Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
-Ay uşaq, dolağımı gətir!
8 yaşlı qızcığaz “lələ” dediyi babasının hökmlü səsini eşidən kimi içəri cumdu, dolabçanın üst siyirməsini açdı, yuvaraqlaşmış dolaqları əlinə alıb eşiyə qaçdı. Babası əlini irəli uzadıb dolaqları götürəndə qızcığazın üzünə də baxmadı. Bir “ah” çəkdi, gözünü qarşı dağdan axıb gələn dumana zillədi:
-Kaş, Göyçədən anamdan qalan keçə dolaqlarıca gətirə biləydim... Onlar yaman isti saxlayırdı.
Qızcığazı ağlamaq tutdu... İlk dəfəydi ki, babasının səsində hökm yox, acizlik, çarəsizlik hiss edirdi...
...Keçə dolaqlar... Axı onlar necəydi ki, yun ipdən hörülən dizlikdən daha yaxşı, şal parçadan kəsilmiş dolaqlardan daha isti olurdu? Nəydi axı keçə? Bu sualın arxasınca illərlə yüyürə bildi qızcığazın yaddaşındakı bir xatirə carçısı...
***
Keçə bizim qədim mədəniyyətimizin bir parçasıdır. Yundan “yoğurma” və ya “iynələmə” texnikası ilə hazırlanan keçənin müalicəvi əhəmiyyəti də var. Xüsusilə, soyuq mövsümlərdə keçədən hazırlanmış qiyafətlər revmatizmi azaldır, mövsümi xəstəliklərə tutulma zamanı bədən temperaturunun sabit qalmasına kömək edir.
Keçəçilik sənəti haqqında ətraflı məlumat verməsi üçün üz tutduq AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədliyə. “Balakən-Zaqatala bölgəsinin tarixinə dair oçerklər” kimi dəyərli kitabın müəllifi keçəçiliyin qədimdə Azərbaycanın bütün bölgələrində inkişaf etdiyini deyir:
“Toxuculuğun meydana gəldiyi Neolit dövründən üzübəri bu sahə toxuculuqda ilk sahələrdən biridir. Düzdür, biz Balakən bölgəsində aparılan arxeoloji qazıntılarda keçə nümunələrinə rast olmamışıq, amma Nəsib Muxtarov Şəki ərazisindəki araşdırmalarında keçəçilik sənətiylə bağlı faktlar aşkarlamışdı. Aparılan tədqiqatlar, əhali arasında keçirilən sorğular onu göstərir ki, ən qədim zamanlardan bəri, Qarabağda olduğu kimi, Azərbaycanın şimal-qərb bölgəsində də keçəçilik sənəti mövcud olmuşdur. Bu bölgə nisbətən rütubətli bölgədir. Burada qədim dövrdəki yaşayış evlərinin bir qismi qazma və yaxud yarımqazma evlər idi. Xüsusən, bu evlərdə keçə geniş istifadə olunan əl əşyasına çevrildi. Dağlarda çobanlıq edənlər də keçə vasitəsilə soyuqdan, rütubətdən, nəmdən, yeri gələndə, ilandan, əqrəbdən, digər canlıların hücumundan qoruna bilirdi. Bu cür - dəlinməsi çətin olan keçələrin at tükündən toxunduğu bildirilir. Tarixi məlumatlar keçənin qoyun, keçi yunundan da toxunduğunu göstərir. Qısaca deyərəm ki, Şimal-Qərbi Azərbaycanda da keçəçilik məhsulları mədəni sərvət sayılırdı”.
Tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyeva “Qədim xalq sənəti-keçəçilik” adlı yazısında qeyd edir ki, keçə hazırlanması işi “basma üsulu üzrə ixtisaslaşmış ustalar tərəfindən aparılıb”. Oxuduğumda təəccübləndiyim bu cümlədəki haqlılıq payının çoxluğunu keçənin hazırlanma prosesi barəsində öyrəndiyimdə anladım.
“Kitabi-Dədə Qorqud”da da, “Divani-lüğət-it-türk”də də keçədən bəhs olunur, keçənin məişətdəki yerinin əhəmiyyətindən söz açılır. Keçə haqqındakı yazılı mənbələrin tam xronikasına rast gəlməsəm də, tarixi faktları çözələdikcə bu sənətin qədimiliyinin izlərindən yan keçmək olmur. “Qara keçə” və “Qapı keçəsi” belə, üstünə bəzək vurulmasa da, böyük peşəkarlıqla hazırlanırmış. Folklor nümunələrinə kənardan baxanda ümumi mənzərə belə görünür: keçə məişətin hər guşəsində- atları yəhərləyəndə də, körpələrin bələnməsində də istifadə olunub.
Bəs indi keçə sənəti ilə məşğul olan varmı? Akif Məmmədlinin sualımıza verdiyi cavabda təəssüf vardı:
“1990-cı illərdə Zaqatalada Keçəçi Məhəmməd vardı. Bu sənəti dirçəltmək, maddi-mədəni irs siyahısındakı yerini bərkitmək qərarında idi. Dediyinə görə, keçəçilik onun ata-baba sənəti idi. Amma hazırladığı məhsullar rəğbət görmədi, alıcısı olmadı deyə, qısa zamanda Keçəçi Məhəmməd iflasa uğradı”.
Yenə də, ümidi üzmək olmazdı... Azərbaycan xalqı qədirbiləndir, öz dəyərinə sahib çıxandır axı... Keçə sənəti də haradasa vardı, mütləq vardı! Və onun izinə rast gəlməkdə gecikmədik... Keçə sənətinin dövrümüzdə dirçəldilməsində Rauf Əbdülhüseynoğlunun (1957-2021) da xüsusi rolu olub. “Humay” milli mükafatının laureatı, Azərbaycan Rəssamlar İttifaqının, Reklamçılar İttifaqının üzvü olan Rauf Əbdülhüseynoğlunun əl işləri dəfələrlə xarici ölkələrdəki sərgilərdə də yer alıb. Eldar İbrahimoğlunun 2010-cu il tarixli yazısından belə məlumat alırıq ki, rəssamın oğlu da keçə sənəti ilə məşğul olur.
2023-cü ilin yanvarında modelyer-rəssam Nailə Kərimovanın “Keçə sənəti: Zamanın və məkanın vəhdəti” adlı ilk fərdi sərgisi keçirilib. “İctimai” TV-nin “Niyə keçəçilik sənətinə tələbat azdır?” araşdırmasında isə “iynələmə” texnikasıyla işləməyə üstünlük verən keçəçi rəssam Günel Hüseynovanı tanıyırıq.
Qədim sənətlərin yaşadıldığı mədəniyyət mərkəzlərindən biri olan Şəkidə də keçə sənətinin bu günü ilə maraqlandıq. Və qarşımıza Şəki şəhərindəki “Sənətkarlar evi”ndə emalatxanası olan Vəfa Natiq qızı Mustafayeva çıxdı. Söhbətimiz zamanı sənətkarın uzun illərdir ki, təkəlduzla məşğul olduğunu da öyrəndik.
-Təkəlduz sənətini kimdən öyrənmisiniz, Vəfa xanım?
-Ailəmizin keçmişində də təkəlduzla məşğul olanlar olub. Nənəm təkəlduz tikməyi bacarıb. Atam da bu sənət barədə yetərincə məlumatlı idi. Atam o vaxt işləmək üçün Rusiyaya gedib-gəlirdi. Bizə oradan tikmə, toxuma ilə bağlı jurnallar gətirərdi. Bir dəfə də gedəndə bacım Aysel xanıma dedi: “Sənə nə gətirim, qızım?” Bacım düşünmədən dedi: “Təkəlduz iynəsi gətir”. Atam da gətirdi. Başladıq yavaş-yavaş atamın köməkliyi ilə təkəlduzu öyrənməyə. Sonra atam avtoqəzada vəfat etdi... Bu sənət, bir növ, ona vəfa borcumuz oldu. Bacım Aysel xanımla birgə 20 ildən artıqdır ki, təkəlduzla məşğuluq. Əvvəl 1 əsər işlədik, sonra birini daha, birini də... Bir də gördük ki, artıq ustalaşmışıq. 2007-ci ildə burada-“Sənətkarlar evi”ndə təmənnasız olaraq sənətkarlara yer ayrıldı. O vaxtdan da buradayıq...
-Təkəlduz iynəsini tapmaq çətin olur ki?
-Təkəlduz iynəsi qarmaq kimi olur. Keçmişdə daha gözəl iynələr olub. Yəqin ki, o vaxt iynələr poladdan olub. Düzdür, indi də iynələr var, amma o vaxtkılar kimi möhkəm deyil. Biz təzə işə başlayanda Şəkidə yaşlı bir kişi vardı, möhkəm iynələr satırdı. Bol miqdarda iynə almışdıq ondan. İndi o kişi dünyasını dəyişib. Hələ ondan aldığımız iynələrlə işləyirik.
-İynəniz qırılsa, qalacaqsınız belə?
Göyçə ləhcəsiylə verdiyim bu sualdan sonra fikrimi izah etməkçün söz axtarıram... Vəfa xanımın söhbətinə davam etdiyini görüb ürəyimdə sevinirəm.
-Biz o vaxt iynəni çox almışıq deyə, hələ iynə qıtlığı yaşamamışıq. Bir də, baxır iynəni işlədənə də... Usta olar ki, səliqəsiz işlədər, qırılar. Biz çalışırıq ki, səliqəli işlədək. Təkəlduz ipək saplarla işlənir, 100% ipək olmasa belə, ən azı, 60-70% ipək olmalıdır. Qalın parça üzərində işlənir. Çalışırıq ki, ənənəni qoruyaq. Tikdiyimiz təkəlduzlarla dəfələrlə sərgilərdə olmuşuq. Hazırda Azərbaycanın İtaliyadakı səfirliyinin binasında əl işimiz var. Mövzusu Xan sarayının divar naxışlarından olan ağacdır. 2019-cu ildə Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi keçirilirdi. Orada irihəcmli bir işimiz hərraca çıxarıldı. Dəvə karvanı işləmişdik. III yeri qazanan əl işimiz dövlət tərəfindən alındı, bizə də mükafat verdilər.
-Aysel xanım və ya elə, siz özünüz sənətinizi kiməsə öyrətmək fikrinə düşmüsünüzmü? Davamçılarınız varmı?
-Bacım Aysel xanımın iki qızı, bir oğlu var. Qızları da təkəlduza maraqlıdırlar. Ayrıca kurs kimi keçməyə, öyrətməyə, kimisə hazırlamağa vaxt sərf edə bilmirik. Birincisi, vaxt qıtlığımız var, ikincisi, sənət daim göz qabağında olmalıdır, öyrənəcək insanın əli daim bu sənətlə məşğul olmalıdır. Mən indi daha yaxşı anlayıram ki, niyə qədimdə sənətkarların sənət mirası nəsildən-nəslə ötürüləndə daha effektiv olurdu. Çünki evin içində hamı bir yolla bu işin, belə deyim, qulpundan tutur. İstər-istəməz, əl öyrəşir, göz öyrəşir, işin dərinliyini anlayırsan. Bir də, bu cür əl işlərində səbirin önəmi böyükdür. Hər uşaqda da saatla oturub incəliyi öyrənəcək səbir olmur.
-Bəlkə günahı yıxaq zəmanənin boynuna? Hamı istəyir, tez qazansın, asan qazansın.
-O da var... Qazanmaqdan ötrü “elə bir az bildim, bəsdir” deyirlər. O “bir az” üçün də vaxt sərf etməyə dəymir. Biz daha çox qış aylarında-Şəkiyə turistlərin az gəldiyi vaxtlarda işləyirik. Yay uzunu isə əl işlərimizin satışını həyata keçirməyə çalışırıq ki, qazanc olsun. Heç almasalar belə, gələn turistlərə sənətimiz haqqında məlumat vermək, təkəlduzu da, keçəçiliyi də təbliğ etmək bizim bu xalq qarşısında borcumuzdur.
-Keçəçi axtara-axtara gəlib sizi tapmışam.
-Bizim o sənətə yönəlməyimizin öz tarixçəsi var. Pandemiyadan qabaq avtoqəza bizim bir doğmamızı da aldı, bacımızı itirdik. Ardınca pandemiya başladı. Üst-üstə gəldi sanki kədər, məyusluq, ümidsizlik. O əhvalla keçə ilə maraqlandıq. Ardınca Vətən müharibəsi başlandı. Bacım Aysel xanımın həyat yoldaşı Vətən müharibəsində həkim kimi iştirak etdi. Müharibə ərəfəsində emosional baxımdan gərginliyimiz bir az da artdı. Keçəçiliklə bağlı araşdırmalarımızı dərinləşdirdik ki, həm başımızı qataq, həm də həyatımızda yeni nəsə olsun. Bilirsiniz, Qarabağ öz keçələri ilə də məşhur olub qədimdən bəri. Araşdırmalarımız zamanı, bəlkə də, 3 minə yaxın materialla tanış olduq-videolar izlədik, məqalələr oxuduq... Nəhayət, işə başladıq. Düzü, əvvəl mən keçəçiliyə tək başlamışdım, amma gördüm yox, bu, təkin işi deyil. Aysel xanım da başladı mənimlə birgə işləməyə. Tez-tez işləyirdik, elə bil, nəyəsə tələsirdik. 2022-ci ilin dekabrında möhtərəm prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki Xan məscidi kompleksinin açılışına gəlmişdilər. Onların qarşısına 6 keçə ilə çıxdıq. İndi düşünürəm, bəlkə də, daxilən elə buna tələsirmişəm... İlk keçə işimizi-“Şuşa” adlı əsərimizi Mehriban xanıma təqdim etdik. Xoşuna gəldi... Qeyd edildi ki, əsərimiz Şuşada sərgilənəcək. Sənətkar üçün bundan üstün nə ola bilər ki?!
-Keçədən hazırladığınız işlərin adını, motivini əvvəlcədən planlaşdırırsınız, yoxsa iş özü özünə ad qazanır?
-Əvvəlcə, eskizi hazırlayırıq. Qeyd edim ki, biz eskizi vərəqə çəkmirik ha! Birbaşa keçənin üstündə başlayır iş. Ümumiyyətlə, istər təkəlduzda, istərsə də keçəçilikdə rəssam missiyasını Aysel xanım yerinə yetirir. Sonra ikimiz də ardıcıl işləyirik. Amma siz baxsanız, bir işdə iki əlin işlədiyini anlaya bilməzsiniz. Çünki eyni vaxtda öyrənmişik bu sənəti, eyni xətlə də işləyirik. İş bitəndən sonra ad qoyuruq. Və ən əsası, çalışırıq ki, millilikdən uzaqlaşmayaq... “Qobustan”, “Leyli-Məcnun”, “Xan sarayının divar naxışı” adlı keçə əsərlərimiz baxanların daha çox diqqətini çəkir.
-İşlərinizdə xüsusi imza qoyursunuzmu?
-Əlbəttə! Əksər işlərimizdə “V.S.A”, “A.V”, “A.S.V” kimi işarətlər görə bilərsiniz. Vəfa, Sevda-anamızın adı, Aysel. Keçənin hazırlanmasında anamın əməyi də danılmazdır. Çox adam soruşur ki, niyə hərflərin düzülüşü konkret deyil. Onu da izah edim. İşi bitirəndən sonra, sadəcə, adlarımızın baş hərfini qoyuruq. Hərflərin düzülüşünün necəliyini yox, o hərflərin orada olmasını düşünürük. Özümüz də bu fərqli düzülüşün fərqinə sonradan varmışıq.
-Keçənin hazırlanma prosesindən də danışaq... Mirzə Fətəli Axundzadənin ev muzeyinin həyətində prosesi izah etdiyiniz bir video vardı. Baxdım, açığı, elə baxa-baxa yoruldum ki, necə çətin imiş...
-Keçənin hazırlanması prosesində 30-a yaxın prosedur həyata keçirilir. Yunu alırıq. Və biz həmin yunu seçib alırıq. Hər yundan da keçə alınmır. Yunu yuyuruq, quruduruq, çırpırıq, didirik, başlayırıq yoğurmağa. Həsirin içində bürmələyirik, azca sulayırıq, başlayırıq atmağa. Keçəçilərə “atıcı” da deyilməsi buradan gəlir. Atılıb-tutulduqca yun bərkiyir. Sonra dürmələyirik, xırda eskizini edirik və tikirik. Müasir Azərbaycanda keçə üzərində tikməni ilk biz etmişik. Qədimdə olub, bir çox türk xalqlarında da bu ənənə yaşadılır, amma bizdə unudulmuşdu. Başqa sözlə, keçə üzərində təkəlduz işləyirik. İki sənəti qovuşdurduq deyə bilərəm. Amma keçə sənəti sürətlə işlənəsi sənət deyil. Bəzən ilə 2 keçə ancaq işləyirik. Hər mövzu da keçə üzərində alınmaz axı... Bəzən mövzu seçimini dəqiqləşdirməkçün iki ay fikirləşirik.
-Keçənin xüsusi saxlanma qaydası varmı?
-Təsəvvür edin ki, Altay dağlarında, kurqanlarda keçə tapılıb. Yəni keçə çürümür. Yeganə saxlama qaydası budur ki, bükələk qalmasın, hava dəysin, güvə düşməsin. Vəssalam! Təkəlduz da elə, hava oynayan otaqda olmalıdır. Təkəlduzun tozlanma problemi ola bilər. 10 ildən bir soyuq suya salıb azacıq saxlamaq, sonra gün düşməyən yerdə qurutmaq lazımdır.
-Elə sənət əsəri varmı ki, onu satmaq istəməzsiniz?
-Əsərlərin hamısı sənətkar üçün doğmadır... Amma məsələn, təkəlduzda “Xosrov və Şirin”i, keçədə də “Qobustan”ı satmaq keçmir ürəyimdən. Təbii, alıcısı çıxsa satılacaq, amma qəlbimin dərinliyində istəyərəm daim bu əsərlər gözümün önündə olsun, duyğulananda baxım, toxunum... Əslində, əsərlərimizin geniş ictimaiyyətə təqdim olunma yerləri respublika səviyyəli və ya beynəlxalq sərgilərdir. 5 dəfə Fransada olmuşam. Şəki ilə Kolmar şəhəri qardaşlaşmışdı. Orada sərgilərdə iştirak etmişəm. Stendi elə bəzəmişdim ki, uzaqdan nəzər cəlb edirdi. Fransızlarda təkəlduza, ümumiyyətlə, Azərbaycan milli ornamentlərinə maraq çox idi. Mənsə, ölkəmin qədim mədəniyyətini təbliğ etdiyimçün qürur duyurdum.
***
...Kəndə hay düşmüşdü. Əyri Əşrəfin 13 yaşlı oğlu özünü Qoçaq Məhərrəmin qapısına çatdırdı:
-Məhər əmi, ay Məhər əmi! Bolşeviklər gəlir!
Qoçaq Məhərrəm odun doğradığı baltanı kənara atdı, üzünü təndir damına tutdu, əyalına səsləndi:
-A Fikrinin fikri dağınıq qızı, hey! Keçələri gətir!
-Keçəni neyləyəcəksən, a Məhər? –bunu oğlunun arxasınca yüyürən Əyri Əşrəf soruşmuşdu.
-Tüfəngləri keçəyə büküb torpağa basdıracağam. Bir gün o bolşeviklər çıxıb gedəcəklər, onadək silahlar paslanmasın...
...İllər sonda, 1970-ci illərdə Göyçə gölünün sahlindəki balaca Dərə kəndində Qoçaq Məhərrəmin nəvəsi Məhərrəm müəllim 8-ci sinif uşaqlarına deyirdi:
-Bizim öz günəşimiz var bu gözümüzü qamaşdıran projektorun arxasında. Bir gün o günəş parlayacaq. O günəşi bizə miras qoyan kişilərin nəvələriyik biz!
-O günəşin adı nədir?-Anbardar Vəlinin qızı soruşmuşdu.
-Müstəqil Azərbaycan!
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)