Şəkinin Fazıl kəndində yerləşən Azərbaycanın yeganə yeraltı muzeyindən reportaj Featured

TƏƏSSÜF Kİ, MUZEY HƏLƏ DƏ RƏSMİ STATUS ALMAYIB

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

           

 

-Muzeyə niyə gedirik? 

-Keçmişə  baxmağa.

 

            ***

“Əbədi sükut dünyası” labirinti haqqında eşitmişdim. “Labirint” sözü məndə elə də maraq oyatmamışdı. Uşaqlar üçün yaradılan süni labirintlərdən biri olduğunu düşünmüşdüm. Və bir gün yenə haradansa eşitdim: “Fazıl kəndindəki labirint-muzey”. Labirint-muzey? Başladım özüm üçün araşdırmağa.

Haqqında oxuduğum təəssüratlardan sonra marağım ikiqat artdı. Qərara aldım ki, ən qısa zamanda Azərbaycanda yeganə yeraltı muzey olan “Əbədi sükut dünyası”na baş çəkməliyəm.

Şəkidə eyni gündə yağışda islanmaq da olur, üşümək də, günəşdə yanmaq da... Bura Şəkidir - təbiət burada bütün rəngləriylə öyünməkçün bircə günü fürsət bilir. Bura Şəkidir - atdığın hər addımda keçmiş qarşına çıxır, gülümsəyir:“Məni tanıyırsan?”

Onun təbəssümündəki qınağı, ironiyanı, küskünlüyü çox az adam görür...

Bura Şəkidir - şəkililərin belə, başdan-ayağa olduğu kimi tanımadığı hikkəli şəhər hər qonağa xüsusi yanaşır - birini şimşəkləriylə qorxutduğu halda, o birinin yoluna su səpir ki, toz olmasın.

Bura Şəkidir - hər kəndində keçmişə açılan “ulduz qapıları” var. O qapıdan keçənlər, həqiqətən, zaman-məkan anlayışını itirir...

Şəki rayonunun Fazıl kəndində yerləşən  “Əbədi sükut dünyası” bir arxeoloji muzeydir. “Labirint” adlanmasının səbəbi bir qapıdan girib,  qazılmış bütün qəbirlərə baş çəkib, dolanıb, başqa qapıdan çıxılmasıdır.  Kənardan baxanda balaca, xudmani bir kənd evinə oxşayır. Həyətindəki güllər qəbirlərlə keçmişə güzgü tutan muzeyi zamanın yolayrıcına çevirir. Dayan və özün seç: keçmişə - içəriyəmi baş vurmaq istəyirsən, yoxsa gələcəyə - bu güllərin ətrinə dalmağamı?

Hələ hava... Gecə Şəkinin o məşhur leysanlarından biri yağıb, səhər ertə  buludlar səmada “qaçdı-tutdu” oynayıblar, günortaya yaxın göz qamaşdırır  dağların  başında tac olan günəş. Bizi Şimal-Qərb bölgəsinin arxeoloqlarından biri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun böyük elmi işçisi İntizar Bədəlova qarşılayır. Baxışlarında sevinc, çöhrəsində təbəssüm var. Və mən onun sevincinin də, təbəssümünün də arxasındakı qüruru görürəm. Yaxşı əməlin, yaxşı işin insan ruhuna qatdığı məğrurluqdan gözəl nə ola bilər ki?!

 

-Fazıl kəndinin əhalisi bu muzeylə qürur duymalıdırlar. Təsəvvür edirəm, kəndləri haqqında danışanda ilk cümlələri bu olar: “Arxeoloji muzey olan kənddənəm!”

-1984-cü ildən bəri,  Fazıl kəndinin sakinləri Təpəbaşını tarixin izi kimi dəyərləndirirlər. O illərdə əhali tütünçülüklə məşğul olurdu. Təpəbaşında - bu təpədə tütünü qurutmaq üçün saray tikmək istəyirdilər. 1984-cü ildə saray üçün dirəklər basdırmaq qərarına gəlirlər. Dirək üçün yer qazarkən qab qırıqları çıxır. 1982-ci ildən Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyən Nəsib Muxtarova xəbər verirlər.  Nəsib müəllim 1981-ci ildən arxeoloji qazıntılarla da maraqlanırdı.  Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar Şəki rayonu ərazisində arxeoloji qazıntılar aparılanda ekspedisiyanın işini yaxından izləmişdi. Müşahidələrindən sonra könlünü arxeologiyaya bağlamışdı.  Ona görə də, elə ilk baxışdanca Təpəbaşının qədim dəfn ərazisi olduğunu anlayır. 

-Kaş mənim də qarşıma belə kəşf çıxaydı!Heyrətimə arzularımı qatıram.

İntizar xanım başını yana əyib şəfqətlə üzümə baxır, gülümsəyir:

-Onda mən gənc idim. Nəsib müəllimlə birgə arxeoloji qazıntılarda iştirak edirdim. İndiki texnologiya da yox idi. Əlacımız ona çatdı ki, münasib qurumlara müraciət ünvanlayaq. Təpəbaşı - kəndlilərin mal-qoyunu  çobana təhvil verdiyi, axşam da qarşılayıb evlərinə apardığı yer idi.

-Təpəbaşı həm də örüş başıymış ki!

-Hə, örüş başı. İnsanlar daha Təpəbaşına ayaq qoymasalar da, inək, qoyun öyrəşmişdi bu təpəyə. Məcbur olub belə qərara gəldik ki, alçaq, bir metrlik barı çəkək, inəklər tapdamasın. Sonra həmin alçaq barını sökdük. O vaxtdan indiyədək bu ərazidə  arxeoloji tapıntılarla rastlaşmaqdayıq. Haranı qazmışıqsa, nəyi tapmışıqsa, annotasiyasını yazıb elmə gətirmişik.

-Arxeoloji qazıntı yerini muzeyə çevirmək ideyası haradan yarandı?

-Nəsib Muxtarovun ideyası idi. 1984-cü ildən 2017-ci ilədək Təpəbaşında aparılan çöl-tədqiqat işlərinə Nəsib müəllim rəhbərlik edib. “Əbədi sükut dünyası” 2005-ci ildə Nəsib müəllimin əməyi, bir növ, şəxsi vəsaiti hesabına yaranıb.  Qəbirləri qazdıqca, onların hər birinin özünəməxsus xüsusiyyətləri, tarixi olduğunu gördükcə, Nəsib müəllimlə belə qərara gəldik ki, hər şeyi olduğu kimi saxlamaq, insanlara təqdim etmək  mümkündür. Təpəbaşının ümumi ərazisi beş hektara yaxındır. İndən sonra on illər boyunca burada qazıntı aparıla bilər. Xüsusi vurğulamaq istəyirəm ki, nəinki bir qəbir, o qəbirdəki bir əşya belə bir dissertasiya mövzusudur. Nəsib müəllim 2019-cu ilin yanvarında vəfat etdi.  “Əbədi sükut dünyası” mənimçün həm Nəsib müəllimin əmanəti, həm də xalqımın, millətimin tarixi mirasıdır. Özümü bu tarix qarşısında borclu sayıram. 

-Tapıntılar hansı arxeoloji dövrə aiddir?

-Qafqaz Albaniyasına dair bizim eradan əvvəl III-I əsrlərə aid arxeoloji dövr  Yaloylutəpə mədəniyyəti adlanır. Tapdıqlarımızın əksəriyyəti məhz Yaloylutəpə mədəniyyətinə daxildir. Biz bu qəbirlər vasitəsilə islamaqədərki dəfn adət-ənənələrini öyrənirik. Məsələn, bu qəbirlər vasitəsilə bir daha “dünyasını dəyişmək” ifadəsinin izahını görürük. O dövrün insanları üçün ölüm “son” deyildi, “dünyasını dəyişmək” idi. İnanılırdı ki,  ölən insandan yeni bir ruh doğulacaq. Bu inancla da, onu bütün əşyaları ilə birlikdə  dəfn edirdilər. Qablar, qabların içindəki yeməklər, məişət əşyaları - əksəriyyəti necə qoyulubsa, o cür də tapmışıq.

-Muzeyin labirint formasında olmasının bir hekayəsi varmı?  Hekayəsi olan hər şeyi sevirəm!

 

İkimiz də gülürük. Sevinirəm ki, İntizar xanımın yumor hissi elə mən istəyən kimidir. Labirintin mistik abu-havasında, yarıqaranlığında addımladıqca daxilimdə qaynayan maraq və coşqunu gülüşlə biruzə verməsəm, bəlkə də, səsim çıxdığı qədər bağırardım. Axı mən arxeologiyanı sevirəm... Və sevimli yazıçım Aqata Kristinin ömür-gün yoldaşı Maks Mallovan arxeoloq idi... Aqata Kristi dəfələrlə arxeoloji qazıntıları müşahidə etmişdi. Əsərlərində arxeologiya qəniməti olan əşyalardan bəhs edirdi, hətta bir əsərində qatil arxeoloji ekspedisiyanın üzvü idi.

Mən bu muzeydən hansı əsərimdə necə bəhs edəcəyəm, heç bir fikrim yoxdur. Arxeoloji qazıntıların aparıldığı yerdə, daha doğrusu, yerin altında, nəm torpaq qoxulu bir labirintdə, bizim eradan əvvəl dəfn olunmuş insanların əbədi sükuta daldığı yerdəyəm. “Əbədi sükut dünyası”...

 

-Burada hər qəbirin, hər əşyanın öz hekayəsi var, -deyir İntizar xanım:-Elə həmin hekayələrə görə Nəsib müəllim buradakı bütün qəbirləri söküb fonda vermək istəmədi. Hekayəni yurdundan ayırsan, olur quru söz.  Nəsib müəllim öz əmək haqqını bura xərclədi. Bir də, burada Şəki yaylası deyilən ərazi var. 20 tay şəkər tozu götürüb getdik,  Govurqalanın ətəyində çadır qurduq. Dağ moruğu yığdıq, mürəbbə bişirdik. Yeyinti sənaye kombinatı mürəbbələrin satışını təşkil etdi. Qazıntı üçün dövlət bizə maliyyə ayırırdı. Amma burada muzey etməkçün vəsait lazım idi.  Mürəbbədən gələn pulla qazıntı zamanı çıxarılan torpağın Aşağı Karvansarayın həyətinə daşınmasını təmin etdik. Orada soba qurulmuşdu. Buranın öz torpağından kərpic bişirilirdi. Sobadakı odunlar belə, Nəsib müəllimin öz vəsaiti, mənim maaşım  və mürəbbədən əldə olunan gəlirlə alınırdı. İstəyirdik ki, yaradacağımız muzeyin daşı da, torpağı da özündən olsun. Gələk, labirint formasına... Qəbirlər yan-yana, yaxud ard-arda deyil. Hərəsi ayrı dövrə aiddir. Sanki  harada boş yer tapıblarsa, orada da doğmalarını dəfn ediblər ulularımız. Biz - muzeyin qurucuları olan iki nəfər arxeoloq istədik ki, qəbirlər elə öz yerlərində qalsın, cığırı onların arasından salaq. Təbii ki, bu cığır da burula-burula irəliləyir. Beləcə, muzey labirint formasında alındı.

-Fazıl kəndə hədiyyə vermisiniz bu gözəllikdə muzeyi!

-Təkcə bu muzey deyil Fazıl kəndə hədiyyəmiz. 5 qədim yaşayış yeri, 1 qala yeri, 1 məbəd yeri də aşkarlamışıq. Bir də, bu kəndə asfalt yol vermişik (gülür). Muzeyə görə, düz buradək asfalt çəkilib. Maraqlı bir nüansı da qeyd edim ki, bu ərazidə tapılan 5 qədim yaşayış yerinin hərəsi bir ayrı dövrə aiddir. Elə məzarlar kimi... Baxın, burada bir-birinə yaxın 3 qəbir var. Biri e.ə. I əsrə aiddir, biri VII-VI əsrlərə, biri də IV-III əsrlərə... Deyirlər ki, səmadakı Süd yoluna haradan baxanda onu buta formasında görürsənsə, demək, bəşəriyyətin beşiyi oradadır. Uşaq ana bətnində buta formasında dayanır. Buradakı qəbirlərdə aydın görünür ki, insanları da buta formasında dəfn ediblər. Qəbirlərdən birində buta formasında sinə bəzək əşyası tapmışıq. Biz tapanda həmin əşya skeletin dizinin yanında idi. Demək, mərhumu buta formasında dəfn ediblər, zamanla sinə bəzək əşyasının boyundan asılan sapı çürüyüb, amulet dizin üstündə qalıb. Arxeoloqların vəzifəsi təkcə bu qabları, bu qəbirləri nümayiş etdirmək deyil, onların etnoqrafiyasını üzə çıxarmaqdır.  Bəzi qabların içini heç qazmamışıq. Çünki çatlayıblar. Əl vuran kimi, ovxalanacaqlar, param-parça olacaqlar. İstəyir, içində var-dövlət olsun, mənim ona əla vurmaq, ona toxunub  sınmasına vəsilə olmaq niyyətim yoxdur.

-Dövrləri qablar vasitəsilə müəyyən edirsiniz, hə?

-Əlbəttə! Dəmir dövrünün sonunda zoomorf qabların inkişafı başlayıb. Misal üçün, qabların ağzını quşa bənzədirdilər. İndi də deyirlər ey, “ördəkburun qablar”, baxın, eynilə o cür hazırlanan qablar var burada. Bəzi qabların içində yeməkləri olduğu kimi saxlamışıq. Qazıntı prosesində qazırıq, qazırıq, müəyyən hissəyə çatandan sonra başlayırıq qabların içinə spirt tökməyə.  Qabları spirtlə doyurmağın məqsədi mikrobları  məhv etməkdir. Elə eksponat olub ki, 300 litrə yaxın spirt işlətmişik. Bu arada, məlumat üçün deyim ki, həmin texniki spirti Arxeologiya İnstitutu verirdi arxeoloqlara... Bəzi qəbirlər rəmzi qəbirlərdir. Tutaq ki, insan qürbətdə ölüb, onu gətirib doğma torpağında dəfn edə bilməyiblər. O zaman rəmzi qəbir hazırlayıblar ki, adını tutub ziyarətə gəlsinlər.

-Yerli əhali də  bu ətrafdan qab-qacaq kimi nəsə tapıbmı?

-Tapan olur. Gətirib bizə verirlər. Taxçadakı qabların çoxunu yerli camaat gətirib verib. Bura arxeoloji nöqteyi-nəzərdən zəngin ərazidir. Hara əl atsan,  kiçik həcmli qazıntı işi aparsan, mütləq qarşına bir şey çıxasıdır. Bu iri küp e.ə. I minilliyin I yarısına aiddir. Üstündə astral təsvirlər var. Bu su qabı isə, gördüyünüz kimi, tısbağa formasındadır. Üstündəki cızıqlar  günəş rəmzidir. Qədim insana görə, bütün canlılar həyatı simvolizə edirdi. Günəş isə həyatın qaynağı sayılırdı. Günəşlə tısbağa burada iki simvolun birləşməsidir - həyatın qaynağı və davam edən həyat...

-Qazıntıya başladınız, bir az qazdınız, necə əmin olursunuz ki, davam etdirsəniz, mütləq nəyəsə rast gələcəksiniz?

-Arxeoloqlar üçün torpaq qatı iki cürdür: “lal təbəqə”, “danışan təbəqə”.  Tutaq ki, yer səthindən kvadrat ölçüdə qazmağa başladıq. Bir az qazırıq, torpağın tərkibini analiz edirik.  Elə ki, insan fəaliyyətinin izlərini görürük, qaza-qaza aşağı düşürük. Deməli, həmin təbəqə “danışır”.

Qəbirlərdən birində ocaq yeri var. Həmin yerdə torpaq qırmızımtıldır. Ətrafında da qab qırıqları, quş sümükləri tapdıq. Bir az irəlilədik, gördük, insan qəbri də var. Həmin insanı bardağı, boşqabı, duz qabı, xəncəri və digər əşyaları ilə birgə dəfn ediblər. Qəbirin üstündə ocaq qalanması qədim rituallardandır. Başqa bir qəbirdə balaca nehrə tapmışıq. Bu kiçik nehrədə əmələ gələn yağ və ayran ilə bütün ailə doya bilməz. Buradan onu anlayırıq ki,  dəfn olunan əkinçiliklə və maldarlıqla məşğul olub. İndi bunu izah edim.  Əkinçi evdən çıxanda qatığı tökürdü bu kiçik nehrənin içinə, bağlayırdı atının yəhərinə. Kilometrlərlə yol gəlirdi ki, gəlib əkin sahəsinə çatsın. O buraya çatanadək nehrə çalxalanırdı. Səhər kərə yağını yeyirdi, günorta ayranını içirdi. Yəni nehrə bir nəfərə aid idi. Və elə sahibinin qəbrinə də qoyulub. 

-Heyf ki, bu muzey hələ rəsmi status almayıb. Mən burada möcüzələrlə rastlaşdım...

-Ümidvaram ki,  muzeyimizin  rəsmi status alacağı gün yaxındadır. Çünki burada, bayaq dediyim kimi, hər bir nəsnə dissertasiya mövzusudur. Baxın, burada təsərrüfat quyusu var. Başqa sözlə, o vaxtın “zibilliyi”. İçindən tapdıqlarımızdan e.ə. I minilliyə  aid olanı da var, bizim əsrin XII əsrinə aid olanı da. Bu da sübut edir ki, ərazidə daim yaşayış olub. Bir qəbirdə dəmirdən boyunbağı,  xoruzun mahmızından amulet var. Bu cür bəzək əşyaları ta qədimdən iki məqsədlə istifadə olunub: nəzərcəlbedici və nəzərqaytarıcı. Xoruzun mahmızından hazırlanan amulet nəzərqaytarıcıdır. Tapdığımız əşyalar arasında totemlərə ithafən hazırlanmış qablar da var: qıvrılmış ilan şəklindəki bardaq, keçi buynuzu işarəsi, qaban sümüyündən talisman... Gün və ay işarələri daha tez-tez rast gəlinir. Bir qəbir də var ki, içərisində iki mədəniyyətin nümunələrinə rast gəlmişik. Buradakı qablardan 6-sı yunan mədəniyyətinə aiddir. Deməli, bu qəbirdə dəfn olunan insan nüfuz sahibi olub ki, ona uzaq yerlərdən bu cür qiymətli hədiyyələr gəlib.

-Arxeologiyada dövrlər ayrıdır bildiyimə görə...

-Bəli, ayrıdır. Amma mən bütün dövrlərə aid qazıntılarda iştirak etmişəm deyə, bu eksponatların izahını rahatlıqla verə bilirəm. Məsələn; buradakı nehrədə məməcik var. Dəmir dövrünə aid olan nehrədə, gördüyünüz kimi, məməcik soldadır. Buradan baxırdılar ki, görsünlər, yağ hazırdır, ya yox. Antik dövrdə isə avtomatik olaraq məməcik sağa keçir. İnsanlar sağ əlin önəmini anlayır, yükü, gücü sağ ələ salmağa çalışırlar ki, sol əl də ona baxıb işləsin.

Tariximizin dəfn adətlərinin izi qarğışlarda da var.   “Səni görüm təpələnəsən!” Yəni öləsən, dəfn olunasan, üstündə təpə yaransın. “Torpağın bol olsun!” isə alqışdır. Eyni dəfn prosesinə işarədir. O vaxt insanlar öləndə bütün qohum-əqrəba,  kənd əhli onun məzarına torpaq tökürdü. Nüfuz sahibi insan öləndə isə torpaq tökməyə daha çox adam gəlirdi. Beləcə, nüfuz sahibinin qəbrinin üstündə əməlli-başlı təpə yaranırdı. Kurqanlar belə yaranıb.

-Muzey haqqında eşitdiyim maraqlı nüanslardan biri də budur ki, burada əsl piti qabı var. O, haradadır?

-Labirintin sonuncu qəbrindədir piti qabı. İndi Şəkidə geniş yayılmış piti qabı var ha, balaca, bardaq formasında. O, əslində, maya qabıdır. Əvvəllər onda xəmirin mayasını saxlayırdılar. Maya qabı dəfn olunanın üzünün qarşısına qoyulurdu. Bunun da simvolikası odur ki, həyat xəmir mayası kimi dövr edir, ömürdən-ömürə ötürülür. Əsl piti qabının lüləyi olub. Pitinin suyu o lüləkdən süzülüb, içinə çörək doğranılaraq yeyilib. Sonra da qatısı yeyilib. Buradan da görürük ki, piti, həqiqətən də, qədim tarixə malik yeməkdir. Şəki lap qədimdən ticarət mərkəzi olub. Gələn malları yerbəyer etmək, daşımaq, yükləmək, belə deyim, fəhlələrin işi idi. Onlara gün ərzində neçə saat vaxt verilmirdi ki, oturub rahat-rahat yeyə bilsinlər. Bir oturumda elə yeməliydilər ki, axşamadək yük daşımağa gücləri olsun. Piti məhz bu məqsədlə bişirilən yeməkdir.

-“İkinci dəfn”... Bu nə anlama gəlir?

-O vaxtın dəfn adətlərindən biri də belə idi ki, insan öləndə onun nəşini hündür bir daşın üzərinə qoyurdular. Ət sümükdən ayrılana kimi, nəş qalırdı o daşın üstündə. Ətini qurd-quş yeyirdi.  O müddətdə onun əşyaları, heyvanları, baxın, burada var, atı, qoyunu dəfn olunurdu. Sonda da insanın sümükləri  toplanıb gətirilir, qəbir açılır, sümüklər  qoyulandan sonra təkrar üstü bağlanırdı. Bu da “ikinci dəfn” sayılır.

Muzeyimizdə qurbangah da var. Qəbiristanlıqdakı qurbangahda ölən adamın nəslindən qalan ən qədim qab öz yerini alırdı. Burada qablar müxtəlif ölçüdədir. Uşaq öləndə kiçik qab, qadın öləndə yumru qab, nüfuz sahibi öləndə böyük qab qoyurdular.  Sonuncu qəbirdə bütlər də var. Bütlərin birinin yaxasında bozqurd var. Ulularımızın bozqurd toteminə ehtiramının göstəricisidir.

 

...Labirinti bir dəfə İntizar xanımla, bir dəfə də tək gəzirəm. Və anlayıram ki, bu muzeyə yenə, yenə, yenə gəlməliyəm. Hər bir qab ayrı tarix, ayrı hekayə danışırsa, bir günə bu qədər hekayəni “dinləmək” mümkün deyil. Burada əbədi sükuta dalanlardan hansınınsa nəvəsi ola bilərəm. Ya da hansınınsa bacısının nəvəsi... Nəvə... Minilliyi ortalama insan ömrünə bölsəm, ən azı, 200-cü nəsiləm yəqin...

Keçmişə baxıram. Bayaqkı düşüncə yenə ağlımdan keçir: “Bir günə “dinləmək” olmaz “tarixdən danışanları”

...Bəlkə heç bir ömür də yetməz?”

             

REDAKSİYADAN:

Fürsətdən istifadə edib üzümüzü Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tutur, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun böyük elmi işçisi İntizar Bədəlova kimi, haqq dünyasına qovuşmuş Nəsib Muxtarov kimi insanların bu cür fədakarlığı nəticəsində Şəki rayonunun Fazıl kəndində fəaliyyət göstərən unikal  “Əbədi sükut dünyası” arxeoloji muzeyinə rəsmi status verilməsinin vacibliyini diqqətə çatdırırıq.

Hər bir xalq üçün yaşadığı ərazinin qədim izləri bir ululuq simvolu sayılır. Turistik  baxımından qonaqlı-qaralı Şəki rayonu üçün, ümumən Azərbaycan üçün Fazıl kəndindəki bu muzeyin böyük önəmi ola bilər. Yetər ki, əlaqədar təşkilatlar məsuliyyətlərini duyub məsələyə barmaqarası yanaşmasınlar.

Ümid edirik ki, müraciətimizə cavab veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.