Ekspress sorğu - Payız sənin üçün nədir? Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Gəlin ilk öncə ibtidai sinfimizə qayıdaq. Hələ birinci sinifdə oxuyuram və məktəbdə bizə ilk öyrədilən mövzu zamandır. Bir gün iyirmi dörd saat, bir həftə yeddi gün, bir ay iyirmi səkkiz, iyirmi doqquz, otuz və ya otuz bir gün, bir il on iki ay, dörd fəsildir. 

Sonra, müəlliməmiz hər kəsə o sevimli sualı verir. Sənin ən sevdiyin fəsil hansıdır? O uşaqlıq illərimi xatırlayıram və səmimi etiraf edəsi olsam, yadıma dostlarımdan kiminsə “mən ən çox payızı sevirəm” dediyi düşmür. Hər kəs ya qışı sevərdi, ya da yayı. 

Aradan illər keçib və o uşaqlar böyüyülər.

İndi isə həmin uşaqların qəlblərində xəzan yelləri əsir. Mən də o uşaqlardan biriyəm və bu gün mən ən çox payızı sevirəm. Payız mənim üçün böyümək, böyüdüyünü anlamaqdır. Payız, anamın niyə pəncərədən səssizcə və saatlarca küçəyə baxdığını dərk etməkdir. Bəzən isti çayın nanə və limon ilə olan harmoniyasıdır payız. Məsələn, iki gün öncə yağışın altında dağı aşandan sonra qarşılaşdığım gölün kənarındakı xəzan yarpaqların xışıltısı ilə gölə düşən yağış damlalarının ahəngidir payız. 

Payız Rəşid Behbudovu, Akif İslamzadəni, Könül Xasıyevanı, Aygün Bəyləri dinləyərkən zövq almaq və bir o qədər də, dərin düşünməkdir.

Bir az da ümiddir payız. Ağacların daha  gözəl güllər açması, geniş budaqlı, yenidən yaşıl yarpaqlı olması üçün qızıl yarpaqlarını tökməli, torpağına rütubət dəyməli olduğunu qəbullanmaqdır bəzən də. 

Hər fəsil çox gözəl və çox özəldir. Siz siz olun, göy qurşağının bütün rənglərini sevməyi öyrənin ki, onu görmək üçün payızın buludlarını günəşin qovmasını gözləməyəsiniz.

 

Fotolar müəllifindir. 

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.