Taleh Mansur, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ulduz" jurnalı ilə " Xalq qəzeti"nin ortaq layihəsi çərçivəsində "Ulduz"lu görüşlər" keçirildi.
Bu, "Ulduz"lu görüşlər"in ilk tədbiri idi.
Tədbirdə "Ulduz" ədəbiyyat dərgisinin baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs, Xalq qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova, Xalq artisti Eldost Bayram, Filologiya fakultəsinin dekanı, dosent Könül Həsənova və "Ulduz" jurnalının əməkdaşları, yazıçı Təranə Vahid, şair Taleh Mansur, eləcə də universitetin tələbə, müəllim heyəti iştirak edirdi.
Təbdiri giriş nitqiylə açan Qulu Ağsəs, təhsil ocaqlarında silsilə görüşləri nəzərdə tutan layihə haqda geniş məlumat verərək, görüşün təşkili üçün universitet rəhbərliyinə, həmçinin Mahirə xanıma minnətdarlığını bildirdi.
Ardınca söz Mahirə Hüseynovaya verildi. Mahirə Hüseynova qonaqları salamlayaraq, bu kimi görüşlərin xüsusi əhəmiyyətini vurğuladı, "Ulduz" ədəbiyyat dərgisi ilə təmsil etdiyi təhsil ocağının əməkdaşlığı çərçivəsində görülən işləri diqqətə çatdırdı. Eldost Bayram öz növbəsində gələcəyin müəllimlərinə tövsiyə və məsləhətlərini ifadə etdi, onlara uğurlar arzuladı.
Eldost Bayramın ifasında Mahirə Hüseynovanın "Gedək uzaqlara" şeiri alqışlarla qarşılandı.
Əflatun Amaşov çıxışında milli-mənəvi dəyərlərə diqqət çəkərək, bu yolda gənclərin məsuliyyətli olmasını tövsiyə etdi, mütaliə mədəniyyətinin qorunub-saxlanılmasının əhəmiyyətini qeyd elədi. Filologiya fakultəsinin dekanı Könül Həsənova tədbirin təhsil ocağının müəllim, tələbə heyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini, bu kimi təbdrilərin davamlı olmasının vacibliyini bildirdi.
Yazıçı Təranə Vahid və şair Taleh Mansur öz çıxışlarında ədəbi gəncliyin tribunasına çevrilmiş “Ulduz" jurnalının tarixi və bu günü ilə bağlı məlumat verərək, yaradıcılıq qabiliyyəti olan gəncləri əməkdaşlığa dəvət etdilər.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırıldı. Tələbələrin ifasında Qulu Ağsəsin şeirlərindən ibarət nümunələr səsləndirildi.
Sonda "Ulduz" jurnalının və "Xalq" qəzetinin seçilmiş sayları hədiyyə olaraq tələbələrə təqdim edildi, xatirə fotosu çəkildi.
“Ədəbiyyat və incəsənət”
(12.12.2024)