Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Hər dəfə həyatın dərin mənasını düşünəndə özümü birqəribə hisslər burulğanında tapıram. Bu dəfə isə "Yerin üstünə baxdım yuxuya dalmışlar, altına baxdım çürüyüb torpaq olmuşlar" deyən Ömər Xəyyamın sözləri məni daha dərindən düşünməyə sövq etdi.
Gözlərimi bağlayıb bu sözlərin arxasındakı mənaları anlamağa çalışdım.
Bir anda qəribə bir yerə düşdüyümü hiss etdim. Ətrafımda nə günəş vardı, nə də ay. Sanki hər şey həm var idi, həm də yox. Birdən uzaqdan bir səs eşitdim.
– Nə axtarırsan, insan? – dedi səs.
Dönüb baxdım, bir kölgə gördüm. Amma bu adi bir kölgə deyildi, sanki həm bir insanın, həm də bütöv bir keçmişin xəyali idi.
– Mən? Mən sadəcə həqiqəti axtarıram. Bu dünyada niyə yaşadığımızı, niyə gəlib getdiyimizi anlamaq istəyirəm, – dedim.
Kölgə bir az yaxınlaşdı. Onun səsi artıq daha aydın idi.
– Yerin üstünə baxırsan, orada yuxuya dalmışlar görürsən. İnsanlar hər gün gözləri açıq, amma ruhları yuxuda gəzirlər. Onlar həyatın gözəlliklərini, dərin mənasını hiss etmədən yaşayıb gedirlər. Onlar yalnızca nəfəs alırlar, amma yaşamırlar. Bu, sənə tanış gəlmir?
Başımı aşağı saldım. Bəli, bu sözlərdə bir həqiqət vardı. Çoxları həyatın əsasını unudaraq boş məqsədlər arxasınca qaçırdı.
– Bəs yerin altı? Oradakılar? – soruşdum.
Kölgə dərindən bir ah çəkdi.
– Yerin altına baxanda çürüyüb torpaq olmuşlar görürsən. Onlar bir vaxtlar yerin üstündə yuxuda olanlardır. Bəziləri oyanmağa çalışdı, bəziləri isə heç bunu düşünmədən getdi. Onlar artıq torpağın bir parçasına çevriliblər. Amma onların izləri, xatirələri hələ də buradadır. Səncə, onların həyatı nə üçün idi?
Susdum. Düşüncələrim bir-birinə qarışdı. Həyatın dəyəri nə idi? Niyə gəlib gedirik?
– Bəs mən nə edə bilərəm? – soruşdum.
Kölgə yaxınlaşdı, elə bil mənim ürəyimə baxırdı.
– Oyandır ruhunu. Həyatı yalnız keçib gedən anlarla deyil, yaşanan dəyərlərlə doldur. İnsanlara sevgini, mərhəməti öyrət. Səni görənlər həyatın əsl gözəlliyini dərk etsinlər. Çünki bir gün sən də yerin altına enəcəksən. Amma izlərin yuxarıda qalacaq. Sənə necə xatırlanmaq istədiyini özün seç.
Oyananda artıq günəş çıxmışdı. Hər şey mənə daha parlaq görünürdü. Sanki hər bir ağac, hər bir quş, hətta yerdəki torpaq belə danışırdı.
Yerin üstü ilə altı arasındakı bu səyahət məni tamamilə dəyişmişdi. Artıq başa düşürdüm ki, həyat yalnız nəfəs almaq deyil. Həyat sevgi ilə yaşamaq, gələcəyə iz qoymaqdır.
“Ədəbiyyat və incəsənət”
(30.12.2024)