Biz məhz onu gözləyirdik - İSKƏNDƏR PALA BAKIDADIR Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Nə gizlədək, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin proqramı ilə tanış olanda mənim də bir çoxları kimi İskəndər Palanın adını görərkən sevincimin həddi-hüdudu olmadı. Bəli, biz bu yazarı sevirik, özü də çox sevirik. 

Və dərhal da qeydə aldım, 13 noyabr, saat 11.00, “Zəfər” Təqdimat Zonası.

Və yazıçının hər hansı nəşriyyat tərəfindən deyil, məhz təşkilatçı qurum - Mədəniyyət Nazirliyi tərəfindən dəvət olunması da xüsusi diqqət çəkirdi. 

 

Saat 11-in yarısında mən artıq “Zəfər”də yerlərin dolduğunun şahidi oldum. Həqiqətən də məşhur türkiyəli yazıçısı İskəndər Pala bir ədəbiyyat trendi olmağı bacarıb, üstəlik, mən onu tək ədəbiyyat deyil, həm də tarix trendi adlandırardım. 

 

Sərgidə bütün tədbirlərə 45 dəqiqə vaxt ayrılır, çünki hər saatın tamamında yeni tədbir başlayır. Hiss edirdim ki, görüşdən doymayacağıq. 

İskəndər Pala biz tamaşaçıları salamlayıb dərhal Azərbaycana və azərbaycanlılara bəslədiyi sevgisindən söz açdı. 

Qonaqla yanaşı oturan, bir növ tədbirə moderatorluq edən nazirliyinin məsul işçisi Akif Maarifli də ara-sıra ona yön verir, suallar ünvanlayırdı. 

Bu olduqca qısa vaxt ərzində sevimli yazıçımız “Babildə ölüm, İstanbulda eşq”, “Şah və Sultan”, “OD” və bir çox başqa populyar romanlarının yazılması barədə bilgilər verdi, qeyd etdi ki, hər kəs həyatı boyu müdrikləşməyə doğru getməlidir, bilik və təcrübəsini artırmalıdır, aforizm də işlətdi, dedi, “öyrənmək üçün heç zaman gec deyil”.

İskəndər Pala yaradıcılıq sirlərini də açdı, dedi, ciddi nəsr yazana əsla deməzlər, sən nədən ilhamlanıb yazırsan, bu poeziya deyil, ciddi nəsr bir yaşam tərzinin, peşəkar fəaliyyətin bəhrəsidir. 

Təbii ki, bu barədə mən də bilgi almaq istəyirdim, yazıçı bildirdi ki, hər bir romanı üzərində incəliklə çalışır, gününün çox hissəsini əsərlərinin yazılmasına sərf edir.

Suallara keçid alanda artıq vaxt bitmək üzrə idi, sual verənlərin çoxunun sualı ürəyində qaldı, bununla belə, hər kəs bu reqlamentdən bir qədər də uzun alınan görüşdən zövq aldı. 

Sonda yazıçı təqdimatda iştirak edən qonaqlara öz minnətdarlığını bildirdi və gələcək hədəflərindən də söz açdı. 

Təbii ki, hər birimiz İskəndər Palanın yeni  gələn romanını - adını söyləmədi - səbirsizliklə gözləyəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.