Şimali Kipr Türk Respublikasında “Türk Dünyasında Qadın” simpoziumu keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, simpoziumda müxtəlif ölkələrdə qadınların ictimai-siyasi həyatda iştirakçılığının vəziyyəti və inkişafı ilə bağlı akademik müzakirələr aparılıb, gələcək fəaliyyətə dair təkliflər səsləndirilib.
Onlarla ölkənin qadınlarının təmsil olunduğu simpoziumda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iştirak və çıxış edib. Ölkə başçısı türk dünyası qadınlarının fəaliyyətini yüksək qiymətləndirib, onlara uğurlar arzu edib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsini təmsil edən Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı “Azərbaycanda qadın hüquqları” mövzusunda çıxış edib. Çıxışda qeyd olunub ki: “Ölkəmiz 1918-ci ildə Şərqdə ilk dəfə qadına seçib-seçilmək hüququ verib, bu da o dövrdə Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda əzminin ən parlaq göstəricisi olub. Ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Azərbaycan qadını ölkədə ən yüksək dövlət vəzifələrində təmsil olunur, gender bərabərliyi təmin olunur”. Simpozium iştirakçılarına DİDK-nın xaricdə yaşayan azərbaycanlılara hüquqi yardım göstərilməsi məqsədilə həyata keçirdiyi uzunmüddətli layihələr, eləcə də yeni nəsil diasporun ana dilində təhsil alma hüququnun təmin olunması üçün açılan həftəsonu Azərbaycan məktəblərinin fəaliyyəti barədə də məlumat verilib.
Daha sonra azərbaycanlı məcburi köçkünlərin, o cümlədən qadınların ata-baba yurduna dönməsini əks etdirən qısametrajlı film göstərilib və iştirakçılarda böyük maraq doğurub.
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan nümayəndə heyəti ilə tanış olub və Diasporla İş üzrə Dövlət Komitəsinin Youtube kanalı olan Diaspor TV-yə müsahibə verib. Prezident öz müsahibəsində bildirib ki: “Azərbaycan prezidenti İlham Əliyevin Türk dövlətləri birliyinə önəm verməsi, birlikdə gələcəyə daha güclü şəkildə yürüyə biləcəyimizi ifadə etməsi bizim üçün çox böyük əhəmiyyət daşıyır. Mən İlham Əliyevin fəaliyyətinə böyük dəyər verirəm, xüsusilə Qarabağda qazanılan zəfərdən sonra daha gözəl işlər görüldüyünü söyləmək istəyirəm”.
Ersin Tatara və simpoziumun təşkilatçılarına Azərbaycanın tarix və mədəniyyətindən bəhs edən kitablar, milli-mədəni dəyərlərimizin rəmzi olan hədiyyələr təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)