Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Payız öz rəngarəngliyi ilə insan ruhunu oxşayır, qəlbə sakitlik bəxş edir. Qızılı yarpaqlar təbiətin həzin bir nəğməsi kimi hər yanı bəzəyir, sanki insanın iç dünyasını qidalandırır, ona mənəvi rahatlıq gətirir.
Lakin Ağdamda payız başqadır, burada kədər və sevinci bir arada yaşayırsan.
Bu məğrur torpaq sanki dağıntılar arasında da gözəllik yaratmaq istəyir. Erməni işğalçılarının viran qoyduğu şəhərin xarabalıqları arasında təbiətin toxuduğu sarı və qızılı naxışlar yeni bir həyatın simvoluna çevrilir. Dağıntılar arasından baş qaldıran Xan çinarları, nar kolları sanki dirçəlişin işarəsidir. Onlar, Cümə məscidinin kölgəsində, yeni tikilən binaların fonunda, bir daha baş əyməyəcəklərini hayqırır.
Ağdamdan dağlara doğru irəlilədikcə yolun hər iki tərəfində təbiətin öz boyaları ilə yaratdığı möcüzələr insanı heyran qoyur. Qarqarçayın sahillərində, Şahbulaq dağının ətəyində və Xaçınçay su anbarının ətrafında sarı-qızılı yarpaqların rəqs etdiyi çiçəklər, itburnu, böyürtkən və nar kolları payızın füsunkar palitrasını gözlər önünə sərir. Təbiətin sinəsində yerləşən Şahbulaq qalası isə bir rəssamın əlindən çıxmış əsər kimi qarşımıza çıxır. Sanki qızılı boyalarla işlənmiş möhtəşəm bir tabloya baxırsan. Qalanın yaxınlığında pıçıltı ilə axan bulağın göz yaşı kimi şəffaf suları kiçik bir göldə toplanaraq, ətrafdakı mənzərənin sakitliyini və təbiətin qəlbindəki sonsuz gözəlliyi tamamlayır. Ağacların sarı və qırmızı rəngləri bu dumduru göldə əks olunaraq insanın ruhuna toxunan bir harmoniya yaradır.
Burada payız mənə görə, 6 min şəhidin anasıdır, şəhid olmuş bir şəhərin ümidləridir, vətən həsrəti ilə bu dünyadan köçən doğmaların həsrətidir, kədəridir, nisgilidir.
Ağdamın payızı təbiətin dilə gətirə bilmədiyi bir qüssənin, eyni zamanda yenidən dirçəlişə olan ümidin rəmzidir.
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)