Koroğlunun düzgün anlaşılmayan sözləri - ARAŞDIRMA Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Bu günlərdə istəmədən bir neçə gəncin söhbətinə qulaq şahidi oldum. Söhbətin mövzusu mərdlik və qəhrəmanlıq idi. Çox ağıllı fikirlər söyləyirdilər. Söhbət əsnasında onlardan biri ayrılıb gedərkən  zarafatla dedi: “Atalar deyib ki, igidlik ondur – doqquzu qaçmaq, biri isə heç gözə görünməməkdir”. Nədənsə bu ifadə diqqətimi daha çox cəlb etdi.  Görəsən, xalq qəhrəmanımız bu sözləri hansı mənada deyib?

        

Kiçicik bir araşdırma apardım. Öz mülahizələrimə və tədqiqatçılarımızın fikirlərinə istinadən İgidlik ondur-doqquzu qaçmaqdır, biri heç gözə görünməmək" ifadəsi barədə doğru hesab etdiklərimi sizlərin də nəzərinə çatdırmaq istərdim.

Əvvələn, bu ifadə, gəncin dediyi kimi, atalar sözü tək işlənsə də, saf atalar sözü deyil, ən azından konkret müəllifi vardır. Məlum dastanın baş qəhrəmanı olan Koroğlunun düşünülmüş şəkildə dediyi sözlərdir. Bəziləri qəhrəmanın  həmin ifadəni  zarafatla, istehza ilə dediyini söyləyirlər. Unutmayaq ki, sözün düzünü elə zarafatla deyərlər.

Eposun məzmunundan məlum olur ki, can qurtarmaq üçün meydandan  qaçmağı qəbul etmir Koroğlu. Belə düşünənlərə və hərəkət edənlərə istehza edir. Məsələn, dastanın “Qars səfəri” qolunda dəlilər minarənin qapısını açırlar, Koroğlu bayıra çıxır. Qars paşasını nə qədər axtarırsa tapa bilmir. Deyir ki, “Eybi yoxdu. Bu da bir cür igidlikdir. Bu cür adamların igidliyi ondur, doqquzu qaçmaqdı, biri heç gözə görünməmək”. Həmin epizoda istinadən tədqiqatçı İ.Sadiq “Azərbaycan “Koroğlu” eposu (I kitab)” əsərində göstərir ki, bu ifadədə əslində “paşaların qorxaqlığı, cəsarətsizliyi, ürəksizliyi öz ifadəsini tapmışdır, yəni bu atalar sözü ilkin variantda onların qorxaqlığını ifadə etmək üçün işlədilmiş, sonralar atalar sözünə çevrilmişdir. Axı Koroğlu paşanın qaçmağını da igidlik sayır”. Amma burdakı sözlər həqiqi mənada yox, ironiya ilə deyilib. Çünki  Koroğlunun öz qoşmasında dediyi kimi, “Mərd dayanar, namərd qaçar”. Bir də unutmayaq ki, belə paremiyalarda bədii niyyətin çevik qavrayışına xidmət edən məcazilik olur, onlar işlənmə məqamı və şəraitə uyğun olaraq fərqli məna kəsb edə bilirlər. Bu vahidlərə formal məntiq prinsipləri ilə yanaşmaq düzgün deyil. Ona görə ki, onların sırasında ironiya, hətta sarkazm…məzmunlu nümunələrə də rast gəlmək mümkündür.    

Öz qoşmasında “Bizim elin dəliləri, Girər meydana mərd olu, Ölüncə meydandan qaçmaz, Girəndə meydangərd olu”, - deyən Koroğlu kimi bir qəhrəmanın meydandan qaçmağı hünər sayması və hətta bunu təbliğ etməsi qətiyyən inandırıcı deyil. “Həmzənin Qıratı qaçırması” qolunda isə Koroğlu özü haqqında qətiyyətlə belə deyir: “Koroğluyam, qoç oğluyam, qoçam mən, Çətindi ki, mərd meydandan qaçam mən, Havada dövr edən tərlan quşam mən, Sarlar şikarımı ala qoymaram”. Saz havasında bunları oxuyan bir qəhrəman necə “İgidlik ondur-doqquzu qaçmaqdır, biri heç gözə görünməmək" ifadəsini həqiqi mənada söyləyər?!

Bizcə, bu ifadədə hərbi-siyasi çalar var, yəni hərbi taktikanın, döyüş fəndinin obrazlı ifadəsidir. Unutmaq lazım deyil ki, belə ifadələr hər şeydən əvvəl bədii düşüncə məhsuludur və məcazi obrazlar, rəmzi deyimlər hesabına formalaşır.

İfadədəki qaçmaq” bizim başa düşdüyümüz kimi, düşmən qarşısından qaçmaq yox, döyüşdə sürətli hərəkət etmək mənasındadır. “Gözəgörünməmək” isə görünməyən yerdə mövqe tutmaq və oradan hücum etmək mənasındadır. Dastanda işlənmiş “Çıxın qarınca tək dolun hər yandan” misrası da buna işarədir. Beləliklə, ifadədə Koroğlunun igidlik fəlsəfəsinin əsas müddəası öz əksini tapmış - modelləşdirilmişdir.

Tədqiqatçıların yekdil fikrincə, bu, bir fənd, feil, hiylə, siyasətdir, başqa sözlə, hərbi manevdir (aldadıcı hərəkətdir). Bu mənada Koroğlu müəyyən məqamda hərdən qaçmağı məqbul sayır. Bunu onun Dəmirçioğlunu Ərzuruma yola salarkən verdiyi məsləhət də sübut edir. Amma bu qaçmaq aradan çıxıb sadəcə can qurtarmaq kimi yox, düşmənlə vuruşmağın bir fəndi, yenidən geri dönməyə işarə kimi başa düşülməlidir. Koroğlu qoşmalarının birində işlənmiş “Mərd meydandan qaçmaz, qaçsa, aldadı” misrasındakı fikir də bunu sübut edir. “Qaçıb aldatmaq, düşməni çaşdırmaq” bir döyüş taktikasıdır. Həm hərbi güc, həm də düzgün fənd – hərbi strategiya və taktika (doqquzu fənd, biri zor”) Koroğlu qələbələrinin rəhnidir.   

Dastanın V.Xuluflu nəşrində Koroğlu belə səciyyələndirilir: “Koroğlu igid, qoçaq... olmaqla bərabər, həm də çox ağıllı və fəndgir bir adam imiş”. Ona görə də   “həmişə qalib gələrmiş”. Təsadüfi deyil ki, yaxın dostu Aşıq Cünun da Koroğlunu Məhbub xanıma belə nişan verir: “Bilmək olmaz onun min-min felini”. Cəfər paşaya isə aşıq öz qəhrəman dostunu belə tanıdır: ”Mərd meydandan qaçmayıbdı yaşında…”.    

M.Kazımoğlu özünün “Xalq gülüşünün poetikası” əsərində yazır: “Koroğlu bu fikirdədir ki, mərdin meydandan qaçması məhz düşməni aldatmaq üçündür. Bunu nəzərə alan K.Vəliyev yazır: “İgidlik ondur, doqquzu qaçmaq, biri heç gözə görünməmək, – deyimini Koroğlunun məhz trikster funksiyası və dönərgəlik qabiliyyəti ilə bağlamaq daha düzgündür”. M.Qıpçaqla birgə “Türk savaş sənəti” adlı kitab yazıb çap etdirmiş Ə.Əsgər isə Koroğlunun meydandan qaçmağını türk savaş sənətinin hücum və geriyə çəkilmə taktikasının (aypara taktikası və ya Turan türk taktikasını yada salın-İ.V.) tərkib hissəsi adlandırır. Meydandan qaçmağın bir fənd-fel olduğunu igidliklə bağlı məşhur Koroğlu deyiminin başqa variantları da təsdiq edir. Paris nüsxəsində həmin deyim bu variantdadır: “İgidlik altıdı, beşi hiylədi, biri isə zor”. (Bir başqa mənbədə isə oxuyuruq: “İgidlik ondur: biri zordur, doqquzu fənd”-İ.V.) Deyimin Koroğlu dilindən, onun öz fikri kimi verilən bu variantı bir daha göstərir ki, meydandan qaçmaq Koroğludan ötrü hiylə (fənd) işlətməyin bir üsuludur”. Və düşünülmüş hərbi taktikadır. Yüksək sərkərdəlik qabiliyyətinin ifadəsidir. Qələbəni təmin edən üsullardan biridir.

Unutmayaq ki, bu cür ifadələrdə uluların bizə çatdırmaq istədikləri mənanı tapmaq o qədər də asan olmur. Bunun üçün “mənanı daha dərindən başa düşmək bacarığına sahib olmaq” əsas şərtdir. İfadələrin “məğzində, mayasında hifz edilən dərin mənanı, müdrik fikri tam anlamaq, dərk etmək üçün insana, doğrudan da, müəyyən bir düşüncə potensialı, mütaliə səriştəsi tələb olunur”. Araşdırmaçılar Honek və Templin fərziyyələrinə görə, belə ifadələrin qavranılması müxtəlif mərhələlərdə baş verir. İlk öncə, eşidilən ifadənin ilkin mənası, daha sonra isə onun ifadə etdiyi əsas məna başa düşülür. 

Gəlin, əvvəlcə tələsmədən belə ifadələrin ilkin yox, əsas mənalarını başa düşməyə çalışaq, sonra onların “defektli” olub-olmaması barədə fikir söyləyək. Yoxsa, ifadənin ilkin mənası fikrimizi çaşdırıb, bizi yanlış səmtə yönəldə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.