar qızla yanaşı Azərbaycan Dövlət Kukla Teatrının aktyor truppasının üzvləri, eləcə də teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı vokalçıları da iştirak ediblər. Teatrın repertuarındakı bir neçə tamaşadan səhnəciklər nümayiş etdirən kuklaçıların çıxışları maraqla qarşılanıb. Vokalçılarımızın vətənpərvərlik və bayram ovqatlı nəğmələri tədbirə xüsusi rəng qatıb.
Qeyd edək ki, bayram şənliyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təşkil edilmişdi.
“Ədəbiyyat və incəsənət”
(06.01.2023)