Noyabrın 16-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib.
Azərbaycanın Gürcüstandakı Səfirliyinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin, Azərbaycan Kəlağayı Muzeyinin təşəbbüsü və təşkilatçılıgı ilə keçirilən layihə çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi açılıb.
“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumata görə, sərgidə yaşı əsrlərə söykənən qədimi kəlağayılarla yanaşı, Şəki və İsmayıllının məşhur Basqal qəsəbəsinin istehsalı olan müasir kəlağayılar, Güllü Eldar Tomarlının yaşıl dünyanı özündə əks etdirən əl işləri nümayiş etdirilib.
İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlar üçün nəzərdə tutulan kəlağayılar iştirakçıların marağına səbəb olub.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı deyib ki, şəhid Zaur İsmayılzadənin anası Sevil İsmayılzadə və şəhid Saleh Əliyevin anası Solmaz Əliyevanın Kəlağayı Muzeyinə təqdim etdikləri qədim kəlağayıların öz tarixi var. Bu kəlağayılar hər iki şəhidin gələcək həyat yoldaşları üçün saxlanılırdı. Lakin onlar şəhidlik zirvəsinə ucaldıqdan sonra hər iki ailə kəlağayını muzeyə təqdim edib.
Sərgidə yaşı bir əsrdən çox olan Aşıq Solmaz Kosayevaya məxsus kəlağayı, eləcə də üzərində Mirvarid Dilbazi, Pənahəli xan, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, xan qızı Natəvan, Qasım bəy Zakirin fotolarının həkk olunduğu kəlağayılar muzeyin maraqlı eksponatları sırasında olub.
Həmçinin satış üçün Basqal kəlağayıları da təqdim edilib.
Gürcüstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .
Sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva tədbirin əhəmiyyətindən danışıb.
Güllü Eldar Tomarlı çıxışında bildirib ki, Azərbaycan kəlağayısı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə cari ildə Azərbaycanın bölgələrində, Sankt-Peterburqda festivallar, tədbirlər, sərgilər keçirilib. Bu cür tədbirlər ilin sonuna qədər davam edəcək.
Daha sonra sabiq deputat Ramiz Əliyev, müəllimlərdən- Fatma Aslan, Növrəstə Həsənoa, Mədinə Həsənova, Savalan Osmanlı, Vənnahar Qəhrəmanova , Nurlana Mehmanqızı, '' Ceyran'' rəqs ansamblının sədri Ceyran Qurbanova və başqaları çıxış edərək kəlağayının tarixi, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğindəki rolu, dünyada kəlağayıya olan marağın artması, barədə məlumat veriblər.
44 günlük vətən müharibəsi şəhidi Orxan Məhərrəmovun bacısı Nuray Nəbiyevaya Mirvarid Dilbazi Poeziya Məclisi tərəfindən qırmızı rəngli Basqal kəlağayısı hədiyyə olunub.
Tədbirdə aşıqlardan Nargilə Mehdiyevann , Nuray Nəbiyevanın , Rustavi şəhər 18 saylı məktəbin şagirdlərinin milli rəqsləri, kəlağayı haqqnda söylədikləri şeirləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. İmir Məmmədlinin tərcüməsində
Güllü Eldar Tomarlınn kəlağayı haqqında şeirlərini Rustavi məkbliləri gürcü dilində səsləndirdi.
Sonda xatirə şəkili çəkildi.
“Ədəbiyyat və incəsənət”
(21.11.2024)