Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam olsun rubrikamızın dəyərli izləyicilərinə!
Rubrikamızın bu dəfə də çox maraqlı, sevilən bir qonağı var. Bəli, bu sadə, səmimi, pozitiv enerjili qonağımızın qəlbi həm poeziya, həm də jurnalist fəaliyyəti ilə döyünür.
Beləliklə, "Əbülfəzqızının 10 sualı" rubrikasının bu dəfə qonağı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü dəyərli Rəşad Məciddir.
-Xoş gördük, Rəşad bəy!
Müsahibələrinizi izləmişəm, əminəm ki, bu müsahibəmiz də istiliyini Günəşdən alacaq. Həm şair, həm jurnalist kimi söhbətlərinizi dinləmək üçün çox tələsirik, elə isə nizamla sıraya düzülən " 10 sual"- dan bəxtinə birincilik düşən sualımızı səsləyirəm.
BİRİNCİ SUAL
Min şəhər adı var dillər əzbəri,
Adların ən üstün adıdı Şuşa.
Musiqi notudur cüt hecasıyla: Şu-Şa
Dilimin şəhdidir, dadıdı Şuşa.
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Biri beş edəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
Qoynuna hər gələn yüz xəyal eylər,
Qıraqda qalanlar qeylü-qal eylər,
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa. (Rəşad Məcid)
Xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşanın- Azərbaycanın qədim şəhərinin işğaldan azad edildiyi o möhtəşəm və unudulmaz günü necə xatırlayırsınız?
R.M: Şuşa haqqında bu şeirim 2021- ci ilin may ayının 12- dən 13- nə keçən gecə Şuşada yazılıb. Az sonra isə Əməkdar artist Xumar xanım Qədimova bu şeirə çox möhtəşəm marş kimi bir musiqi bəstələdi. Şuşanın alınmasına həsr olunmuş heyrətamiz əsər nümunəsi oldu. 2021- cil mayın 12- də təxminən 29 illik fasilədən sonra "Xarıbülbül" musiqi festivalı zamanı Azərbaycanın incəsənət xadimləri ilə, Xalq yazıçısı Anar bəylə Şuşada, Cıdır düzündə olduq. Əyilib Cıdır düzünün daşlarını öpüb Fərhah Bədəlbəyli kimi: " Bizi bağışla, Şuşa"- söylədim. Oradan qayıdandan sonra həmin təəssüratlardan " Şuşa gör nələr eylər!" adlı yazı yazdım. Həmin gün 2021- ci il, 12 may tarixində Azərbaycanın Prezidenti Müzəffər Ali Baş Komandan Şuşada- Cıdır düzündə çıxış edərkən söylədi ki: " Mən dünyanın çox gözəl şəhərlərində olmuşam, amma Şuşaya bənzər şəhər görməmişəm."
Bu sözlərdən sonra hönkür- hönkür ağladım. Çünki mən ilk dəfə 1979- cu ildə dərc olunan ilk şeirimi - 15 yaşım olarkən yazdığım" Cıdır düzü" şeirimi Şuşaya- Cıdır düzünə həsr etmişəm. Şuşanı, Cıdır düzünü tarixin möcüzəsi, əksi adlandırmışam. Şuşanın işğalı illərində Şuşa barəsində həmişə ürəkdən yanğı ilə danışmışam, Şuşanın işğalı həyatımın ən ağır günləri olubdur. Şuşanın işğal günü- 8 mayda həmişə Anar müəllimin, Toğrul Nərimanbəyovun, Polad Bülbüloğlunun, Fərhad Bədərbəylinin Şuşa haqqında sözlərini, Şuşanın təbiəti, insanları haqqında fikirlərini söyləmişəm. Şübhəsiz, Şuşa haqqında ən gözəl sözlərin müəllifi həm də Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz həmin gün 2021- ci il 12 mayda Ali Baş Komandanın söylədiyi bu sözlərdən sonra bu şeirim yarandı. O gün - 2020 - ci il 8 Noyabr həyatımın ən sevincli günü idi, Şuşanın azad olunduğu gün!
Buna görə də başda Müzəffər Ali Baş Komandan olmaqla Azərbaycan ordusuna, bütün əsgərlərimizə, Şəhidlərimizə, qazilərimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu şad olsun. Onların hesabına biz Şuşada qürurla gəzirik. Mən artıq 14- cü dəfədir ki, azad Şuşada olmuşam. Azad Şuşada müxtəlif mədəniyyət, media tədbirlərində iştirak etmişəm, Şuşada olmaq mənim üçün böyük xoşbəxtlik və səadətdir.
İKİNCİ SUAL
Sən - gecəm-gündüzüm, sən - toyum-yasım,
Sənsən dar ağacım, sənsən xilasım.
Əynimə oturan ən düz libasım,
Boyuma biçilən kəfənim mənim. (Rəşad Məcid)
Rəşad bəy, həyat həqiqətlərini dərk etməkdə təzadların rolunu necə qiymətləndirirsiniz?
R.M: Elə birinci və ikinci sualınızın arasındakı fərq də təzaddır. Ümumiyyətlə, yaradıcılar üçün bu təzadların; gecə- gündüz, isti- soyuq ovqatın müxtəlif hallarının olması təbiidir. Biz yaradıcılar çox emosionalıq. Ona görə də bir saatın içində müxtəlif ovqatlarda ola bilirik. Adi bir musiqidən, kobud sözdən, hər hansı bir münasibətdən məyus oluruq. Təzadlı hallar yaradıcılar üçün təbii haldır. Bu hal bir çox hallarda yaradıcılara stimul verir. Misal gətirdiyiniz şeir də belə ovqatların təsirinə həsr olunub, bir - birinə əks olan duyğuların yaşanmasına aid düşüncələr verilib.
ÜÇÜNCÜ SUAL
"Saçları bərbər darağına üsyan edən şair"- Nazim Hikmət çox gözəl söyləmiş ki: "Ürəyin kişisi, qadını yoxdur. Bir mərd olanı var, bir də namərd olanı!"
Şairimiz Rəşad Məcid üçün ürəyi namərd olanların xarakteri necə olur?
R.M: Mənim insanlarda çox yüksək qiymətləndirdiyim keyfiyyətlər vəfa, etibar, minnətdarlıq duyğusudur. Bu keyfiyyətlər məni həmişə təsirləndirir. İntuisiyama görə namərdxislətli insanları hiss edə bilirəm və ona görə də o insanlardan uzaq dururam.
DÖRDÜNCÜ SUAL
Yüz yol yıxılardım, dəyib daşlara,
əllərim, qollarım yaralanardı.
Gah dizim, dirsəyim paralanardı.
Süzülüb axardı tər dabanımdan.
İndi unutmuşam,
O günüm, o çağım yadımdan çıxıb.
Son dəfə
Futbol oynadığım yadımdan çıxıb.
O gündən bəriyə nəyim qalıb ki?
Bu qollar, ayaqlar mənimki deyil.
Qovulan o toplar mənimki deyil,
Dirəklər, dayaqlar mənimki deyil.
Vurulan topların, dəyən daşların
Daha sızıldamır yeri canımda.
Daha yüyürmürəm yıxılanacan,
On il, on beş ilin
təri canımda.
On il, on beş ildi topsız-filansız,
Yenə də yıxılan, əzilən mənəm.
Amma yıxılanda dizim qanamır,
Amma yıxılanda qolum əzilmir.
Çünki yıxılıram ürəyi üstə,
Futbol oynamağı yadırğayandan. (Rəşad Məcid)
Bu sualı heç bir şair qonağımıza ünvanlamamışam. Səbəbini bilmirəm, amma bu sualı Sizə ünvanlayıram.
Zaman maşını Rəşad Məcidi 30 il əvvələ aparsaydı, o hansı şair dostları ilə bir komandada futbol oynayardı?
R.M: Bu şeirim təxminən gəncliyimin bitən dövrünə yaxın yazılıb. İstər- istəməz yaş keçidləri insanı dəyişir- ona təsir göstərir. Yeniyetməlikdən gəncliyə, gənclikdən orta yaşa, orta yaşdan yaşlılığa keçən dövrlərdə insanın xarakterində də, fiziki durumunda da dəyişikliklər baş verir. Amma " Futbol oynadığım yadımdan çıxıb" şeiri həm keçmişin- uşaqlığın qayğısızlığına bir işarədir. Əlbəttə, dabanımızdan süzülüb tər axan yeniyetməlik dövrləri, futbola olan maraq həm də öz həmyaşıdlarımla maraqlı dəqiqələr keçirmək kimi anların nostaljisi şeirdə verilmişdir. Sonrakı illərdə, səhv etmirəmsə, "525- ci qəzet”in 7 illiyində- 99- cu ildə mətbuat arasında komandalar yarışırdılar və "525- ci qəzet”in də futbol komandası vardı, xatirimdədir ki, axırıncı dəfə orada "525- ci qəzet”in futbol komandası ilə veteran futbolçular arasında yarış oldu, hətta 5 : 5 hesabla yarış bitdi. Jurnalistələrimiz və qürur duyduğum veteran futbolçularımızla rəqib kimi oynamışdıq. Əlbəttə, komanda oyununu sevirəm və yaxşı komanda yoldaşları vacib şərtdir.
BEŞİNCİ SUAL
Həyatın anlamını dünya malında görənlər, mənəvi zənginlikdən məhrum olanlar nə üçün fani dünyadan dərs almırlar?
R.M: Ədəbiyyat oxuyan adam, şeir əzbər bilən adam, ədəbiyyatla yaşayan adam mənən güclü olur. Onları əzmək, sındırmaq çox zaman mümkün olmur. Çox təəssüf ki, hal- hazırda dünya çox maddiləşib. İnsanlar gücü mal-dövlətdə, pulda görürlər. Düzdür, pul, varidat insanlara əsər yazdıra bilməsə də, şeir yazdıra bilməsə də, onları hansısa baxımdan özünə arxayın edir, özünə güvənli edir. Tarix boyu söylənilən "Dünya malı dünyada qalacaq" fikri var. Mənim düşüncəmə görə, nə qədər imkanımız var, çalışıb insanlara əl tutmalıyıq, yaxşılıq etməliyik. Yaxşılıq etməkdən yorulmamalıyıq və bundan zövq almalıyıq. Görünür, bu da bir xarakter göstəricisidir. Yaxşılıq etmək və insanları sevindirmək ən güclü keyfiyyətlərdən biridir.
ALTINCI SUAL
Bütün fırtınalar həyatınızı pozmaq üçün gəlməz, bəziləri yolunuzu təmizləmək üçün gələr." (Paulo Koelyo)
Rəşad bəy, fırtına ilə üzləşəndə səbriniz qalib gəlir, yoxsa fırtına?
R.M: Paulo Koelyonun əsərlərini mən də çox maraqla oxuyuram. Hətta onun əsərlərindəki bir fikri "Dəlicəsinə" essemdə davam etdirmişəm. Bir kitabımın da adı " Dəlicəsinə"- dir. O essedə də əsas fikirlərdən biri budur ki, bir insan bir şeyi dəlicəsinə istəyirsə, mütləq ona çatır. Çatmırsa, deməli, dəlicəsinə istəməyib və mən buna əminəm, gənclərlə görüşlərdə də tez- tez söyləyirəm. Amma dəlicəsinə istəmək oturub sadəcə arzulamaq deyil, əzmkarlıqdır, zəhmətdir, çalışmaqdır, mübarizlikdir. Bu həyatda qarşımıza çıxan fırtınalar da hesab edirəm ki, bizi daha ayaq olmağa, daha irəli atılmağa, daha çox qalib olmağa və qələbə çalmağa vadar edir. Məşhur yazıçlarımızdan birinin fikridir ki: "Mənim üçün ən böyük qələbə məğlubiyyətdir."
Məğlub olursan, bir də yenidən qalibiyyət uğrunda mübarizəyə davam edirsən. Bax o mübarizlik- mübariz keyfiyyət həmişə lazımdır. Fırtınalar da hesab edirəm ki, o keyfiyyətin daha da "itilənməsinə" səbəb olur.
YEDDİNCİ SUAL
Sel kimi kökümdən qopartdın məni,
Bir də şırnağına yaxın gəlmərəm.
Cadunu canıma yaydı öpüşün,
Odlu dodağına yaxın gəlmərəm.
Sandım gül qoxulu ilk bahar imiş,
Gördüyüm ilğımmış, yayda qar imiş.
Sehrli qoynunda tilsim var imiş,
Sirli qucağına yaxın gəlmərəm.
Qarışdı saçımın qarası, ağı,
Oldu barmaqların rahat darağım.
Bir də barmağına dəyməz barmağım,
Bir də dırnağına yaxın gəlmərəm.
Atdım yaddaşımı nimdaş çarıqtək,
Soyundum sevgimi boz arxalıqtək,
Çırpınıb əlindən çıxdım balıqtək,
Bir də qarmağına yaxın gəlmərəm. (Rəşad Məcid)
Sevgi əzabı dənizin ortasında dalğalarla vuruşmaqdımı, qaranlıqda itməkdimi, göz yaşının hər damlasını ona həsr etməkdimi, hər dəfə xəyalən səssiz ona sarılıb ağlamaqdımı, Rəşad Məcid üçün sevgi əzabı nədir?
R.M: Sualları şeirlərim üzərində qurub, şeirlərin yazıldığı ovqatı mənə xatırlatdığınız üçün sizə təşəkkür edirəm. " Səbəbi sənsən" adlı kitabım sevgi şeirlərdən ibarətdir. Ümumiyyətlə, hesab edirəm ki, poeziya sevgidir. Sevgi olmayan yerdə poeziya yoxdur. Lakin sevginin xoşbəxt dəqiqələrindən bütün dünya şairləri çox az yazıblar. Sevginin əzabı və əzabın dərinlikləri həddindən artıq çoxdur. Ona görə sevginin əzabı mövzusunda daha çox yazırlar.
Lakin o xoşbəxt anları poeziyaya çox az gətirirlər və bu şeirlərdə də əzab daha çox hiss olunur. Münasibətlərin - sevginin müxtəlif məqamlarında həm xəyanətə münasibət, həm biganəlik, həm digər məqamlar olur ki, bunlar şeirə çevrilir. Bu şeir də onlardan biridir.
SƏKKİZİNCİ SUAL
Rəşad bəy, sevimli şairimiz, dostlarınız söyləyir ki: "Rəşad Məcid elə insandır ki, ona pislik edənlərə belə yaxşılıq edir."
“Yaxşılıq insanlıq sənətidir” deyib dahi Nizami Gəncəvi. Bəs niyə bu sənətin öhdəsindən hər kəs gələ bilmir?
R.M: Yaxşılıq barədə bayaq da danışdıq. Bu insanın genetik qazandığı keyfiyyətdir. Yaxşılıq etmək və bundan zövq almaq fitri bir qabiliyyətdir. Bilmirəm məndə nə dərəcədə var, ya yox?! Mən insanları sevindirməkdən, sürpriz etməkdən, onlara gözəl dəqiqələr yaşatmaqdan zövq alıram və bu mənada gücüm daxilində çalışıram insanlara yaxşılıq edim.
Təbii ki, insanlar fərqlidir, tamam əks olan keyfiyyətlərə sahib olub bundan zövq alanlar da var. İnsanlara əzab verməkdən, onları əzməkdən qürür duyanlar az deyil.
DOQQUZUNCU SUAL
Ana rəhmindən gəldik məzara,
Bir kəfən aldıq, döndük məzara. (Yunus Əmrə)
Rəşad bəy, Sizin üçün zaman tez keçirmi, zamana meydan oxumaq olarmı?
R.M: Mən də zamanın çox tez keçməsindən şikayətlənirəm. Təkcə mən yox, insanlar da zamanın sürətlə keçməsindən şikayətlənirlər. Həyatımızda hədsiz informasiya bolluğu, müxtəlif insanlarla ünsiyyət sürətli keçidə səbəb olur. Bir rus yazıçısı söyləyir ki, 21- ci əsrin adamı bir həftədə görüşdüyü insanlardan aldığı informasiyanı 19- cu əsrin rus kəndlisi 70 illik ömründə alıb. Deməli, biz bir həftədə 19- cu əsr kəndlisinin 70 illik bir həyatını yaşayırıq. Bu baxımdan dop- dolu həyat keçir. Nə qədər şablon səslənsə də, çalışmaq lazımdır ki, bu həyatda iz qoyasan, insanların xatirəsində xoş duyğularla xatırlanasan.
ONUNCU SUAL
Adamı göyə qaldırıb
Sonra ki, yerə vururlar.
Elə bir sıfır artırıb
Sonra sıfıra vururlar.
Gedir, qalmır izi, tozu,
Hər gələn bir yerə yozur,
Adını lap başdan pozub
Lap, lap axıra vururlar.
Kündə kimi ovxalayıb,
Əzib, büküb, buxovlayıb,
Qışda buz üstə tullayıb,
Yay vaxtı qıra vururlar. (Rəşad Məcid)
Dəyər verdiyiniz insanı hansı hərəkətinə görə birdəfəlik həyatınızdan silirsiniz?
R.M: Bu sualınızı eşidərkən yazdığım bir şeirimi də xatırladım:
Nə olsun ki, yüz səbəb var qalmağa,
Ayrılmağa bircə səbəb bəs eylər.
Nünunə gətirdiyiniz şeirdə isə rəqəmlərdən istifadə etmişəm. Bu mənim uşaqlıqdan riyaziyyata meyilli olmağımdan, fizika- riyaziyyat təmayüllü məktəbdə oxumağımdan irəli gəlir. Doğrudan da, elə məqamlar olur ki, bir insanı nə qədər bağışlamağa çalışan böyükürəkli insan olsan da, xəyanəti bağışlaya bilmirsən. Mən insanlara mümkün qədər şans verirəm və insanlarla münasibətdə istər gənc olsun, istər yaşlı, onların yaxşı tərəflərini görürəm. Dostlarım da hər zaman söyləyir ki, sən insanların yaxşı tərəfini görməyə çalışırsan. Empati termini var, dildə tez- tez işlənir. Xalq dilində desək, özümü sənin yerinə qoyuram, səni anlayıram kimi oxşarlıqları var. Empati hissi güclü olanda başqalarını da, əlbəttə, başa düşməyə çalışırsan. Mən arzulayıram ki, insanlar gözəl keyfiyyətlərlə yadda qalsınlar.
-Sevimli Şairimiz, dəyərli jurnalistmiz, rubrikamıza ömrünüzdən pay ayırdığınız üçün Sizə minnətdarıq.
Gənclərin inkişafında, formalaşmasında əməyiniz böyükdür. Dərinköklü ağaca bənzəyirsiniz, gənclərin dayağısınız, ömrünüz uzun və sağlam olsun, əziz Rəşad bəy, növbəti rubrikalarımızda görüşənədək.
“Ədəbiyyat və incəsənət”
(19.11.2024)