Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Biz İranı əsasən siyasi motivlərlə tanıyırıq. Azərbaycanın Güneyinə yiyələnməsi, soydaşlarımızın hüquqlarını pozması, Qarabağ müharibəsində erməniləri dəstəkləməsi, ABŞ kimi dünya nəhəngi ilə kəllə-kəlləyə gəlməsi, nüvə daşıyıcısı olaraq insanlığa təhlükə törətməsi, insan azadlıqlarını boğması və s. və i.
Təəccüblüdür ki, İran dünyanın ən bahalı ərzağının əsas ixracatçısıdır. Söhbətimiz bu barədə olacaq.
Euronews kanalından nümayiş etdirilən bir süjet hədsiz marağıma səbəb oldu. Sonradan bu xəbərin dünya saytlarında ən çox tirajlandığının da şahidi oldum.
Sizcə, ən bahalı qida hesab edilən qara kürü haqqında danışırıq və ixracatçı İranın Rusiya ilə müqayisə edərək üstünlüyü barədə mübahisə etməyə hazırlaşırıq? Sizi məyus etməyə hazıram. Bəli, qara kürü zəngin insanlar üçün bir ərzaq məhsuldur. Ancaq lap zəngin insanlar qara kürü deyil, ağ kürü yeyirlər.
Ağ kürü qaradan daha bahalıdır və daha dadlıdır. Qaradan daha eksklüzivdir. Və hətta bütün varlı insanlar onun qiymətini ödəyə bilməzlər, çünki bir kiloqramın dəyəri 25 min dollardan başlayır.
Bəli, İran dünyanın aparıcı ağ kürü istehsalçısıdır. Pilotsuz təyyarələrdən sonra İranın ən qiymətli ixracatı məhz ağ kürüdür.
Yəqin ağ kürü barədə çox az adam məlumatlıdır. Nədir o?
Məşhur Beluqa - nərə balığının bir növü qara kürü verir, bunu hamınız bilirsiniz. Ağ kürü, əslində, qara Beluqa kürüsünün bir dəyişikliyidir. Ancaq fərq ondadır ki, onu adi Beluqadan deyil, qeyri-adi ağ rəngdə olan albinos Beluqadan alırlar.
Və kürü də tünd boz deyil, ağ rəngdədir.
Birincisi, albinos Beluqa olduqca nadir balıqdır.
İkincisi, nisbətən gec (digər nərə balığı ilə müqayisədə) kürü verməyə başlayır.
İranın bəxti onda gətirib ki, albinos Beluqalara Xəzərin nə Azərbaycan, nə Rusiya, nə də Qazaxıstan sularında rast gəlməzsən. Yalnız İran ərazisi sayılan Xəzər sularında yaşayan bu nadir balıq İran dövlətinin rəsmən sərvətidir.
İran ixrac üçün satılan bu nadir kürünün miqdarını ciddi şəkildə kvotalayır, çünki ölkə daxilində qəşəng həyatın zəngin pərəstişkarları var. Hakim molla rejiminin yüksək eşalonu bəh-bəhlə ağ kürü yeyir, eləcə də dünyanın Forbes milyonçuları siyahısında qərarlaşan zəngin əcnənilər bu ləziz təama üstünlük verir.
Bütün bunlar dünya bazarında inanılmaz dərəcədə az miqdarda ağ kürünün çıxması ilə nəticələnir (mütəxəssislərin fikrincə, İrandan ildə yalnız 10 kiloqram ağ kürü ixrac olunur). Və buna görə, bu nadir ləzzət üçün yüz qaramlıq bankaya 2500 dollar ödəmək lazım gəlir.
Əgər Bakı zənginlərindən ağ kürü dadanlar varsa, lütfən onin dadını yazıb bizimlə bölüşsünlər. Adlarını açıqlamarıq, narahat olmasınlar.
Halva-halva deməklə ağız şirin olmaz deyirlər. Amma ağ kürü, ağ kürü deməklə ən azı təsəvvürümüzdə özümüzü ağ adamlar sırasında görə bilərik.
“Ədəbiyyat və incəsənət”
(29.09.2023)