Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bu dəfə istədim sizlərə çox maraqlı bir hekayət nəql edim. Məni çox təsirləndirən bu hekayət, düşünürəm ki, sizlərin də marağına səbəb olacaq. Uşaqlığımda mənim Enne (Annie) adlanan gəlinciyim olub. Elə xanım oxucuların da əksəriyyətinin. Eləcə də çoxumuz baş qəhrəmanı Enne olan “Kiçik Eynşteynlər” multserialını maraqla izləmişik. Amma heç mahiyyətinə varmamışıq ki, niyə məhz Annie?
Şəxsiyyəti məlum olmayan gənc qızın cəsədi 1930-cu illərdə Parisdə məşhur Sena çayının sahillərində tapılır. Yarılma zamanı məlum olur ki, qız 16-17 yaşlarında olub və intihar edib. Morq həkimi qızın hamar dərisi və zərif təbəssümündən çox təsirlənir və üzünün mum qəlibini götürür. Sonra qıza Sein adı verilir və o, Parisdəki evsizlər qəbiristanlığında dəfn edilir.
Qonaq otağında qızın üz qəlibini asan həkimə baş çəkməyə gələn qohumları və dostları qızın üzündəki ifadədən çox təsirlənirlər. Üzündəki qəribə narahatlığa bənzədilən, xoşbəxtliyini itirməkdə olan ifadə barədə Parisdə danışılmağa başlanılır. Hadisəni eşidən oyuncaq istehsalçısı Asmund Laerdal 1940-cı ildə qızın üzünün PVC nüsxələrini istehsal edir və bəzi oyuncaqlarda istifadə etməyə başlayır.
O, ona 'Annie' adını verir və qızın üzünə sahib olan gəlincik hazırlayır.
1958-ci ildə Amerikalı Dr. Peter insan tənəffüsünü kəşf edir və təlimdə istifadə etmək üçün oyuncaq istehsalçısı Laerdaldan 500 real ölçülü Annie gəlinciyi sifariş edir. Lakin o zamankı Amerika hökuməti bu təlimi lazımsız görüb gəlincik alışını ləğv edir və istehsal olunan gəlinciklər anbarda qalır.
Gerisi daha maraqlıdır.
Ziyanda qalmasın deyə oyuncaq şirkətinin sahibi Laerdal Avropayla - Norveçlə müqavilə bağlayır və gəlincikləri ora göndərir. Bu arada Peterin təliminə qarşı haqsız çıxışlar da səngiyir və onun kəşfinə Amerikada da olmasa, Avropada önəm verməyə başlayırlar. Bu tarixdən sonra bütün dünyada süni tənəffüs təhsili üçün eyni model manikenlərdən istifadə edilməyə başlanır və manikenlərin hamısı Parisli Sein simasına sahib olur…
Ömrünə çayda son qoyan Seynin gülümsəyən dodaqlarında yüz minlərlə insanın həyatını xilas edən öpüşü gizlənib. Maykl Ceksonun əfsanəvi Smooth Criminal mahnısında 42 dəfə “Enne, sən yaxşısan?” sualı verilir. Heç düşünmüsünüzmü, bu Enne kimdir? Düşünə bilərsiniz ki, Enni Ceksonun uydurduğu bir personajdır, amma belə deyil. Əslində, hətta, "Enni, yaxşısan?" sual da müğənniyə aid deyil. Bu sual "Resusci Annie" və ya "CPR Annie" kimi tanınan gəlincikdən gəlir. Yəni süni tənəffüs məşqində istifadə olunan məşhur modeldən…
Bir intiharın arxasında yüzminlərlə insana həyat verən təbəssüm dolu dodaqlar və o dodaqlarda yaşayan ölümsüzlük öpüşü…
Bax belə bir maraqlı hekayət!
Şəkillərdə: “Annie” oyincaqları eBay xəttilə hazırda dünyada ən çox satılandır (qapaq fotosu); “Kiçik Eynşteynlər” cizgi filmindən fraqment (iç fotosu)
“Ədəbiyyat və incəsənət”
(29.01.2024)