Zahid Teymurov, “Ədəbiyyat və incəsənət”
Gənc ailə idik. Alışırdıq bir birimizə. Bəzən, səbəbini bildirmədən, dinməz-söyləməz küsüb-barışırdıq. Keçirdik könülsüz, qısa sual-cavab rejiminə.
Axşam işdən qayıdanda, zəngi basmamış dərhal qapı açıldı.
- Salam, - mədəniyyətimi göstərirəm - Mən gedəndən elə burada gözləyirsən?
Cavab vermir. Qarşımdan da çəkilmir.
Sülh-əminamanlıq dövrünün vərdişinin əksinə, bir birimizə toxunmadan görüşürük.
Müharibə müharibədir. Qucaqlaşma baş tutmur. Qürurumuz yol vermir. Yalnız imitasiya.
- Здравия желаю! (Sağlam olun) - mənim salamıma açıqla cavab verir.
Barışmaq istəyirəm.
- Hər şey qaydasındadır? - soruşuram.
- Так точно! (Elədir ki var).
- Nədi, orduya çağırılmısınız?
- Tак точно! Сибирский военный округ! (Elədir ki var! Sibir hərbi dairəsi).
Evdə kitabların arasında nizamnamə var. Oxuyub. Söhbətə hazırlaşıb.
Qaydalardan kənar cavab verəcəyinə sual axtarırdım. Tapmadım.
- Darıxmırsan?
- Никак нет! (Heç də yox).
- Necəsən?
- Не могу знать! (Bilmirəm).
- Budur, sevdiyin tortu gətirmişəm.
- Служу Советскому Союзу! (Sovet İttifaqına xidmət edirəm).
Əsəbimlə oynayırdı. Mən barışmaq istəyirdim. O isə təslim olmağımı da istəmirdi. Nəmlənmiş gözlərini gözlərimdən çəkmirdi.
- Gəl bir daha küsməyək. Bütün günü üzülürəm - deyə pıçıldadım ona.
- Yox, küsək! Səninlə barışmağı çox xoşlayıram, - pıçıldayır qulağıma. - Bil, səninlə barışmaq üçün ölərəm... Ya, səni öldürərəm.
Ertəsi gün kitablar istədi.
- Buradakı kitabların hamısını oxumuşam. Brejnevin nüvə silahlarına dair çıxışı, Biysk yağ zavodunun sosialist öhdəçiliyi, Qazaxstan heyvandarlarının beşillik planı..., ,,Üsyan" romanı.
Axşam kitablar gətirdim - intizam nizamnaməsi, atıcı silahlar barədə təlimat, dəmir yolunda qaravulların xidməti barədə tələblər. Bir-bir baxdı. Gülümsəyib baxışlarını yendirdi.
- Məni lap utandırırsan. Burada hər şey sevgi, məhəbbətdəndir. Mənə uşaq ədəbiyyatı gərəkdir.
- Eybi yox! Üç yaşında deyilsən! Artıq böyümüsən.
... Neçə illər keçib o qayğısız günlərdən...
Küsməyə artıq bəhanə uydurmuruq. Barış həyatdır...
AD GÜNÜN MÜBARƏK. ÖTƏN GÜNLƏRİMİN ÇIRAĞI.
HƏYATIMIN BİR HİSSƏSİ YOX, TAM HƏYATIM OLASAN...
“Ədəbiyyat və incəsənət”
(06.01.2025)