Azərbaycan mətbəxinin şah əsəri olan dolma beynəlxalq festivalda birinci yerə layiq görülüb

Daşkəndin Mərkəzi Parkında Özbəkistan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festivalda Azərbaycan yüksək səviyyədə təmsil olunub. 

 

AzərTAC xəbər verir ki, Özbəkistandakı müxtəlif ölkələrin səfirləri, diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət mərkəzləri, ictimaiyyət təmsilçiləri, yerli azərbaycanlılar, jurnalistlər, həmçinin Daşkənd şəhər sakinlərinin iştirak etdiyi festivalın münsiflər heyəti tərəfindən Özbəkistandakı Heydər Əliyev Adına Azərbaycan Mədəniyyət Mərkəzinin təqdim etdiyi Azərbaycan milli təamı olan dolma ən dadlı yemək nominasiyasında birinci yerə layiq görülüb və xüsusi mükafatla təltif edilib.

Ölkəmizi bu tədbirdə təmsil edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan milli stendini təşkil edib. 

Azərbaycan Mədəniyyət Mərkəzi beynəlxalq festivalda builki iştirakını Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edib və bu məqsədlə Azərbaycan pavilionunun önündə Ulu Öndərə dair foto və nəşrlərdən ibarət xüsusi sərgi açılıb. 

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Festivalda Azərbaycan mədəniyyətinə dair suvenirlər, Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib. Azərbaycan guşəsinə gələnlərə ölkəmizin mədəniyyəti, mətbəxinə dair müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub. Qonaqlara plov, dolma, qutab, dovğa, kükü və şirniyyatlarımız təklif edilib.

Tədbirdə iştirak edən ölkələr öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini, mətbəx nümunələrini nümayiş etdiriblər.

Festival çərçivəsində təşkil edilən konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Qeyd edək ki, beynəlxalq festivalda satışı təşkil edilən milli təamlardan əldə olunan gəlirin Özbəkistanda fiziki qüsurlu uşaqlar üçün internat məktəblərinə hədiyyə olunması nəzərdə tutulub. 

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.