“İnsan ömründəki nisgili xatırladan payız dumanını, çənini sevməsəm də…” - ESSE Featured

Pərvanə Məmmədova-Kəlağayı - “Ədəbiyyat və incəsənət” üçün

 

İlin hər fəsli gözəldir. Kiminə bolluq fəslidir payız, kiminin ən çox sevdiyi fəsil; A.S.Puşkin, N.A.Nekrasov kimi. 

 

Düzdür, dahi Nizami Gəncəvi yazırdı: 

 

Əsdi xəzan yeli, payız yetişdi,

Bağların əhvalı tamam dəyişdi.

Küləklər taladı bağçanı, bağı,

Soldu al güllərin yanar çırağı.

 

Arxlar kənarında otlar sapsarı,

Töküldü reyhanın şux yarpaqları.

Sanki ağaclıqda odlar qalandı,

Əlvan yarpaqları alışdı, yandı.

 

Amma bu, sadəcə keçəri ovqatdır. Yaradıcı insanlar üçün əksərən payız ən məhsuldar fəsildir. Onlar bu fəslin hər elementindən ilhamlanıb gözəl əsərlər yaradırlar. Parlaq və ifadəli payız tablosunda hər kəs fərqli şey görür. Kimdəsə gözəl və heyrətamiz, kimdəsə ən ziddiyyətli hissləri oyadır payız.

Mən payızın gəlişinə həm sevinir, həm də kədərlənirəm. Rənglərin çalarına heyran olur və bu gözəlliyin solmasını görüb qüssələnirəm. Xatirələrin soyuq yellərini xatırladan küləkləri hiss etdikcə, həyatı yarım qalmış yarpaqları, ac qalmamaq üçün ağacdakı meyvələri dimdikləyən sərçələri, dağılmış qaranquş yuvalarını, el-obasından uzaq düşən durnaları, bir zaman  ağaclarda fərəhlə, nazla yellənən yaşıl yarpaqların indi ayaqlar altında xışıldayan xəzələ dönüşünü, tükənmiş insan kimi hər an ağlamağa hazır olan buludları, heç yerə gedə bilməyən, yağışlar altında çarəsiz islanan ağacları gördükcə, kövrəklik yaranır qəlbimdə.

 

Bir şeirimdə fəsilləri insan ömrünə bənzətmişdim... 

 

Ömrün fəsilləri

 

İnsanın ömründə  vardır dörd fəsil,         

Həyatın əvvəli bahardır əsil.

Yaşayıb qayğısız uşaqlığını,

Görərsən yaz kimi şıltaqlığını.

 

Gülüşün hər yana  şölələr saçar,               

Körpə qönçələrin  tər güllər açar.                 

Yaz yağışıtək  töküb  göz yaşın,                  

Göyqurşaqlarına qarışar başın.

 

Gənclik də eşqilə edib  məharət,

Bir yay fəsli kimi verər hərarət.

Hər kəsə, hamıya qaynayar qanı,

Yalnız sevdiyinə qurbandır  canı.

 

Aşiq qəlb isidər  məhəbbətilə, 

Əğyarı kül edər məşəqqətilə.

Bürünər qumaşa al-əlvan gəzər,

Zövq, səfasıyla həyatı bəzər.

 

Elə ki, gəncliyi  yetişdi sona,

Aramsız yağışlar dost olar ona.                           

Payız xəzanını ömür bəxş edər,  

Köçəri quşlartək doğmalar  gedər.

 

Kiminin ağacı  verər bar-bəhər,  

Kimi “yarpaq tökər”, eyləyər qəhər.

Dağların başına sis - duman gələr,

Qəlblərə dərd, qüssə, nisgillər ələr.

 

Qocalıq tən olar fəslin  qışına,

Cadar torpaq bənzər üz qırışına.

Üşüdər insanı bərk soyuq, ayaz.

Görünər saçları qar kimi bəyaz.

 

Gecələr, gündüzlər boran, qar olar,

Bənizi, rüxsarı gül kimi solar.

İnsanın gözündə son ümid sönər.

Yaranan hər varlıq torpağa dönər.

 

İnsan ömründəki nisgili xatırladan payız dumanını, çənini sevməsəm də, vurğunu olduğum şəhərimi -Şəkimi qoynuna alan dağların rəng çalarını çox sevirəm. 

 

Şəkillərdə: Şəki payızı 

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.