Abdulla Şaiq ocağında Füzuli sehri… Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Abdulla Şaiqin Mənzil-Muzeyində Şərq şeirin korifeyi, dahi Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş “Füzuli rindü-şeydadır” adlı ədəbi-bədii, musiqili  tədbir  keçirildi.

 

15 oktyabr 2024-cü ildə gerçəkləşən tədbir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə imzaladığı 25 yanvar 2024-cü il tarixli Sərəncama əsasən təşkil olunmuşdu. 

Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir, universal  düşüncə sahibi, filosof şair kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə dünya şöhrəti qazandırmışdır.  Böyük Füzulini Şərq şeirinin ən çox oxunan və 530 ildir ki, dünya poeziyasında parlayan ən işıqll ulduz hesab etmək olar.

Füzuli istedadlı nümayəndələri ilə tanınan və ədəbi fikri zənginləşdirən bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Öz müasirlərindən başlayaraq, sonrakı dövrlər də daxil olmaqla, əsrlər boyu Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli sənətkarlar bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər. 

Abdulla Şaiq ocağında şeir və sənət sevərləri Füzuli sehrinə salan tədbir bir-birindən maraqlı çıxışlarla yadda qaldı. Tədbiri Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Şəms-Qəmər” kamera xoru açdı. Xorun ifasında dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” səsləndi.

Tədbirin təşkilatçısı və aparıcısı, muzey fondlarının baş mühafizi Günel Əsədova qonaqları salamlayandan sonra Məhəmməd Füzulinin həyat yaradıcılığı ilə bağlı qısa məlumat verdi. Muzeyin direktoru Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə “Füzulinin musiqi dünyası” mövzusunda danışdı. 

Tədbirdə Füzuli yaradıcılığı haqqında elmi məruzlər dinlənildi. ADPU-nun professoru, filologiya elmləri doktoru Yaqub Babayev, filologiya elmləri doktoru Təranə Turan Rəhimli çıxışlarında dahi şairin yaradıcılığını təhlil etdilər. Professor Yaqub Babayev şıxışında Məhəmməd Füzulini eşq, məhəbbət şairi kimi təqdim edib dedi ki, mübaliğəsiz demək olar ki, dünyada Füzulidən böyük lirik şair yoxdur. O, lirik şeirin ilk və son peyğəmbəridir. 

 “Kamal Talıbzadə və Məhəmməd Füzuli irsinə ədəbi-nəzəri münasibət” mövzusunda çıxış edən Təranə Turan Rəhimli belə bir fikri ilə bölüşdü ki, “Bəkir Çobanzadə Füzuli yaradıcılığını ümumtürk  ədəbiyyatı kontekstində təhlil edərək, onu böyük türk şairi adlandırmışdı. Kamal Talıbzadə  isə Bəkir Çobanzadəyə həsr etdiyi məqaləsində onun  bu mövqeyini dəstəkləyərək alimə qarşı yönələn əks hücumlara son qoydu,  Füzulini " türk şairlərinin atası" adlandırdı.  Ötən əsrin  60-cı illərində, romantizmə sərt ideoloji münasibətin davam etdiyi, milli ədəbiyyatımızın  hələ  "Azərbaycan sovet ədəbiyyatı" adı altında inkişaf etdiyi  həmin dövrdə belə bir fikir səsləndirmək tədqiqatçıdan  böyük cəsarət tələb edirdi."

Abdulla Şaiqin Mənzil-Muzeyinin böyük elmi işçisi  Elminaz Məmmədli “Məhəmməd Füzuli yaradıcılığı Abdulla Şaiqin təhlilində” mövzusunda məruzə etdi: "Həqiqətən dünyada ən böyük məktəb həyatdır. Həyatın bütün acılıqlarını dadmış Füzulinin ruhunda qüvvət, qənaət, alicənablıq və mətanəti doğuran və onu həyata bağlayan iztirablarıdır."  O, Abdulla Şaiqin qəzəl dəftərini nümayiş etdirərək, ədibin öz yaracılığına Füzuli poeziyasının təsiri ilə, lirik qəzəllə başladığını vurğuladı.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorları “Leyli və Məcnun” əsəri əsasında hazırlanmış tamaşadan bir parça ifa etdilər.  Teatrın aktyorları   Nuriyyə Əliyeva Leylinin anası ,   Səbinə Məmmədzadə  Leyli rolunu canlandırdılar. Quruluşçu rejissor ,  Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi, aktyorların məharətlə  oynadığı səhnə maraq və sevgi ilə qarşılandı.

Azərbaycan Milli Konservatoriyası  nəzdində İncəsənət Gimnaziyasının tələbəsi Nurlan Rzayev  Məhəmməd Füzuli obrazında lirik qəzəl söylədi. Azərbaycan Milli Konservatoriyasının 4-cü kurs tələbəsi Hüseyn Nağıyev  kamançada Süleyman Ələsgərovun “Vətənimdir” romansını xüsusi məharətlə ifa etdi. Daha sonra Azərbaycan Milli Konservatoriyasının  nəzdində İncəsənət Gimnaziyasının müəllimi Elnur İsmayılov  və gimnaziyanın şagirdi Rəhimə Mənsimzadənin ifasında Füzulinin “Leyli və Məcnun” əsərindən pantomim səhnə göstərildi

Bədii hissənin davamında Prezident təqaüdçüsü Leyla Muradzadənin ifasında,  Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədovanın Fortepiano müşayiəti ilə Cahangir Cahangirovun “Füzuli” kantatasından bir parça dinlənildi. Aktyorların və gənc istedfadların canlı ifası qonaqlar tərəfindən maraq və alqışla qarşılandı.

Sonda ümumrespublika müsabiqələr laureatı, gənc muğam ifaçısı Yusif Cəfərbəyli Azərbaycan Milli Konservatoriyasının tələbələri – tarda Cavanşir Rüstəmbəyli, kamançada Əli Rüstəmbəylinin müşayiəti ilə Məhəmməd Füzulinin qəzəllərinə muğam dəstgahı ifa etdi. Qonaqlar musiqili tədbirə xüsusi ovqat qatan muğam ifasını hərarətlə alqışladılar. 

Sonda Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə tədbir iştirakçılarına və ifaçılara təşəkkürünü bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.