Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi
Daşları yuva bilmişik,
Daşlar da ürək qınağı...
Daş döşənmiş yollar tarixin dəbidir. Daş yollar haqqında yazılı mənbələrin tarixi eramızdan əvvəl III minilliyədək uzanır. İlkinlik yenə “İki çay arası” mədəniyyətinin təbəssümüdür. Misir, Roma, Çin mədəniyyətləri öyrənilənin tətbiqindən başqa bir şey deyildi.
İncəsənətdə əks olunan ən gözəl daşlı yollar Roma dönəminə aiddir: Romaya aparan bütün yollara daş döşənirdi axı. Bu gün belə, Roma imperiyası dövründə salınmış yollar “dünyanın ən etibarlı” yolları sayılır. Amma romalılar üçün bu yolların yolçusu heç zaman duyğular olmadı. Nazan Bekiroğlu “Kehribar geçidi” romanında sandıq-məzarların Efesdən Romaya daşınılmasından yazanda ürək ağrısıyla qeyd edib ki, “gəmilərin yükü iqtisadiyyata xidmət edirdi”. O sandıq-məzarlarda oyulan naxışların hər detalının insan hisslərinin göstəricisi olduğu heç efesli ustalara da maraqlı deyildi. İndi isə biz - bu günün insanları o naxışlara baxa-baxa duyğu dənizinin dibinə baş vurur, oradan çıxış üçün də fikir xilasedicilərindən mədəd umuruq...
Maçi Piçu özünü müasir insanlara göstərməyi qərara alandan bəri, daş yolların tarixində yeni səhifə açıldı. Demək, daş yollar İnka mədəniyyətində də inkişafa aparırdı nə vaxtsa... O inkişaf, bu gün dünya mədəniyyətinin bayraqdarı sayılan Avropanın o inkişafın yoluna daş qoyması başqa yazının mövzusu olduğundan “ah” çəkir, yazımı burada yarımçıq qoyub Şəkinin daş yollarında gəzintiyə çıxıram...
***
Ürək də daşa dönərmi,
Bozararmı, görən, üzü?
2000 ildən çoxdur ki, romalıların saldığı yollar dünyanın bağrındadır. Hələ də istifadə olunanı, tağlı körpülər vasitəsilə bir-birinə dərd danışanı var o yolların. ...Yollar bizimlə də danışar, dinləməyi bacarsaq.
Çindən başlayan “İpək yolu”nun da daş döşənmiş hissələri vardı. Nənəsindən yadigar qalan ipək dəsmalı satmaq istəməyən bir gənc ananın “ah”ı var o yolların xatirəsində. Və həmin “ah” iki duyğunun bir-birinə sarıldığı anda qopmuşdu gənc ananın sinəsindən... Karvanla uzaqlara gedən əri qayıdanadək körpə balasını doyuzdurmalıydı axı. Nənəsindən qalan ipək dəsmalı satdı, uşağına yemək aldı. Satdığına peşman oldu, aldığından razı qaldı... Peşmanlığıyla məmnunluğunun vüsal anında “ah” çəkmişdi...
Yolları salmaqçün tapdanmış torpaqdan və gəlişigözəl düzülən müxtəlif ölçülü daşlardan istifadə edən yunanlar arasında daşdöşəyən peşəsinə yiyələnmək istəyənlərin sayı o zaman çoxaldı ki, romalıların saldığı yollara ayaq basdılar.
Bizim gözəl Şəkidə daşdöşəyən peşəsinin haçan meydana çıxdığı barədə isə dəqiq tarixi məlumat yoxdur. Üzeyir Hacıbəylinin felyetonlarından birində xaricdəki fildən düzəldən həmyerlilərimizin obrazı var. Şəkinin daş yollarının araşdırılması da elə olub - bu yolun hansı dövrdə, hansı şəraitin tələbi olaraq salınmasını araşdırmaq əvəzinə, tədqiqatçılarımız yolun bugünkü vəziyyətinə söykənərək dünən haqqında fərziyyələr irəli sürürlər... Sonra da ilk Misir fironunun Qafqaz əsilli şahzadə olması, şərab tanrısı Dionisin özünü təqdim edəndə Bakius adlandırması faktı çıxır qarşımıza, əcnəbi tədqiqatçılara paxıllığımız tutur, içimizi çəkirik: “O əjdahadan bizdə niyə yoxdu?”
Əl atdığım mənbələr məni naümid qoyanda əlac qaldı yaşlıların hafizəsinə, bir də, daşdöşəyənlərin öz peşələri barədə bir-iki sirr açmalarına... Yaşlı şəkililər danışırlar ki, daş yolların tarixi çox qədimdir. O qədər qədim ki, babaları-nənələri belə, bu daş yollarda keçən uşaqlıqlarından danışırlarmış. Şəkinin daş yollarının hansı dövrə aid olması barədə heç nə tapmasam da, 18-ci əsrə aid rəsmlərdə, tikmələrdə daş yolların görünməsi bəs edir ki, bu ənənənin yeni olmaması qənaətinə gələk.
Yerli əhali daş yolların salınmasını relyeflə əlaqələndirir. Dağlarla əhatələnmiş Şəkidə adi yağışlar az yağır. Buranınkı həftələrlə sürən çisək, yaxud leysandır. Arası kəsilməyən leysanlar nəticəsində ildə, ən azı, 3-4 dəfə Şəkidə sel fəlakəti yaşanır. Çaylar daşır, körpülər uçur, yollar, cığırlar yuyulur... Selin hər həftəbaşı yumağa gücü çatmayan yol lazım idi insanlara; yol mədəniyyətdir axı. Daş yollar məhz belə meydana çıxdı.
Bəzi yaxın tarixli mənbələrdə qeyd olunur ki, Şəkinin daş yolları böyük “İpək yolu”nun bir parçası olub. Şəkidə yaşamasaydım, bu faktı həqiqət kimi qəbul edərdim. Cümə məscidinin, lap elə Yuxarı karvansarayın qarşısınadək uzanan daş yolun bu məqsədlə salındığını qəbul edərdim, bəs Ağvanlar küçəsi, Yuxarıbaş məhəlləsinin ucu meşəyə çıxan kiçik dalanları? Bunlar dünyəvi əhəmiyyətə malik bir yolun parçası ola bilməz. Demək, Şəkinin daş yolları elə şəkililər üçün salınıb, gələn qonaqlar üçün yox. Hələ düşünəndə ki, neçə əsr qabaq əcnəbi qonaqları hər adam öz evinə qonaq aparmırdı, onlar yalnız ziyalıların, zadəganların evində qonaqlayırdılar... Necə ki, Aleksandr Düma bizim küçənin o biri səmtindəki bir evdə dövrün tanınmış ziyalılarından olan Şəmsəddin Əbdülqəni Əfəndi Nuxəvinin evində qalmışdı.
Mədəniyyətdir yol... Və dahi Nizaminin təbirincə, “kamil palançı yarımçıq papaqçılıqdan yaxşıdır”. Daş yolların estetikası və davamlılığı daşdöşəyənin işinə sevgisindən, məsuliyyətindən asılı idi. Elə indi də elədir... Bir də, daşın haradan gətirildiyindən, necə işlənməyindən. Şəkinin məşhur daşdöşəyəni Gülüyev Nihat deyir bunu:
“15 ildən çoxdur ki, daşdöşəyənəm. Peşənin sirrini 40 ilin daş ustası olan atamdan öyrənmişəm. Adətən, Kişdən və Qaxdan gətirilən daşlarla işləyirik. Keyfiyyətli daşlardır. Qayadan çapılmış daşlar da olur. İstər çay daşı olsun, istər qaya daşı olsun, əsas odur, yola döşəməyə uyğun olsun. Daşın çəkiclə qırılma, iskənə ilə yonulma üçün də uyğun olması şərtdir. 1m2 yola döşəmək üçün konkret daş sayı yoxdur. Bu say daşın ölçüsündən asılıdır. Çalışırıq ki, qalınlıq, ən azı, 5-6 sm olsun”.
2019-cu ildə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Və Şəkiyə gələnlər, şəkililər demiş, gələnlər-görənlər “tarixi mərkəz” adlanan ərazinin dağın yastanası boyunca uzandığını, Dövlət Tarix-Memarlıq Qoruğunun adının Xan sarayından yuxarıdakı Yuxarıbaş məhəlləsinin adından götürüldüyünü bilir. Hər il minlərlə yerli və əcnəbi turisti cəlb edən Şəkinin daş yolları qədim yaşayış məskəninin xarakteristikası, mistik abu-havası ilə yanaşı, romantikasını da özündə qoruyub saxlamaqdadır...
Yerli sakinlər daş yollardan danışarkən qaşlarını çataraq gülümsəyirlər. Bu qaş çatmada və gülümsəmədə xatirələr növbələşir - kədərli və sevincli xatirələr. “Daş yollar yayda Şəkini daha da sərin edir!”-iddiasını səsləndirənlər də var. Haqlıdırlar... Yayın ən qızmar istisində belə, daş yollarda gəzərkən daşlardan ruhuna sərinlik yayılır. Demirəm, bu daşlar günəşin istisindən payını almır, yox... “Daşın üzü soyuqdur” inamı anadan olandan bu yana eşitdiyimiz sözdür, hələ anadan olmamışdansa genetik yaddaşımıza hopan fəlsəfədir.
***
İnsan daşdan eşq əmərmi?
Daş ağararmı dan üzü?
Şəki əhalisinin adını unutmadığı, ayağını qoyduğu hər daşda rəhmət oxuduğu məşhur daşdöşəyənlərdən biridir Hacı Cəfər usta. 18-ci əsrdə yaşamış Hacı Cəfər Xan sarayının ətrafındakı yollara daş döşəməyilə daha çox yadda qalıb. Deyilənə görə, Hacı Cəfər daş döşənəcək olan yolu, azı, 50 dəfə aşağı-yuxarı gedib-gələrmiş. Çalışarmış, yolun hər qarışına ayağı dəysin. Bunu niyə etdiyini soruşanlara deyərmiş: “Yolu tanıyıram”.
Beləcə, yolların tanışına, doğmasına çevrilərmiş Hacı Cəfər usta... İlk nəzərə alınan amil relyef idi, ikincisi daşın altına töküləcək palçıq. Həmin palçıq haqqında isə bizə hələ də ənənəni qoruyub saxlayan, uluların mirasına sahib çıxan məşhur daşdöşəyən Nəcəfov Əbülfət məlumat verdi:
“Palçığı hazırlamaq üçün seçilən quma diqqət eləmək lazımdır. Kiş çayının yatağından yığılan daşlarla bərabər oradan qum da gətirilir. Çalışırıq ki, qum irili-xırdalı olsun. Təkcə iri qumla, yaxud təkcə xırda qumla işləyəndə daşın altı bərk olmur, sel gələn kimi, bu qumları qabağına qatır, yuyub aparır. Ona görə də, daşın altına palçıq hazırlayanda bərabər miqdarda iri və xırda qum qatılmalıdır. Palçığı elə duruluqda eləməlisən ki, daş üstündə oynamasın, tutsun. Daşlar arasında su yolu da qoyulmalıdır. Beləcə, su daşın altına girməyəcək, axıb öz yolunu tapacaq”.
Daşdöşəyən... Bəribaşdan görürəm ki, uzağı, 50 ilə bu peşə unudulacaq. Müasir dillə desək, “sıradan çıxacaq”. Hacı Cəfər ustanın, Molla Məhəmməd ustanın, usta Qasım Əfəndinin və daha neçə-neçə əlləri qızıl, ürəyi təpərli daşdöşəyənin qoyduğu miras xatirə olaraq qalacaq. Ta o vaxtacan ki, daş yolları və daşdöşəyənləri xatırlayan sonuncu adamın da ayağı bu yollardan kəsiləcək... Həmsöhbət olduğumuz daşdöşəyənlər də, elə yerli əhali də daş döşəməyi öyrənmək niyyətində olan bir gənc tanımadıqlarını deyirlər.
***
Daş yollar... O yollarda ömür qoymuş, o yollardan çörəyini çıxarmış daşdöşəyənlər... Sevdasını daşa yazmayan, daşla yazan aşiqlər... O daşların dilini öyrənməkçün yuxularında fələkdən buta istəyən məşuqələr... Bir də, hər gün daş yollarla gəzə-gəzə nə vaxtsa yazacağı (bəlkə də, yazmaq üçün ömür tapmayacağı) “Daşdöşəyən bilirdi” adlı romanını düşünən mən... Bir də, illər əvvəl dilimdən tökülən misralar...
Suallar... Daşlı suallar,
Daşlayar, yaralar məni...
Bu ahıl, yaşlı suallar,
Didərlər, oyarlar məni.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)