76-cı Kann Film Festivalının siması 80 yaşlı xanım oldu Featured

 

Mayın 16-dan 27-dək keçiriləcək 76-cı Kann Film Festivalını təbii ki, bütün kinosevərlər gözləyirlər. Kinofestival rejissor Mayvenin tarixi “Favorit qız” filmi ilə açılacaq. Ən gözlənilən dahi rejissor Martin Skorsezenin “Çiçək Ayın qatılləri” filminin premyerasıdır. 

Ötən gün kinofestival barədə yeni xəbərlər oldu.

“Ədəbiyyat və incəsənət” portalı festivalın saytına istinadən xəbər verir ki, festivalın posteri təsdiqlənib. Təsdiqlənən poster üçün dünyaşöhrətli fransız aktrisasına müraciət edilib. Bəli, 76-cı Kann Film Festivalının posteri üçün fransız aktrisa Katerin Dönöv seçilib. Yəqin bu ad kinosevərlərin əksəriyyətinə tanışdır. Gözəllik rəmzi olan, gəncliyində məlaikə, büt adlanan bu xanım yenidən gündəmdə olacaq.

Ağ və qara rəngli poster Artland Vila tərəfindən Alen Kavalyenin “La Chamade” filminin çəkiliş meydançasında Cek Qarofalonun çəkdiyi foto əsasında hazırlanıb. 

Katerin Dönöv Kann Film festivalında uzun müddət iştirak edib, xüsusilə də, 1994-cü ildə Klint İstvudun prezidenti olduğu münsiflər heyətinin vitse-prezidenti olub və 2005-ci ildə “Qızıl Palma” mükafatına layiq görülüb. Onu da qeyd edək ki, aktrisanın qızı Çiara Mastroianni Kann Festivalının aparıcısı olacaq.

Yeri gəlmişkən, bu il - oktyabrın 22-də ünlü aktrisanın 80 yaşı tamam olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.