Bakıda Gənc Kulinarların V Respublika Çempionatı keçirilib
Bakı Gənclər Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Dünya İslam Kulinariya Birliyinin prezidenti Tahir Əmiraslanovun 65 illik yubileyinə həsr edilən təhsil alan gənc kulinarların beşinci respublika çempionatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, çempionatda paytaxtdakı və müxtəlif bölgələrdəki universitet və peşə məktəblərində təhsil alan gənc kulinarlar iştirak ediblər. Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, yubilyar Tahir Əmiraslanovun açıqlamasına görə, rəhbərlik etdiyi qurum tərəfindən artıq 5-ci ildir ki, təhsil alan kulinarların çempionatını keçirməkdə məqsəd milli mətbəximizin tanıdılması və gənclərin kulinariya sahəsinə həvəsinin yaradılmasıdır. Belə yarışların və tədbirlərin keçirilməsi Azərbaycan kulinariyasının inkişafına xidmət edir.
Tədbirin ilk hissəsində iştirakçıların hazırladıqları müxtəlif yemək çeşidləri və şirniyyatlar münsiflərə və qonaqlara təqdim olunub.
Sonra münsiflər ən dadlı və ən vizual effektli təamları müəyyənləşdirməyə başlayıblar.
Seçimlərin həm dadlandırmaya, həm da ümumi kompozisiyaya uyğun aparılması, təbii ki, beynəlxalq kulinariya müsabiqələrinin tələbidir. Görünüşü xoş olmayan ən dadlı yemək diqqət çəkməz, eləcə də görünüşcə gözəl olan dadsız yemək.
Qaliblər müəyyən edilərkən təamların təqdimatı və milli xüsusiyyətlərə uyğunluğu da nəzərə alınıb. Sevindirici haldır ki, kulinar iştirakçılar - gənclər və yeniyetmələrin hamısında gözəl əhvali-ruhiyyə və həvəs müşahidə olunub.
Bəyənilən iştirakçılara gəldikdə isə, Naxçıvandan qatılan kulinarların stendi çox bəyənilib, çünki onlar daha çox qədim və milli kompozisiya yaradıblar.
Çempionata Sumqayıt şəhərindən qatılan gənc kulinarların təqdim etdikləri
fisincan və səbzi plov da hədsiz bəyənilib.
Sonda tədbirin rəsmi hissəsi baş tutub və çempionatın qalibləri mükafatlandırılıb.
Hamı tədbiri gözəl ağız dadı və xoş ovqatla tərk edib.
“Ədəbiyyat və incəsənət”
(10.04.2023)