İkinci "YAŞAT" yay məktəbinin ikinci həftəsi davam edir

 

“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan ikinci "YAŞAT" yay məktəbinin ikinci həftəsi davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı fonda istinadən xəbər verir ki, əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

 

13-27 iyul tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilir və proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərinə cəlb olunurlar.

 

Ekskursiya dünyanın ən böyük və qədim muzeylərindən biri olan Britaniya Muzeyinə ziyarətlə başlayıb, uşaqlara eksponatlarla bağlı ətraflı məlumat verilib. Ardınca dünyanın ən qədim ingilisdilli universitetləri - Oksford və Kembric Universitetinin yerləşdiyi şəhərlərə ekskursiya təşkil olunub. Avropanın ən qədim kitabxanalarından sayılan, dünya tarixinə yön verən nəşr və kitabların qorunduğu Bodleian Kitabxanası da ziyarətçilərin marağına səbəb olub. Məşhur “High street” küçəsi və burada yerləşən Oksford Universiteti də ziyarət olunub. Kembricin “Downing” kolleci, memarlığı ilə göz oxşayan Müqəddən Məryəm Ana Kilsəsi də diqqəti cəlb edib.

 

Ekskursiya çərçivəsində şəhid övladları Londonun rəmzi sayılan "Big Ben", "Vestminster abbatlığı və sarayı ilə də tanış olublar.

 

Xatırladaq ki, yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 şəhid övladını əhatə edir.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.