Mədəniyyət Nazirliyində gənc kinematoqrafçılarla görüş olub Featured

Avqustun 14-də Mədəniyyət Nazirliyində gənc kinematoqrafçılarla görüş keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli gənc kino işçilərini salamlayıb, bu il 125 yaşı qeyd olunan Azərbaycan kinosunun zəngin ənənələrindən, bu sahənin inkişafına öz töhfəsini vermiş görkəmli sənətkarlardan bəhs edib.

 

Dövlət tərəfindən mədəniyyətin digər sahələri kimi, kinematoqrafiya sahəsində də diqqət və qayğı göstərildiyini deyən nazir ölkə başçısının bununla bağlı müvafiq fərman və sərəncamlar imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin fərmanı ilə Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması da bu sahəyə yüksək qayğının daha bir təzahürüdür.

 

Adil Kərimli bu ilin aprel ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ilk Kino Forumundan keçən dövr ərzində görülən işlər barədə də məlumat verib, yaradıcı sənayenin inkişafının əhəmiyyətini vurğulayıb.

 

Görüşdə gənc kinematoqrafçıların fikir və təklifləri, məsələlərə münasibəti dinlənilib, maraqlı diskussiya keçirilib, kino sahəsinin inkişaf məsələlərinə dair geniş müzakirə aparılıb. Qeyd olunub ki, gələcəkdə belə platformaların, görüşlərin sistemli, mütəmadi keçirilməsi, kinematoqrafiyanın müxtəlif sahələrində yaradıcı əməklə məşğul olan bütün gənclərin əhatə olunması önəmlidir. Sonda görüş iştirakçıları xatirə fotosu çəkdiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.