Təbrizli, imanlı Təbriz İman” - ƏKBƏR QOŞALI YAZIR Featured

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist Əkbər Qoşalının “Təbrizli, imanlı Təbriz İman” məqaləsini təqdim edir. 

 

(Dostum-qardaşım, şair Təbriz İmanın “Sabahın vicdanı” kitabına önsöz)

 

“Ruha, cana salam olsun”! – Bu, Borçalı köklü, Borçalı ruhlu, Darvaz doğumlu Təbriz İmanın salamıdır. – Onun yeni şeirlər kitabı, ilk bəndində bu misranın yer aldığı “Salam olsun” şeiri ilə başlayır. Ərəb demiş: Və aleykum salam! İslamda “Əs-Səlam” Yaradanın adlarından biri, yəhudilikdə “Salam” Yaradanın sifətlərindən biri olaraq qəbul görüb. “Salam” özü anlamca barış, əmin-amanlıq deməkdir. Müsəlmanlar və yəhudilər rastlaşdıqda, görüşdükdə biri digərinə “Salam” deyərək, Yaradandan ona salamatlıq, əmin-amanlıq, firavanlıq diləmiş olur; yəni üzərinə barış, əmin-amanlıq olsun! Beləliklə, “Salam” müsəlmanlar və yəhudilər arasında görüşərkən işlədilən ilk ifadə olması ilə özəl yerə sahibdir – rastlaşmanın, görüşün, söhbətin bismillahıdır. İslamı qəbul etmiş türk xalqlarının çoxu da bu sözü işlədir.

 

Təbriz İmanın həyata, dünyaya baxışı eynən Azərbaycan bayrağının boyalar qurultayı kimidir: göy, qırmızı, yaşıl... O, türk oğlu türkdür, çağdaş çağırışlara nəinki biganədir, əksinə, qabaqcıl düşüncəli aydınımızdır və imanlı, halal insandır. Ay-ulduz da, necə deyərlər, öz energetikası ilə, onun bütün işinə-gücünə hopub. Şairin bayrağa, Vətənə ad etdiyi şeirləri ilə yanaşı, ümumən bütün yaradıcılığı dediyimiz üçboyalı qurultaycadır, Ay-ulduzludur.

 

Yaxından tanıyanlar yaxşı bilir, o, torpağa da çox bağlıdır. “Mənim sadiq yarım qara torpaqdır” misrasını Aşıq Veysəl işlətməmiş olsaydı, bəlkə, onu çağımızda Təbriz İman deyərdi. “Torpaqda izi olmayanın, süfrədə üzü olmaz”, “Torpaq deyir: öldür məni, dirildim səni” deyimlərini də, daha öncələr eşitməmiş olsaydıq, olsun ki onları da Təbriz İmandan eşidə bilərdik. Bax, belə bir aparıcı torpaq amilinə baxmayaraq, Təbriz İmanın ruhu, eşqi onu daha çox Ay-ulduz şairi kimi, Göylərlə əlləşən duyğu-düşüncə adamı kimi qələmə verməyə əsaslar yaradır. Yalnız bir önşərtlə: o, mövzuya cılxa romantika ilə baxmır, uslu (ağıllı) yanaşmadan da uzaqlaşmır. O, el-obasının, soyunun, coğrafiyasının alqoritmini tutan, könlünü göyün üzünə də, torpağın bərəkətinə də eyni məhəbbətlə açan şairdir!.. Yoxsa, ilin-günün, dünyanın indiki vaxtında (çağırışlarında), Ay işığından, çiçək-böcək... çevrəsindən çıxa bilməsəydi, onu nəinki təqdir edər, qardaş ərki ilə qınayardım, bəlkə...

 

Əlbəttə, “ilin-günün bu vaxtı” da, “çağırışlar” da ötəridir – “Əbədiyə qəh-qəh çəkir əbədi dünya”... – Bunları bilməzmiyik?. – Bilirik və deyirik: şeirin, bədii sözün, emosional mətnin özəlliyi də ondadır ki, sən düzxətli, bərabərsürətli düşünməyəsən, olmazlara da, olmuşlara da öz baxışın ola, söz kimi söz söyləyəsən. Yanaşılmamış limanlar, varılmamış qıyılar şairi gözləyir... Təbriz özü demiş:

 

“Ruhun, canın yanaşdığı,

Hər limana salam olsun”!

 

Bəli, Təbriz İman bu dünyaya Borçalıda göz açıb – “Vətənin qıraqda qalan yer”ində. Balaları isə Bakıda, Xəzər qıyısında dünyaya göz açıb. O da, dağlar döşünü dəniz qırağına xoşməramlı, könüllü dəyişənlərdəndir. Əgər alqoritmdən, duyğusallıqla usluluğun dəngəsindən danışırıqsa, üstəlik, dədə-babalarımızın Altaylardan Adriatikə at səyirtdiyini unutmamışıqsa, o zaman burdan-bura – Darvazdan Abşeron yarmadasına görünmüş Yolu da qəribsəmirik...

 

Təbriz Bakıya oxumağa gəlmişdi – oxudu, öyrəndi və burada qalası oldu. Ancaq bu işlər belə sadə cümlələrlə tamamlanmır axı, yeraltı çaylar kimi, şüuraltı axınlar kimi, “ilk yuva” özləmi bir türlü bitib-tükənmir, tükənmir...

 

“Bizim əllərimiz uzalı qaldı,

Bəxtim  dağ olanda, mən aran oldum.

Bu həsrət özümü özümdən aldı,

Həmişə bəxtimdən nigaran oldum”. (“Oldum”)

 

“Vətənin qıraqda qalan yeri”ndə doğulmaq, hələ-hələ orada doğulub da, 90-cı illərdə Bakıda öyrənci olmaq, nələrə-nələrə tanıq olmaq alın yazısıydı... Dövlət müstəqilliyinin dadını-duzunu görməmiş torpaqlarımız işğala uğradı, yüzminlərlə soydaşımız qaçqın-köçkün düşdü... Dağılan “İttifaq”la birgə bütün “müttəfiq respublikalar” arasında ayrımçılığın, yeni bağların yaranması başqa bir fəsil gətirdi... Ən azı, bizim yaşıdlar o fəslə hazırlıqsız yaxalanmış kimi oldu... Əgər sənin əlində #qələm, könlündə sevda varsa, fəsillər sənin ömründən keçərkən qələmindən də keçir... Sonra görürsən, nisgilli-nisgilli alxış edirsən... Örnəyi, şair Təbriz şəhər adaşına yazan kimi:

 

Şəfəqlər hökmünü uzağa sürsün,

Günəş tellərini buludmu hörsün?

İlahi, rəhm eylə, Turanı görsün,

Az qalıb Təbrizin ölüm vaxtına.

 

Dadaloğlu necə deyirdi: - “Ölən ölür, qalan sağlar bizimdir”! Daha nə deyirdi Dadaloğlu? – “Fərman Padşahındı, dağlar bizimdir”. Mən də, qardaş ərki, dost sayğısı ilə demək istəyirəm, Təbriz, artıq bizim nə şəhərimizin, nə insanımızın ölən vaxtı deyil! Ustad sözüdür:

 

“Yol Tanrının, haqqı dərkin dünyası,

Əvvəl-axır dünya Türkün dünyası,

Üç gün, beş gün gecim-tezim olacaq,

Bugün-sabah dünya bizim olacaq”! (Z.Yaqub)

 

İnanıram, Təbriz İman inanır, milli tariximizin Təbriz fəsli gələcək, Turan Günəşi doğacaq!Ozan Arif demiş: “Başqa yolu yox artıq”!

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.